Hazırda Azərbaycanda 570 min nəfər əlil var. Rəsmi statistikaya əsasən əlillər ölkə əhalisinin 5,96%-ini təşkil edir. Bunlardan da 67 min nəfəri 18 yaşadək olan uşaqlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, əlillərin sadəcə 5 faizi işləyir.

Unikal.org bildirir ki, "Report"un apardığı araşdırmaya əsasən, Azərbaycanda əlilliyi olan insanların işə qəbulunda ciddi problemlər yaşanır və əlliliyi olan insanların çox nadir hallarda işə götürüldüyü məlum olub.

Qanunvericilik nə tələb edir?

"Məşğulluq haqqında" qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi iş yerləri müəyyən edilməlidir.

Müvafiq icra hakimiyyəti orqanının göndərdiyi əlilləri, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunan iş yerlərinə qəbul etməyənlər cərimə olunurlar. Bu cərimənin məbləği 1500 manatdan 2000 manatadəkdir.

"Əlilliyi olan şəxsləri işə götürməyənlər inzibati məsuliyyətə cəlb olunur, cərimələr tətbiq edilir"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd edib ki,əlilliyi olan şəxslər "Məşğulluq haqqında qanuna əsasən sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aiddir: "Qaydaya əsasən, kvota müəssisələrdəki işçilərin orta sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir. 
İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulur. İşçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla) müəyyənləşdirilir. Eləcə də işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla) əlillərə iş yeri ayrılır. Bu kvota işçilərin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələrə, hərbi qurumlar, hüquq-mühafizə, milli təhlükəsizlik və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələrinə, penitensiar (cəzaçəkmə və islah-əmək) müəssisələrinə və istintaq təcridxanalarına şamil olunmur".

Onun sözlərinə görə, Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən göndərilən əlilliyi olan şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunan iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar barədə qanunvericilikdə nəzərdə tutulan müddətdə müvafiq forma üzrə aylıq hesabatı məşğulluq mərkəzlərinə təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunur, onlara qanunvericilikdə nəzərdə tutulan məbləğlərdə cərimələr kəsilir: "Eyni zamanda, rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən hər il hazırlanaraq təsdiq edilən ərazi məşğulluq proqramlarında müvafiq ərazi üzrə fəaliyyət göstərən müəssisələrdəki kvota üzrə ayrılan iş yerləri də əksini tapır. Sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların, o cümlədən əlilliyi olan şəxslərin həmin kvota yerlərində işlə təmin edilməsinə il ərzində nəzarət olunur".

"Mənə "bizə 25 yaşına qədər qız lazımdır" dedilər"

Respublika Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova "Report"a deyib ki, əlilliyi olan insanlar savadı, diplomu olub-olmamasından asılı olmayaraq işə düzəlmək istəyəndə problemlə üzləşirlər: "Əlilliyi olanlar ən sadə yazı işlərinə də qəbul ola bilmirlər. Mənim təhsilim var. Bacara biləcəyim bir iş üçün müraciət etdiyimdə götürmədilər. Mənə "bizə 25 yaşına qədər qız lazımdır" dedilər".

N.Yusifova qeyd edib ki, qanuna görə, ölkədə fəaliyyət göstərən hər bir təşkilat, idarə kvotaya uyğun olaraq əlil və iş qabiliyyəti olan veteranları işə götürməlidir: "Amma heç veteranları da götürmürlər. İstisna hallarda tanışlıqla işə girənlər olur. Bəzi tanıdığım insanlar var, onlar işə qəbul olmaq istəyəndə sənədlərinin arasına əlilliklə bağlı məlumatların qoyulmasını istəmirlər. Buna səbəb əlil insanların işə götürməməsidir. Hansısa bir qurumda tanış adamı olduğu üçün əlilliyini gizlədib işləyənlər olur. Əlil insanı işə götürmək istəmirlər".

