Azərbaycanın hüquq sistemində insan azadlığı məvhumu
Azərbaycanın hüquq sistemində insan azadlığı məvhumu

Qaya Əliyev: "Yeni dövrün tələbləri əsasında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində, insan hüquq və azadlıqlarını nəzərə alaraq formalaşdırılması üçün zəruri hüquqi baza yaranıb"

Son illər Azərbaycanda insanların hüquq və azadlıqlarının qorunması üçün qanunvericilik bazasının formalaşdırılması, hüquqi mexanizmlərin daha da möhkəmləndirilməsi üçün müsbət addımlar atılıb.
Belə ki, ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının ölkədə və xaricdə təbliği, bu sahədə əldə edilmiş təcrübənin mübadiləsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin fəaliyyətinə, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi və genişləndirilməsi istiqamətində atılan addımlar göz önündədir. Ən müsbət məqamlardan biri də odur ki, qanunvericilikdə insan haqları, vətəndaşlara tanınan azadlıq hüququ yüksət səviyyədə təsbit olunub.
Onu da nəzərə çatdıraq ki, insan hüquq və azadlıqlarının pozulması riskinin daha çox olduğu cinayət-prosessual fəaliyyət zamanı cinayətkarlıqla mübarizənin effektivliyini təmin etmək, habelə insan hüquq və azadlıqları ilə bağlı dövlətin beynəlxalq öhdəliklərinin icrası üçün müvafiq hüquqi təminat mexanizmlərinin gələcəkdə qanunvericiliyə gətirilməsi cinayət-prosessual qanunvericiliyin üzərinə düşən vəzifələrdəndir. Məhz bu kimi vəzifələrin öhdəsindən gəlmək üçün cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsaslarının və bu mənblərin hüququn ümumi mənbələri ilə sistemli şəkildə tədqiq olunması zəruridir. Həmçinin cinayət-prosessual qanunvericiliyin sisteminə aid olan mənbələr arasında ziddiyyətlərin aradan qaldırılması üçün onun mənbələri mövzusunun tədqiqi əhəmiyyətlidir. 12 noyabr 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan sonra aparılan hüquq islahatları çərçivəsində əhəmiyyətli məsələlərdən biri də hüququn mənbəyi, qanunvericiliyin mənbəyi məsələsində sovet hüquq konsepsiyasının çatışmazlıqlarının aradan qaldırılması idi. Belə ki, sovet dövründə qanunvericiliyin mənbəyi kimi qəbul olunmayan bir çox yeni mənbələrin qüvvədə olan qanunvericiliyə görə hüququn mənbəyi qismində çıxışı təsbit olunmuşdur. Bu dəyişikliklər cinayət-prosessual hüquqdan da yan keçmədi, onun mənbələri sistemində ciddi dəyişikliklərə səbəb oldu. Milli cinayət-prosessual hüquq elmində bu mövzuda kompleks tədqiqat əsərinin olmaması monoqrafiyanın mövzusunun aktuallığını şərtləndirən amillərdən biridir.
"Unikal"a açıqlama verən hüquqşünas Qaya Əliyev Azərbaycanın cinayət-prosessual hüquq qanunvericiliyinin təkmilləşdirilməsi və insan hüquqlarının daha effektiv təmin olunması istiqamətində bir sıra təkliflər irəli sürür. Q.Əliyev öncə onu qeyd edib ki, dövlət müstəqilliyinin bərpası və yeni müstəqil dövlətçiliyin təşəkkülü və formalaşdırılması prosesi ilk növbədə milli hüquq sisteminin yaradılması problemini bütün kəskinliyi ilə qarşıya qoymuş olur. Onun sözlərinə görə, Azərbaycan Respublikası da dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni dövrün, yeni ictimai-iqtisadi münasibətlər sisteminin, yeni ictimai-iqtisadi formasiyanın paradiqmalarına adekvat olaraq hüquqi dövlət, müasir məhkəmə-hüquq sistemi, müxtəlif hüquq sahələri üzrə qanunvericilik bazası formalaşdırmağa başlayıb: "İstənilən müstəqil dövlətin hüquq sisteminin çox mühüm tərkib hissəsini cinayət-prosessual hüquq və buna müvafiq cinayət-prosessual qanunvericilik təşkil edir. Bu baxımdan bu istiqamətdə aparılan hüquqi islahatlar cinayət mühakimə icraatından da yan keçməyib. Ümumiyyətlə, hüquqi dövlət quruculuğu prosesi özündə məhkəmə-hüquq sisteminin yenidən təşəkkülü, o cümlədən cinayət ədalət mühakiməsinin həyata keçirilməsi və onun qanunvericilik təminatları sahəsində də fundamental islahatları ehtiva edir. Bu baxımdan, 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Cinayət - Prosessual Məcəlləsi dövlət və hüquq quruculuğu istiqamətində mühüm əhəmiyyət kəsb edir. Yeni cinayət prosessual qanunvericilik cinayətkarlığa qarşı effektiv mübarizənin və cinayət-prosessual fəaliyyətin hüquqi əsaslarının yeni dövrün tələbləri əsasında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində, insan və vətəndaş hüquq və azadlıqlarını nəzərə alaraq formalaşdırılması üçün zəruri hüquqi baza yaratmışdır. Cinayət-prosessual qanunvericilik dövlətin hüquq mühafizə funksiyasının realizəsi, Respublikada hüquqi qaydanın və siyasi stabilliyin möhkəmləndirilməsi sahəsində həlledici əhəmiyyət kəsb edən qanunvericilik sahəsidir. Bu baxımdan onun düzgün elmi-nəzəri dərki, bu sahədə elmi tədqiqatlar, akademik və peşəkar cinayət-prosessual hüquq düşüncəsinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Təbii ki, müvafiq qanunvericiliyin uğurlu tətbiqi onun düzgün elmi-nəzəri dərki istiqamətində aparılan elmi-tədqiqatlardan keçir".
