"Uca səslə “Ramiz müəllim, sizə bir sualım var” dedim" - Elbrus Ərud

09 Sentyabr 2016 [16:41]


Elbrus Ərud: "Vüsalə Mahirqızının əlindən qaçıb Həccə getmişdim”


"Jurnalistikadan getmək istəyirəm"


"Qafqazinfo”nun baş direktoru Elbrus Ərud Modern.az saytına müsahibə verib.

Unikal.org Onunla söhbəti təqdim edir.

- Necəsiniz, işləriniz yaxşıdırmı?

- İşimiz normaldır. Heç nədən ciddi narazılığım yoxdur. Demək olar ki, inkişaf dövründəyik.

-Amma səhv etmirəmsə, maliyyə böhranı az da olsa sizə təsir edib.

-Maliyyə böhranı Azərbaycanda, dünyada varsa, o istənilən bir fərdə, təşkilata, şirkətə təsirsiz ötüşməyə bilməz. O cümlədən də bizə. Ancaq təsəlliverici bir məqam odur ki, elnən gələn bəla toy-bayramdır. Buna görə düşünürəm ki, vəziyyəti o qədər də dəhşətli, faciəvi təsvir etmək lazım deyil.

-Dəhşətli deyil, amma bu toy elədir ki, heç kim oynaya da bilmir…

-İstənilən prosesdə hərə öz oyununu oynayır… Ancaq bu "toy”da oynamaq işinə də, digər məsələlərə də əsas musiqini sifariş verənlər baxır. Bu durumdan daha çox dövlətin necə çıxacağı maraqlıdır, nəinki, bizim kimi kiçik təşkilatların… Yəni sənin işlədiyin yerdən də strateji qurumlar var. Fikirləşirsən ki, dövlətin vəziyyəti yaxşı olsun. Bu elə bir qlobal proses və çətinlikdir ki, burada "Qafqazinfo”nun vəziyyəti heç kimi maraqlandırmır.

-Otağınızın dizaynı mənə maraqlı gəldi. Mən gözləyirdim ki, stolunuzun üstündə ən son model kompüter olacaq, otaq dəbdəbə ilə göz oxşayacaq. Ancaq çox sadədir.

- Siz hələ daha təmtəraqlı, dəbdəbəli vəziyyətini görürsünüz. Mənim otağım adətən çox sadə olur. Mən otağımda çox az otururam. Özünüz də gələndə gördünüz ki, redaktorların yanında idim. Otaqda oturmağı bacarmıram. Otaq, kabinet adamı deyiləm. Günümü jurnalistlərin yanında keçirirəm. Burada isə sizin kimi qonaqları qarşılayıram. Dəbdəbə lazım deyil. Mənə lazım olan kompüterdir, o da var. Kompüterim indi o biri otaqdadır.

-Kompüter xəbər istehsalında əsas rol oynayan texniki qurğudur. "Sizin sayt xəbər istehsalında geridədir” demirəm. Bəs sizcə, lazımi yerə çata bilibmi?

-Mən şablon danışmağı sevən adam deyiləm. Ona görə az danışıram ki, həmişə özünəməxsusluğu qoruya bilim. Reallıq hissini heç vaxt itirmirəm. Bu bəlkə də, adama kömək edən əsas məsələlərdən biridir. Bu mənada indi mən özümüzü hamıdan öndə olan bir baş redaktor kimi xarakterizə etmək istəmirəm. Situasiya budur ki, hazırda Azərbaycan mətbuatının öncüllərindən biri də "Qafqazinfo”dur. Bu, əlbəttə ki, məni sevindirir. Ancaq bu, bizim işin kulminasiyası deyil. "Qafqazinfo”nu mediadan ayırıb ayrıca təhlil etmək də düzgün deyil. Bu gün Azərbaycan mətbuatının səviyyəsi hansı vəziyyətdədirsə, bizim də durumumuz onun önündə o vəziyyətdədir. Yəni, nisbi yaxşı ola bilər. "Qafqazinfo”nu qiymətləndirmək üçün öncə mətbuatı fundamental təhlil etmək lazımdır.

- Bəs mətbuatda həsəd apardığınız, yaxşı mənada paxıllıq etdiyiniz varmı? Bu sualımın davamını gətirəcəm, ona görə belə giriş etdim.

