"Türkiyə və Rusiya arasında münasibətlərin əvvəlki səviyyəyə qaytarılması ilə bağlı Rusiya prezidenti ilə razılığa gəldik.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib. O, iki ölkə arasında çox faydalı və məhsuldar bir danışıq olduğunu təsdiqləyib. Ərdoğan rus həmkarı ilə görüşün yerini də açıqlayıb. Türkiyə prezidenti Putinlə sentyabr ayında Çində G20 sammiti zamanı görüşmək haqqında qərar verdiklərini deyib: "Hörmətli Putin ilə danışıq öncədən qərarlaşdırılmışdı. Gündəmimiz başqa idi. Münasibətlərin düzəlməsi ilə bağlı müzakirələr apardıq. İlk olaraq turizm sahəsində addım atmağa qərar verdik. O, özü də hökumətə bu barədə təlimat verib".

Türk lider İsrail ilə "Mavi Mərmərə" anlaşmasına da toxunub. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin nizamlanması yönündə önəmli addımlar atılıb: "Yalnız bir açıqlama verməliyəm - Türkiyə olaraq biz hansı addımı atmışıqsa, hər zaman millətlərin qarşılıqlı maraqlarına uyğunluğunu düşünmüşük. Heç bir zaman təktərəfli düşünməmişik. Yəni Türkiyə də, Rusiya da, İsrail də qazanmalıdır. Bu sahədə həssasiyyətimiz bundan sonra da davam edəcək".

O qeyd edib ki, İsraillə münasibətlərin normallaşması üçün ABŞ prezidenti Barak Obama səy göstərib.

Ərdoğan Türkiyənin 3 əsas tələbi olduğunu deyib. Prezident İstanbulda baş verən terror aktından da danışıb. O deyib ki, Türkiyə əsla bölünməyəcək: "Öz aləmində bunun xəyalını quranlar var. Boş-boşuna gəzirlər. Terrorun, terror qruplaşmalarının öhdəsindən gələ biləcəyimizə dair ən kiçik bir şübhəm də yoxdur". (Anspress)