Qüslü iki qaydada almaq olar.

Unikal.org islam.az-a istinadən bildirir ki, birinci qayda tərtibi qüsldur. Bu zaman qüsl müəyyən ardıcılıqla alınır, yəni əvvəlcə baş və boyun, sonra bədənin sağ yarısı, daha sonra sol yarısı yuyulur. İkinci qüsl qaydası irtimasi qüsl adlanır. İrtimasi qüslü dənizdə, çayda, hovuzda almaq olar. İrtimasi qüsl bu şəkildə alınır. Əvvəlcə niyyət etmək lazımdır. Niyyətdən sonra insan suyun içində elə durmalıdır ki, su onun bütün bədənini bir anlıq tam əhatə etsin. Yəni su ilə bədən üzvləri arasında bir anlıq heç bir maneə qalmasın. Bunun üçün ya paltarları tam soyunmaq, ya da suyun bədənlə tam təmas edəcəyi şəkildə paltarları bədəndən aralamaq lazımdır. Bu zaman hətta ayaqları suyun dibindən yuxarı qaldırmaq, qolları bədəndən kənarda tutmaq, ayaqları aralamaq gərəkdir. Su bir anlıq bütün bədən üzvlərini əhatə edərsə, irtimasi qüsl həyata keçmiş olur.