-Mətbuatda heç kimə həsəd aparmıram və paxıllığını çəkmirəm. Azərbaycan mətbuatında heç kəsi də əlçatmaz hesab etmirəm. Mən hansısa xəbəri başqası yazdığına görə o adama həsəd apara bilərəm, ancaq bu gün ölkədə həsəd aparılacaq nəinki jurnalist, təşkilat, ümumiyyətlə, insan tapmaq çətindir. Hərənin bir çatışmazlığı var. Azərbaycan mətbuatı bu gün bir toyuğun altına qoyulan və bir xoruzdan mayalanan yumurtalar kimidir. Çıxan cücələr aşağı-yuxarı bir birinə bənzəyir… Bu bənzərlik saytlarda daha çox hiss olunur. Dünyada isə öz stilinə, yanaşma tərzinə görə seçilən media orqanları var. Və mənim də bənzəmək istədiyim, sevdiyim belə xəbər kanalları mövcuddur.

-Sözümü nəyə gətirirdim?! Açığı sizdən əvvəl jurnalistikada olanlar var idi. Siz onların yanında bəlkə də gənc kadrsınız. Amma onların bəziləri uğur pilləkənlərində büdrədilər və yıxıldılar. Bu mənada düşünmək olarmı ki, sizin paxıllığınızı çəkənlər var?

-Adətən mən ötüb keçdiklərimlə maraqlanmıram. Qoy arxada qalan maraqlansın. Mən qabaqda olanları necə keçməyi düşünməliyəm. Bir adam iş görübsə və ortada az və ya çox uğur varsa, onun paxıllığını çəkəcəklər. Bu, normal bir şeydir. Hətta ailədə belə, uğulu bacının və ya qardaşın paxıllığı çəkilib. Ona görə belə məsələləri təbii qarşılayaq.

-Bəzi jurnalistlər var ki, nə düz-əməlli bir uğura imza atıblar, nə də idarə etdikləri saytlar öncüllərdəndir. Amma durub bütün mediaya ağıl öyrədirlər, məsləhətlər verirlər.

-Aqşin, gəl nə "reketlər”dən, nə məsləhətbazlardan, nə də hərşeyşünaslardan danışaq. Bunu niyə təklif edirəm? Çünki daha maraqlı məsələlər var. Mən dediyim kimi, aşağıda olanlarla maraqlanmıram. Kimlər ki, öz fikirlərində dayazdır, kimlər ki, öz fikirləri ilə şablondur, kimlər ki, mənasız işlərlə məşğuldur, onlara fikir verməyək.
Sizə o qədər misal çəkərəm ki... Tutaq ki, elə saytlar var ki, 1 nəfər işçisi var. Heç ofisləri də yoxdur. Evdə otururlar, saytın xəbər lentini doldurmağa başlayırlar. Azərbaycanda saytların əksəriyyəti o gündədir.
Deyək ki, elə xəbər var ki, Modern.az, ya da "Qafqazinfo” həmin yazını götürüb öz səhifəsində yerləşdirir. Bir anda sanki həmin sayt məşhurlaşır. Sonra zəng edib həmin saytın rəhbərinə bir söz deyəndə, adama cavab verir ki, "Qafqazinfo” haçandan sayt olub?! Bu həmişə olub və bundan sonra da belə tendensiya davam edəcək. Və ya bu gün xəbər portalları yaratmağın su içimi kimi asan bir iş olduğu dövrdə biri beş-altı domen alır, sayt açır, hətta xarici dillərdə versiyasını yaradır, sonra özünü holdinq elan edir. Kimlərinsə pulunu-parasını göyə sovurub inandırmağa çalışırlar ki, iş görürlər. Adama sual verərlər ki, sən atdığın ilk addımı belə, oğurluq etmisən.
Öz düşüncənin məshulu olan domeni belə, fikirləşib ortaya qoya bilmirsən, Rusiya, Türkiyə saytlarının, verilişlərinin, kanallarının adlarını kopiya eləyib Azərbaycan versiyası yaradırsan, Sonra da uğurdan danışırsan. Sən axı Azərbaycan dilində xəbər verə bilmirsən, kimdir səni tutaq ki, rusca, ingiliscə oxuyan? Açıq demək istəyirəm ki, bu gün başqa dillərdə, o cümlədən Azərbaycan dilində fəaliyyət göstərən, pulla yaradılan, heç bir oxucu kütləsi olmayan saytlar, agentliklər, zir-zibildən başqa bir şey deyil. Belələri əslində başını qatması, artıq-əskik hərəkətlər etməməsi, hər gün mövqeyini dəyişməməsi üçün qabaqlarına atılan sümüyü gəmirir və düşünürlər ki, onlar da var. Beləsinin qabağından sümüyü çək. Və ya sümükdür də, böhran şəraitində qurtarsın, olmasın, gör adama soxulur yoxsa yox… Nə isə, uzağa getməyək…

-O zaman geriyə nəzər salmayaq, qabağa baxaq. Etiraf edək ki, agentliklər saytları qabaqlaya bilir. Ad çəkməyə məncə ehtiyac yoxdur. Onlarla rəqabətə girmək istəyirsiniz?

