Şirvanda partlayış mərmi saxlanc anbarında baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hazırda ərazidə ara-sıra partlayış səsləri eşidilir. Lakin intensiv partlayışlar artıq yoxdur. Partlayış baş verən ərazidə tüstülənmə var. Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib.

Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilir. Hadisə nəticəsində ölənlərin olması ilə bağlı məlumatı hələlik heç bir rəsmi mənbə təsdiqləmir.

Xəstəxanadan verilən son məlumatda 12 nəfərin bura yerləşdirildiyi bildirilir.

Müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, baş prokurorun birinci müavini Rüstəm Usubov hadisə yerindədir. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun hazırda məzuniyyətdə olduğu bildirilir.

Əməkdaşımız qeyd edib ki, hadisə baş verən ərazi yaşayış evlərindən aralıda yerləşir. Buna görə yaşayış evlərində heç bir evakuasiya həyata keçirlməyib. Lakin əraziyə toplaşmaq istəyən mülki əhali və jurnalistlər təhlükəsizliklə bağlı ərazidən uzaqlaşdırılıblar.

Mərmi qəlpələrinin düşdüyü 2-3 kilometrlik radiusda lokal yanğınlar meydana gəlib. Hazırda yanğınların söndürülməsi istiqamətində işlər görülür.