Radikal qruplaşmalar niyə aktivləşir?
Radikal qruplaşmalar niyə aktivləşir?

Terror qruplaşmalarının zərərsizləşdirilməsi prosesi davam edir

Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində radikal dini qruplaşma ifşa edildi və planlaşdırdıqları terror aksiyalarının qarşısı alındı. Son on il ərzində Azərbaycanda aktivləşən bu qüvvələrin hələ ki, qarşısı zamanında alınır və ciddi terror aksiyalarından qurtula bilirik. Amma ortada başqa bir fakt var və bu fakt bundan ibarətdir ki, bu tip qruplaşmaların formalaşmasının qarşısını hələ ki, almaq mümkün deyil.
Bunun isə bir sıra ciddi səbəbləri var. İlk səbəb budur ki, belə zərərli fikirlər ölkəyə başqa ölkələrdən gətirilir və onları tamlıqla nəzarətdə saxlamaq mümkün deyil. Digər tərəfdən bu gün sosial şəbəkələrin çoxluğu, müasur texnologiyanın inkişafı bu tip qruplaşmaların inkişafına təsir edir. Yəni tərəfdaş toplamaq üçün artıq yüz kilometrlərlə yol qət edib nə Azərbaycana gəlməyə ehtiyac var, nə də bunları bir yerə toplayaraq mühazirələr keçirməyə ehtiyac yoxdur. İstənilən sosial şəbəkə vasitəsi ilə qrup yaradılır və "Skayp" kimi proqramlar vasitəsilə bağlantı yaradaraq toplantılarını keçirə bilirlər. Elə bunun nəticəsidir ki, terrordan ən yüksək səviyyədə sığortalandığını iddia edən Qərb ölkələrində belə radikal qruplaşmalar rahatlıqla yaradılır. Elə bir müddət öncə Fransada qanlı terror aksiyası buna misal ola bilər. Başqa ciddi bir məqam isə budur ki, hazırda mövcud olan radikal terror təşkilatları adətən şəbəkələr şəkilində fəaliyyət göstərirlər ki, bu şəbəkələrin də ixtiyarında ciddi maddi-texniki bazalar növcuddur. Bu gün bütün dünyanı ayağa qaldıran İŞİD terror təşkilatı gördüyünüz kimi yenə fəaliyyət göstərə bilir və İraqın, Suriyanın bir hissəsini nəzarətində saxlaya bilir. Bütün bunlar isə radikal dini qruplaşmalara qarşı savaş aparmağa çətinliklər yaradır. Azərbaycana gəldikdə isə eyni durum burda da təkrarlanır.Bu günə qədər sadəcə olaraq hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bu qüvvələr ciddi uğur qazana bilmirlər. "Ölkədə radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması üçün bütün istiqamətlərdə iş gedir və bu iş davam edəcək".Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Təhlükəsizlik Nazirliyinin ölkədə dini dövlət qurmaq niyyətində olan mütəşəkkil dəstənin zərərsizləşdirilməsi barədə yaydığı məlumata münasibət bildirərkən deyib.Komitə sədri bildirib ki, İslam ölkəsi olan Azərbaycanın İslami dəyərləri, milli adət-ənənələri var: "Tarixdən bizə əxz olunan, nəsildən nəslə ötürülən İslami dəyərlərimizi qorumalı, yaşatmalıyıq. Prezident İlham Əliyev də bu dəyərləri qorumaq üçün çox böyük işlər həyata keçirməkdədir. Dövlət qurumları da öz işini qanuna müvafiq şəkildə aparır.
Biz ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan vermirik və verməyəcəyik. Çünki bu, cəmiyyətin, söykəndiyimiz İslami dəyərlərin istəyidir. Radikal dini qrupların Azərbaycanda fəaliyyətinin aradan qaldırılması üçün son vaxtlar çox böyük işlər görülüb və bu işlər bu gün nəticə verməkdədir. Məhz buna görə Milli Təhlükəsizlik Nazirliyinin, ideoloji qurumlarımızın apardığı işlər çox mühüm nəticələr verir. Bu mübarizə bir an da olsun dayanmayacaq və biz bu fəaliyyətimizi ölkədə radikal qrupların fəaliyyəti tam aradan qalxana qədər davam etdirəcəyik". Bunu da qeyd edək ki, bir neçə aydan sonra Azərbaycanda Avropa Olimpiadası olacaq və çox böyük ehtimal ki, radikal qruplaşmalar nələrsə etməyə çalışacaqlar. Xatırlayırsınızsa bir neçə il öncə Azərbaycanda "Eurovision" yarışması keçiriləndə də radikal dini qruplaşmalar ölkə boyu terror aksiyaları keçirməyə cəhd etmişdilər. Amma həyata keçirilən əməliyyatlar nəticəsində onlarla şəxs həbs olundu və aydınlaşdı ki, bu qruplaşmalar tək Bakıda yox, həmçinin Gəncədə, Sumqayıtda, Şimal bölgəsində də fəaliyyət göstərirlərmiş. Sonda bunu da qeyd edək ki, bu tip radikal qruplaşmalar adətən Çeçenistandan Azərbaycana axın edirlər.Bunların içində isə ən aktivi "Meşə qardaşları" terror birləşməsidir. Düzdür bu təşkilata hüquq-mühafizə orqanları ağır zərbələr vurdular, amma tam olaraq təşkilatı ləğv etmək mümkün olmadı. Bununla yanaşı hazırda başqa ciddi preoblem bu gün İŞİD sıralarında vuruşan azərbaycanlıların hansısa yolla ölkəyə qayıtmaları ehtimalıdır. Çünki bu şəxslər dəfələrlə bəyanat verərək Azərbaycana qayıdaraq şəriət qanunlarını tətbiq edəcəklərini demişdilər.Görünür bu faktor nəzərə alınaraq həssaslıq daha da artırılacaq.
Mehdi Əli