- Ad çəkin, konkret danışaq.

- Məsələn, APA, "Report”…

- Agentliklə portal fərqli konsepsiyada işləyir. Adətən agentliklər özləri portallarla rəqabətdən qaçırlar. Çünki portal anında eşitdiyini, statusu belə xəbərə çevirir. Bəzən qarşı tərəfin mövqeyini gözləmədən belə xəbəri ictimailəşdirir. İnformasiya agentliyinin isə konsepsiyası fərqlidir. Onlar təhlil, mövqe hazırlayır, hansısa informasiyanı dəqiqləşdirmək üçün rəsmi mövqe gözləyir. Biz agentliklərlə eyni yol üstündə yarışmırıq. Yolumuz eyni deyil ki, yarışım və onları keçim. Mən özümüzü öz sahəmizdə liderlərdən biri hesab edirəm. Desəm ki, hamıdan yaxşı mənəm, ayıb olar. Yəni, bu gün hər kəsin işi göz qabağındadır. Biz bu işin liderlərindən biriyik.

- Bu ifadənizlə təkəbbürlü olmanız təəssüratını yaratdınız. Bəlkə də siz elə
düşünmürsünüz.

- Bəşəriyyət yaranandan bəri uğurun bir simvolu da mənəmliklə bağlıdır. İnsan mənindən, eqosundan uğur qazanır. "Məndə Məcnunda Füzun, aşiqlik isteadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var” deyən Füzuli iddia edirdi ki, Məcnundan daha böyük sevgi ilə sevir. Uğur qazanmaq istəyən insan özünü onuncu planet kimi görməlidir. Amma eqoizm də, təkəbbür də ziyanlı olmamalıdır. Başqalarını təhqiredici, aşağılayıcı formada olmamalıdır. Mübarizə var. Bu mübarizədə mənim yerim də bəllidir, mövqeyim də, işçilərim də. Başqaları da gözümüzün qabağındadır. Açığını desək, indi jurnalistikada "mənəm-mənəm” demək vaxtı deyil. Bu ifadəni işlədən bir az qeyri-səmimi olar. Elə situasiyadır ki, jurnalistika ilə öyünmək olmaz…

- Gəlir qaynaqlarınız nədir?

- (Noutbukunu açır, və "Qafqazinfo”da gedən reklamları göstərir). Bizim sayt yaranan gündən reklamlardan, müqavilələrdən gəlir götürür.

- Amma bütün günü jurnalistlər şikayət edirlər ki, Azərbaycanda reklam bazarı yoxdur.

- Var. Mən sizə göstərdim. Reklam bazarı var, o sadəcə gizlidir, qeyri-leqaldır. Leqal reklam bazarı formalaşmayıb. Şirkətlərin bir qismi reklamları gizlədirlər. Baxın, görün bizim saytda nə qədər reklam var (Əyani şəkildə təqdim edir). Bizdə qiymətlər münasibdir. İkincisi isə reytinqimiz var. Üçüncüsü obyektivliyimiz var. Bir sözlə, reklamımız kifayət qədərdir, maddi korluq çəkmirik.

- Hüquq-mühafizə orqanları ilə necə əməkdaşlıq edirsiniz?

- Hüquq-mühafizə orqanları mətbuatdan hər zaman qaçmağa çalışır. Bu da təbiidir. Onlar informasiyanı qorumağa, biz isə yaymağa çalışırıq. Bu gün vəziyyət biraz da qəlizləşib. Kiçik ölkədir, bir xəbər gedən kimi yüz yerdən onu çıxartdırmağa qalxırlar. Və ya barələrində yazı getməsini istəmirlər. Ümumiyyətlə , ölkədə dözüm məsələsi bir az çətinləşib. İndi iki doğma adam bir birinin dediyinə dözmür. Onda qalsın səlahiyyətli bir qurum, zəif mətbuatın yazdığına dözə. Amma yenə də Daxili İşlər Nazirliyi yaxşıdır. Nə yazırsan, cavab verməyə çalışırlar. Yəni, çox müdaxilə etmirlər. Digər qurumlar isə mətbuatla yalnız özlərinə lazım olan vaxt işləyirlər.

