"Türkiyədə müxalifət mətbuatı belə son olaylarda dövlətin maraqlarını müdafiə etdiyi halda telekanal Fətullah Güləni müdafiə edən addım atması arzuolunmazdır".

Unikal.org xəbər verir ki, bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov müsahibəsində bildirib. 

- Rufiz müəllim, Prezidentin Konstitusiyaya dəyişiklik edilməsilə bağlı Sərəncamını necə qiymətləndirirsiz?

Öncə onu qeyd edim ki, Prezident İlham Əliyevin Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsi haqqında Sərəncamı zamanın tələbinə uyğundur. Dünyanın demokratiya ənənəsi olan istənilən ölkəsində vaxtaşırı Konstitusiya islahatları həyata keçirilir. 20 ildən artıqdır ki, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Zaman keçdikcə, yeni siyasi stiuasiya yetişdikcə Konstitusiyaya dəyişiklik zərurəti meydana gəlir. Bu gün Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, eyni zamanda vitse-prezidentlik institutunun yaradılması zamanın tələbidir. Səlahiyyət müddətinin 7 il olması prezidentə öz proqramını sona qədər həyata keçməyə imkan verir. Azərbaycanda prezidentli respublika quruluşu olduğu üçün ölkə başçısına geniş səlahiyyətlər verilməlidir. Bu dəyişikliklərin ən böyük müsbət təsiri, şübhəsiz ki, Azərbaycan xalqına, dövlətinə olacaq. Azərbaycanın özünü təsdiq etmiş lideri, cəmiyyətin etimadını doğrultmuş siyasi xadimi var və bu, Prezident İlham Əliyevdir. O, Azərbaycanda alternativsiz siyasi liderdir. Bu mənada hesab edirəm ki, prezidentlik müddətinin artırılması bütün parametrlər üzrə vacibdir.

Bundan başqa parlamentə seçilmə yaşının 25-dən 18-ə, o cümlədən prezidentliyə namizədlik yaşının 35-dən 30-a endirilməsi və digər struktur dəyişikliklər ciddi şəkildə araşdırma, təhlillər aparıldıqdan sonra ortaya çıxıb. Burada ən ciddi məqamlardan biri də köklü struktur islahatlarının aparılmasının nəzərdə tutulmasıdır. Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması demokratiya yolunda atılmış mühün addımdır. Dünyanın aparıcı dövlətlərində bu sistem mövcuddur.

Yeri gəlmişkən BMAM olaraq biz Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə ölkədəki genişmiqyaslı iqtisadi-siyasi islahatların vacibliyi və cəmiyyətin buna münasibətini öyrənmək məqsədilə konfranslar keçiririk. Artıq Bakı və Gəncə şəhərlərində konfranslar keçirərək Prezident tərəfindən həyata keçirilən islahatları müzakirə etmişik. Müzakirələr zamanı ölkədə konstitusion islahatların aparılmasının vacibliyi də xüsusi vurğulanıb. Yaxın günlərdə digər şəhərlərdə də ölkədəki islahatları geniş ictimai müzakitəyə çıxaracağıq. Prezidentin məlum sərəncamı bizim tədbirlər-planımızda qeyd olunan məqamların nə qədər vacib və yerində olduğunu göstərdi. Azərbaycanda prezident səlahiyyətlərinin genişləndirilməsini, ümumiyyətlə, konstitusion islahatların aparılması istıməyənlər ölkədəki radikal qüvvələr, bəzi xarici dairələr, o cümlədən Ermənistan ola bilər.

- Azərbaycanda Konstitusiyaya dəyişiklik edilməsinin Ermənistan üçün arzuolunmazlığını nə ilə izah etmək olar?

- Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal etdiyi üçün dövlətimizin daim təzyiqi altındadır. Diplomatik, iqtisadi və hərbi təzyiqlər nəticəsində Ermənistan bütün regional layihələrdən kənarda qalıb, vassal ölkəyə çevrilib. Ermənistanın bu vəziyyətə düşməsi, daim təzyiq altında olması Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Bəlkə də, Azərbaycanda başqa bir şəxs hakimiyyətdə olsaydı indi Dağlıq Qarabağ çoxdan müstəqil dövlət olmuşdu, Ermənistanla sərhədlər açılmışdı və işğalçı ölkə bütün regional layihələrə qoşularaq iqtisadiyyatını gücləndirmişdi. Amma cənab İlham Əliyev bunlara imkan vermədi və bundan sonra da imkan verməyəcək. Bu ilin aprel ayında dörd günlük hərbi əməliyyatlar zamanı Azərbaycan Ermənistana tutarlı cavab verdi, işğal olunmuş ərazilərin bir hissəsi azad edildi. Ermənistan hakimiyyəti bilir ki, nə qədər ki, Azərbaycanın prezidenti Cənab İlham Əliyevdir, onlara rahatlıq olmayacaq, işğal etdikləri torpaqlar ermənilərdən təmizlənəcək. Bu mənada Sarkisyan rejimi Azərbaycanda zəif, qeyri-ciddi, müstəqil siyasət yürüdə bilməyən və xaricdən idarə olunan iqtidarın olmasında maraqlıdır.

Həmçinin Konstitusiyaya dəyişiklik edilməsinin əhəmiyyətini hələ də anlamayan kəsim dünyada və regionda, o cümlədən qardaş Türkiyə Cümhuriyyətində baş verən prosesləri nəzərə almalı, dərindən öyrənməlidirlər.