Müsahibimiz hesab edir ki, müasir dövrdə ictimai münasibətlər əsasən qanunvericiliklə tənzimlənir. Onun sözlərinə görə, hər bir yeni qanunun qəbul edilməsi özlüyündə həmin sahədə proqressiv bir addım hesab oluna bilər: "Bu baxımdan 14 iyul 2000-ci il tarixdə qəbul edilmiş və 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, demək olar ki, cinayət mühakimə icraatı üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə dair yeni Konstitusiyamızın tələblərinin realizəsinin bariz nümunəsidir. Bu qanunvericiliyin düzgün və dəqiq realizəsi birinci növbədə həm hüquqi ideologiyanın, həm də hüquqi psixologiyanın, bir sözlə, vətəndaşlarda hüquqi şüurun, hüquq düşüncəsinin formalaşdırılmasını tələb edir. Bütün bunların təmin olunması cinayət-prosessual qanunvericiliyin mənbələrinin tədqiq olunması, onun elmi-nəzəri əsaslarının işlənib hazırlanması, bu sahədə qanunvericilik sisteminin şərh edilməsi və s. məsələlərin həllindən keçir. Nəzərə almalıyıq ki, müasir dövrdə insan və vətəndaş hüquq və azadlıqları haqqında, hüquqi dövlət və ədalət mühakiməsi barədə təlimlər hüquqi şüurda, təfəkkürdə hakim təsəvvürlərə çevrilir, ümumbəşəri dəyər kimi formalaşır. Məhz, bununla bağlı olaraq cinayət-prosessual qanunvericiliyi qabaqcıl dünyəvi prinsiplər əsasında yenidən qurmaq, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının etibarlı təminatına çevirmək vəzifəsi qabarıq şəkildə meydana çıxır. Bildiyimiz kimi, hüquq düşüncəsi ictimai həyatın hüquq hadisələrinə insanların münasibətini ifadə edən ideyaların, baxışların, görüşlərin, hisslərin, ənənələrin məcmusunu özündə əks etdirir.Eyni zamanda məlum məsələdir ki, hüquq düşüncəsinin tərkibi komponenti olan hüquq psixologiyası hüquqa, qanunçuluğa, cəmiyyətdə fəaliyyət göstərən hüquqi təsisatlar sisteminə müxtəlif sosial qrupların, peşə kollektivlərinin, ayrı-ayrı fərdlərin münasibəti ifadə olunan hisslərin, vərdişlərin, əhval-ruhiyyənin, ənənələrin məcmusudur".
Hüquqşünas cinayət təqibi zamanı insan hüquqlarının müdafiəsinin hüquqi təminatları istiqamətində təklif etdi ki, normativ xarakterli aktlar diqqətdən kənarda qalmamalı, yalnız normativ hüquqi aktların üzərində fokuslanmamalıdır: "AR CPM-in 2.4-cü maddəsində göstərilir ki, cinayət-prosessual fəaliyyət daxilində insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini və ədalət mühakiməsinin həyata keçirilməsində çəkişmə prinsipini pozan, əvvəlcədən sübutlara müəyyən hüquqi qüvvə verən normativ-hüquqi aktlar tətbiq edilə bilməz. AR CPM-in 10.3-cü maddəsində qeyd olunur ki, AR Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir AR Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, AR CPM-in 10.3-cü maddəsinə "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya qanununun 4.1-ci maddəsi kontekstində sistematik təfsir verdikdə aydın olur ki, cinayət-prosessual fəaliyyət daxilində təkcə normativ-hüquqi aktlar yox, eyni zamanda normativ xarakterli aktlar tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq təklif edirik ki, AR CPM-in 2.4-cü maddəsi aşağıda göstərilən redaktədə olarsa həm elmi-nəzəri, həm normaqrafik, həm də praktiki baxımdan daha məqsədəuyğun olar: "Cinayət-prosessual fəaliyyət daxilində insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini və ədalət mühakiməsinin həyata keçirilməsində çəkişmə prinsipini pozan, əvvəlcədən sübutlara müəyyən hüquqi qüvvə verən normativ-hüquqi aktlar və normativ xarakterli aktlar tətbiq edilə bilməz".
Sonda hüquqşünas Qaya Əliyev Azərbaycanın cinayət-prosessual hüquq qanunvericiliyinin təkmilləşdirilməsi və insan hüquqlarının daha effektiv təmin olunması istiqamətində bir sıra təkliflər irəli sürür: " AR Konstitusiyasının 96-cı maddəsində cinayət ədalət mühakiməsində ittiham tərəfini təmsil edən Respublika Prokurorluğunun qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) təsbit olunsa da, müdafiə tərəfini təmsil edən AR Vəkillər Kollegiyası üçün belə bir hüquq nəzərdə tutulmamışdır. Belə bir disbalans da cinayət ədalət mühakiməsi prosesinin tərəflərinə qanunvericilik və normayaratma prosesində öz prosessual maraqlarını bərabər əsaslarla ifadə etməyə paritet imkan yaratmır. Təbii ki, bu hal çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir. Təklif edərdik ki, AR Vəkillər Kollegiyası üçün də analoji hüquq nəzərdə tutulmalıdır. Bu cinayət ədalət mühakiməsi prosesində tərəflərin bərabərliyinin təmin olunması və cinayət təqibi zamanı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində böyük addım olardı".