Onun sözlərinə görə, əlillər və veteranlar Respublika Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə iş problemi ilə bağlı müraciət edirlər: "Biz də onların problemlərini dövlət orqanlarının nəzərinə çatdırırıq. Binəqədi Məşğulluq İdarəsinə müraciət etmişdik. Adicə qaynaqçı peşəsinə də işə götürmürlər".

Azərbaycanda gözdən əlil insanların sadəcə 2 faizi işləyir

Azərbaycan Gözdən Əlillər Cəmiyyətindən "Report"a bildirilib ki, ölkədə 40 mindən yuxarı gözdən əlil insan olsa da, onların sadəcə 2 faizi işləyir: "Gözdən əlillər üçün təşkil olunan rabitə, masaj kurslarını bitirən 15 nəfərdən biri və ya iki nəfəri işlə təmin olunur. Onlar da müvafiq qurumlarda tanışı olanlardır".

Cəmiyyətdən verilən məlumata görə, kursu bitirən insanlar xeyli bilik, bacarığa yiyələnirlər və müxtəlif sahələrdə işləyə bilərlər. Həmin gözdən əlillərin telefonlara cavab verməsi və ya poçtda işləməsi mümkündür: "Məşğulluq İdarəsi tərəfindən kurslar təşkil olunanda yaş məhdudiyyəti qoyulur. Belə ki, 45 yaşdan yuxarı insanlara kurslarda iştirak etməyə icazə verilmir. Başqa bir problem SSRİ vaxtında müəyyən kursları bitirib diplom alan insanlarla bağlıdır. Onların diplomu indi tanınmadığı üçün işlə təmin olunmalarında problem yaranır. SSRİ dövründə masaj kurslarında oxuyanlar iki il yarım təhsil alıblar. Hazırda isə kurslar bir neçə aylıq olur. İki il yarım təhsil alan mütəxəssislər işlərində daha peşəkar olduqları halda onların diplomu qəbul olunmur".

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti əlillərin işlə təminatında Rusiya təcrübəsindən istifadə olunmasını təklif edir: "Rusiyada xüsusi olaraq əlillərin çalışdığı sexlər var. Həmin sexlərin məhsullarını alan təşkilatlar var. Müqavilə bağlayırlar və həmin təşkilat özünə lazım olan məhsulu əlil insanların çalışdığı müəssisələrdən alır. Bu yolla əlillərin məşğulluq problemi həllini tapır".
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında belə əlilliyi olan insanların hərəkəti üçün şərait yoxdur"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov "Report"a açıqlamasında deyib ki, Azərbaycanın rəqabətli əmək bazarında əlilliyi olan şəxslərin hamı ilə bərabər işləməsi üçün şərait yoxdur: "Əlillər üçün müasir infrastruktur nəzərdə tutulmayıb, pantuslar yoxdur. Heç bir müəssisədə əlilliyi olan şəxsin binanın daxilində hərəkət etməsi üçün şərait yoxdur. Hətta iş olsa belə, onlar gedib işləyə bilməzlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında belə əlilliyi olan insanların hərəkəti üçün şərait yoxdur".

S.Məmmədov hesab edir ki, şəhər infrastrukturu əlilliyi olan şəxslər üçün nəzərdə tutulmayıb: "Ona görə də əlilliyi olan şəxslərin iş tapması çox çətindir. Ölkədə yarım milyondan çox əlilliyi olan şəxs var. Onların cəmi 10-15 faiz iş tapa bilir".

Təşkilat rəhbəri vurğulayıb ki, əlilliyi olan şəxslər üçün qanunvericilkdə imtiyazlar nəzərdə tutulub: "Sağlam insanlara 21 gün, əlillərə 41 gün məzuniyyət verilir. Bu da işəgötürənlərə sərf etmir. Xarici dövlətlərdə bu məsələni işəgötürənlər deyil, müvafiq orqanlar, fondlar həll edir. Onlara verilən əlavə vəsaitin xərci həmin fond hesabına ödənilir. Ona görə də bizdə işəgötürənlər əlilliyi olan şəxsləri işə götürməyi sevmirlər. Sadəcə "iş yoxdur" deyib özlərindən uzaqlaşdırırlar".