- Yeri gəlmişkən, iyulun 15-də Türkiyədə xoşagəlməz hadisə baş verdi. Bir qrup hərbçi dövlət çevrilişinə cəhd etdi. Türkiyədə baş verən prosesləri necə qiymətləndirirsiz?

- Əvvəla onu bildirim ki, Türkiyədə baş verən qiyam cəhdilə bağlı Azərbaycan Prezidentinin, xalqımızın mövqeyi birmənalıdır. Azərbaycan bu məsələdə Türkiyə dövlətinin, xalqının yanında oldu.

Mən Türkiyədə baş verənləri təkcə dövlət çevrilişinə cəhd kimi qiymətləndirmirəm. İyulun 15-də Türkiyə dövləti işğal olunacaq, xarici dairələr tərəfindən idarə olunacaqdı. Çünki dövlət çevrilişi etmək istəyənlər kənardan idarə olunurdular, xarici qüvvələr Türkiyədəki adamlarının vasitəsilə ölkəni ələ alacaqdılar. Niyə? Çünki Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğan müstəqil xarici siyasət yürüdür, ölkəni inkişaf etdirərək dünyanın qabaqcıl dövləti edib. Bu, bəzi Qərb dairələrini narahat etdiyindən Türkiyədə dövlət çevrilişinə cəhd edildi. Amma Türkiyə xalqı qiyamçıları yerində otuzdurdu, xarici qüvvələrin iyrənc planlarının həyata keçməsinə imkan vermədi. Türkiyənin bütün şəhərlərinin, xüsusilə Ankara və İstanbulun küçə və meydanlarına axışan xalq dövlətin müdafiəsinə qalxdı. Türk xalqı, tarixdə dəfələrlə olduğu kimi, yenidən bənzərsiz bir fədəkarlıq göstərərək öz dövlətçiliyini və türk xalqının demokratiya haqqını qorudu. Baş verənlər türk milli iradəsinin sarsılmazlığını göstərdi. Türkiyə bu ağır sınaqdan üzüağ çıxdı.

Rəcəb Tayyib Ərdoğan və xalq Türkiyəni dağılmaqdan xilas etdilər. Ərdoğan və xalq imkan vermədi ki, Şərqdə daha bir dövlət Suriyanın, İraqın gününə düşsün. Türkiyə Böyük Millət Məclisinin binasını bombardman edən qiyamçıların hakimiyyətə gələcəkləri təqdirdə daha nələrə əl atacaqlarını təsəvvür etmək çətin deyil. Xalqın qanı üzərindən hakimiyyətə gələn qüvvələrin demokratik dövlət qura biləcəklərinə inanmaq mümkün deyil. 15 iyulda Ərdoğan Atatürkün qurduğu Türkiyəsini böyük bir fəlakətdən, faciədən xilas etdi.

Baş verənlərin təhlili göstərir ki, Rəcəb Tayyib Ərdoğan kimi Azərbaycan Prezidenti də müstəqil xarici siyasət yürüdüb, ölkədə dinamik inkişafa nail olduqları üçün bəzi dairələr buna qısqanırlar. Xarici qüvvələr Türkiyədə olduğu kimi Azərbaycanda da sabitliyi pozmaqda, inkişafın qarşısını almaqda maraqlıdırlar. Bu planı pozmaq üçün Türkiyə və Azərbaycanda konstitusion islahatlar aparılmalı, prezidentlik üsul-idarəsi gücləndirilməlidir.

- Milli Teleradio Şurasının ANS telekanalının fəaliyyətinin dayandırılması ilə bağlı qərarını necə qiymətləndirirsiz?

- Mən çox təəssüf edirəm ki, Azərbaycanda bəzi media qurumları jurnalistikanın prinsiplərini pozaraq gərgin anlarda qardaş Türkiyənin yanında durmaq əvəzinə bu ölkədə sabitliyi pozmaqda maraqlı olanlara efir veriblər. Adını çəkdiyiniz telekanala Azərbaycan dövləti hər zaman dəstək olub, hər cür köməklik edib. Hətta bəzi hallarda çoxsaylı qanun pozuntularına göz yumulub. Təəssüf ki, telekanal bu dəstəkləri, imtiyazları görməzlikdən gəldi və dövlətin maraqlarına zidd fəaliyyətə yol verdi. Türkiyədə müxalifət mətbuatı belə son olaylarda dövlətin maraqlarını müdafiə etdiyi halda telekanal Fətullah Güləni müdafiə edən addım atması arzuolunmazdır. Televiziya strateji sahədir və orada işləyənlər son dərəcə məsuliyyətli olmalıdırlar. Qeyd olunan telekanalın son fəaliyyəti "bir millət iki dövlət ideyasına zidd idi. Əgər qardaş Türkiyə dövləti Azərbaycanda hansısa telekanalın fəaliyyətindən ciddi narahatlıq keçirisə rəsmi Bakı müvafiq addımlar atmalı idi. Telekanalın rəhbərliyi Gülən terror şəbəkəsinin törətdiyi cinayətləri qulaqardına vuraraq həm Türkiyə, həm də Azərbaycan dövlətinin maraqlarına zidd fəaliyyət göstərməsi sonda bu kanalın cəzalandırılmasına gətirib çıxardı. Telekanal ona verilən azadlıqdan sui-istifadə etməməlidir. Milli Teleradio Şurası çox doğru qərar verdi. Bu qərar üzərində manipulyasiya etmək, bunu fərqli istiqamətlərə yozmaq doğru deyil.