Razi Nurallayev Əli Kərimliyə daha bir şok yaşadacaq
Razi Nurallayev Əli Kərimliyə daha bir şok yaşadacaq

Keçmiş AXCP funksioneri deyir ki, onun apardığı siyasət ziyan vurur, xalqla müxalifət arasında uçurumu daha da dərinləşdirir

Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verən Razi Nurullayev növbəti zərbələr endirməyə hazırlaşır. Keçmiş müavini Əli Kərimli haqda yeni şok faktlar açıqlamağı planlaşdırır.
"Unikal"ın məlumatına görə, R.Nurullayev AXCP sədri barədə silsilə yazılarla çıxış etməyi planlaşdırır. Bu barədə fikirlərini bizimlə bölüşən R.Nurullayev AXCP sədri haqda yazdığı məqalənin davamı üzərində işlədiyini vurğulayıb: "Bəzən məni günahlandırırlar ki, niyə susurdun, AXCP-də baş verənlər barədə danışmırdın? Əslində, susmurdum və partiya içərisində müəyyən işlər aparırdım. Təbii ki, bu işlərimdən narazı qalan Əli Kərimli məni müavinlikdən uzaqlaşdırdı, mənə qarşı təzyiq mexanizmini qurdu və mən partiyadan getməli oldum. Partiyada klassik siyasət məkanı olmadığı üçün münasibətlər mənəvi bağlılıq, dostluq üzərində qurulub. Cəbhədə müəyyən insanlar arasında mentallıq, "ayıbdır, sədrdir, deməyək, bir az da dözək" tipli yanaşmalar var. Abrıma bükülərək bir çox məsələləri mediaya danışmırdım. Düşünürdüm ki, məsələlər partiya daxilində həll oluna bilər. Əgər o mənəvi bağlılıq bir tərəfdən pozulursa, digər tərəf buna reaksiya verməlidir. Mənim halım belə oldu".
Məlumdur ki, bu prosesdə həmişəki kimi ilk xəyanəti Əli Kərimli özü elədi. Amma bu dəfə layiqli cavabını aldı. R.Rurullayev deyir ki, birinci addımı AXCP sədri atıb. Onun sözlərinə görə, Əli Kərimliyə cavabı bu günə kimi dedikləri ilə bitmir: "Əli Kərimli ayağımı çox bərk tapdaladı, əzdi, bağlılığı birinci özü pozdu, aramızdakı mənəvi bağlılığı məhv etdi, mənə də danışmaq üçün əsas yaratdı. Ona görə də Əli Kərimlini tənqid etməyim təbii qarşılanmalıdır. Çünki Əli Kərimli bu gün haqqımda özü danışmasa da, göstərişlər və təlimatlar onun qələmindən çıxır. Hətta Facebook-da yazıb insanlara göndərir ki, statusu paylaşın. Birinci oyun qaydalarını özü pozduğuna görə məni günahlandıra bilməz. Mən neçə il içində yığılan məsələləri deməli idim. Bu, mənim məsuliyyətim idi. Çünki kənarda dayanıb susqunluq göstərmək, qəbul etmədiyim məsələlərin iştirakçısı olmaq təhlükəsi yaranacaqdı. Məni də hər kəs buna görə günahlandıra bilərdi. Mübarizəm ümumi müxalifətdə yaranan vəziyyət və bu vəziyyətin xalqın xeyrinə olmamasıdır". R.Nurullayev Ə.Kərimli ilə şəxsi konteksdə heç bir problemi olmadığını qeyd edib: "Problemim Əli Kərimlinin apardığı yarıtmaz siyasətlə bağlıdır. Buna qarşı öz sözümü deyirəm, deyəcəyəm də. Bununla bağlı silsilə yazılarla çıxış edəcəyəm. Hesab edirəm ki, Azərbaycanda normal müxalifət qurmaq olar. Eyni zamanda müxalifətin xalq tərəfindən qəbul olunma əmsalını və reytinqini də qaldırmaq mümkündür. Amma bütün bunlara Əli Kərimlinin apardığı siyasət ziyan vurur, xalqla müxalifət arasında uçurumu daha da dərinləşdirir".
R.Nurullayev onu da bildirib ki, növbəti zərbəsi daha ağır olacaq. Onun sözlərinə görə, budəfəki yazı elə olacaq ki, Əli Kərimli yatanda yuxusunda da görür. "Heç kəs həmin məsələləri dilinə gətirə bilmir. Çünki onlara sərf etmir. Bütün biliyimi, gücümü, imkanlarımı səfərbər edib müxalifətə və onun gələcəyinə həsr olunan yazı ortaya qoyacağam. Həmçinin yazımda gələcək fəaliyyətimin konturlarını da cəmiyyətə açıqlamış olacağam", - deyə keçmiş AXCP yetkilisi fikrini tamamlayıb.
Qərib Gərayzadə