Məsələn, Baş Prokurorluq… Ancaq özlərinin sözləri olanda press-reliz kimi göndərirlər. Yəni hansısa qurumu ayırıb tənqid etmək də düz deyil. Bütün ölkədə əksər dövlət qurumlarının mətbuata münasibəti belədir. İstəyir Müdafiə Nazirliyi olsun, istəyir digərləri. Güc strukturları istəyir ki, redaksiyalar onların tabeliyində olan bir idarə kimi çalışsın. Hətta iş o yerə çatıb ki, göndərdikləri xəbəri hansı başlıqla verməyi belə tövsiyə edirlər.

2014-cü ilin avqust ayında cəbhədəki hadisələrdən sonra media nümayəndələrini yığıb müşavirə keçirdilər. Mətbuata etirazlar oldu ki, cəbhədəki hadisələrdən, ordudan yazanda icazə alınsın, müəyyən qadağalar oldu. Amma məsələnin o tərəfini deyən olmadı ki, mətbuat da ordu qədər stratejidir. Ordu ictimai nəzarətdən kənarda qalmamalıdır. Mətbuat orduda baş verənlər haqqında haqq-hesab çəkməli və yazıb ölkə rəhbərliyinin də, digər nəzarətedici qurumların da diqqətinə çatdırmalıdır. Yoxsa, biz bildiyimizi edək, siz heç nə yazmayın, bunun axırı yoxdur.

Digər tərəfdən də, bu gün dünyada heç kim 6 aylıq əsgərlə döyüşmür, müasir dünyanın əsgəri də, ordusu da mətbuatdır. Dünyada bir redaksiyanın gücü bir ordunun gücündən böyükdür. Aprel müharibəsində medianın da sayəsində ilk dəfə olaraq beynəlxalq ictimai rəy Azərbaycanın tərəfində oldu. Mən onu demirəm ki, Azərbaycanın mediası ermənilərinkindən güclüdür. Amma onlar sadəcə ya yatmışdı, ya da başları başqa şeyə qarışmışdı. Aprel müharibəsində Azərbaycan mediası daha operativ, daha kompleks davrandı. Biz güclü və haqlı göründük. Dünyada verilən bəyanatların xarakteri də bunu sübut etdi.
Ancaq bizim ölkədə mətbuat xidmətlərinin fəaliyyəti qaneedici deyil. Hətta prezidentin mətbuat xidmətinin də fəaliyyəti məni qane etmir. Mən 6 il prezident müxbiri olmuşam. Müşahidə aparmışam, Azərbaycanın prezidenti qədər açılış mərasiminə qatılan, xarici ölkələrə səfər edən, öz iqamətgahında qonaq qəbul edən, ölkəyə gələn istənilən ali qonağı qəbul edən ikinci bir dövlət başçısı yoxdur. Bəs biz bu tədbirlər haqqında nə vaxt, necə məlumat alırıq? Üstündən saatlar, hətta sutka keçəndən sonra. Gözləyirsən ki, AZƏRTAC və ya AzTV nə vaxt quru, şablon xəbərini yayacaq ki, götürüb istifadə edəsən. Nəyə görə, Azərbaycan jurnalisti cənab prezident İlham Əliyevin Bakıda Ərdoğanı qəbul etməsini Türkiyə mətbuatına, Putini qəbul etməsini Rusiya mətbuatına, tutaq ki, Ruhanini qəbul etməsini İran mətbuatına istinadən verməlidir?

Bəlkə onlar xəbərləri özlərinə sərf edən kimi təqdim ediblər? Biz də kopyalayıb yerləşdiririk mətbuatımıza. Mənim heç kimlə şəxsi-qərəzliyim yoxdur. Sadəcə durub ona-buna yaltaqlanım deyə, tərif eləmək lazım deyil. Heç kimlə də düşmən deyiləm. Sadəcə mən jurnalist kimi xəbərə belə münasibətdəyəm.

- Prezident Administrasiyasında akkreditasiyadan keçən müxbir olmusunuz. Bu necə baş vermişdi?

- Mən APA-nın əməkdaşı idim. Həmin agentliyin Prezident Administrasiyasında akkreditə olunmuş müxbiri kimi 2004-cü ilin sonundan 2010-cu ilə qədər dövlət başçısının daxili səfərlərində, iştirak etdiyi tədbirlərdə, görüşlərdə müşayiətçi olmuşam.

- Maraqlı hansı epizodlar olub?

-Biz heyətdə iştirak edən bütün vəzifəli şəxslərlə bir yerdə olmuşuq, ünsiyyət imkanımz olub. Müsahibə ala bilmişik. Həmin vaxtlar maraqlı hadisələr çox hadisələr olub.

-Prezidentlə necə, ünsiyyətiniz, yaddaqalan maraqlı an yaşamısınızmı?

-Bir dəfə Naxçıvanda mənfi 20 dərəcə şaxtada prezident açılış mərasiminə gəlmişdi. Tədbir başlayanda soyuqdan qulaqlarımız qıp-qırmızı olmuşdu. Qabaqda dayanmışdıq deyə, İlham Əliyev bizi gördü və gülə-gülə qayıtdı kı, bu jurnalsitlər donublar ki…
Amma mənim özümün nazirlərlə, məmurlarla çox macəralarım olub.

- Aha, maraqlıdır, danışın.

- Sizə maraqlıdırsa bir-iki epizod deyə bilərəm. Deməli, Hacı Məmmədovla bağlı olaylar təzə başlamışdı. Tədbirlərin birində daxili işlər nazir Ramil Usubova yaxınlaşdım. Ona dedim ki, "sizin istefa verəcəyinizi deyirlər, sizi işdən çıxaracaqlar”. "Bunları kim deyir?” deyə, sual etdi. Mən də cavab verdim ki, nə bilim deyirlər də. Cavabı belə oldu: "Yox, mən hələ çox işləyəcəm”. Mən də redaktorum Nurşən Quliyevə zəng etdim ki, durum belədir. O da "yaz” dedi. Həmin vaxt mətbuatın daha sərbəst vaxtları idi. Mən də təbii ki, yazdım. Növbəti tədbirlərin birində Ramil Usubov məni görən kimi çağırıb "ayıb olsun” dedi. Mənə isə o vaxt xəbər lazım idi. Jurnalist xəbəri tapdısa, onu itirmək istəmir.
Bir dəfə isə Prezident Administrasiyasında keçirilən görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev mühüm bir açıqlama verməli idi. Amma istəyirdim hamıdan qabaq mən alım. Rövnəq müəllimin tualetə getdiyini görüb dalınca qaçdım. Tualetin foyesində dayanıb mənə dedi ki, "burda müsahibə verməliyəm sənə?”. Dedim ki, "bir kəlmədir, deyin çıxım gedim”. Mən gördüm ki, Rövnəq Abdullayev tualetə tərəf getdi. Mən də Rövnəq Abdullayevin dalınca, tualetə qaçdım. O da sağ olsun, cavab verdi. Jurnalistlər yığışıb tualetin qabağında mənə ağızlarına gələni dedilər. Bunlar hamısı həvəsli vaxtlarda, iş üçün, xəbər üçün yaşadığım zamanlarda məndən ötrü cəsarət, istedad sayılırdı.
Bir dəfə də, rayonlardan birində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalova uzaqdan dedim ki, "cənab general, sürücülük vəsiqəsi almaq üçün imtahan verdim, amma məni kəsdilər”. O da, qayıtdı ki, "kəsməyiblər e, kəsilmisən”. Gülmək tutdu hamını… Düz deyirdi əslində…

- Maddi vəziyyətinizdən razısınız?

- Əlbəttə ki, razıyam. Çünki mənim əvvəllər maddi vəziyyətim demək olar ki, olmayıb. Mən 15 il Bakıda kirayədə yaşamışam. Ömrü boyu çətinlik, problem görmüşəm. Zirzəmilərdə, yataqxanalarda yaşamış adamam. Mənim indi, evim, dolanışığım varsa, niyə narazı olmalıyam?! Çünki bundan yaxşı günüm olmayıb axı. Bu vaxta qədər yaşadığım günlərin hamısı pisdən yaxşıya dəyişə-dəyişə gəlib.

- Parlament müxbiri kimi də fəaliyyət göstərmisiniz. O zamanlar Milli Məclisin qaynar və çox maraqlı vaxtları idi.

- Parlamentdə ən yaxşı heyətlərdən biri olmuşuq. Elşad Eyvazlı, mən, Dünya Sakit, Elşad Paşasoy, Azadə Balayeva, Niyaz Niftiyev, Mircavad və digərləri. Bu heyət çox aktiv idi. Mən də onların içərisində olmuşam. Deputatlarla müsahibə ala bilirdik, hətta iclas salonuna girirdik.

- Nazirlə konfliktə girməyə risk edən adam, hər halda deputatla da belə bir hal yaşayardı. Siz isə bu barədə danışmadınız.

- Jurnalist o zaman uğurlu olur ki, o, özünü qarşısındakı insanın 50 faizi qədər hiss edir. Yəni qarşındakı deputatdırsa, hiss etməlisən ki, onun 50 faizə qədəri sənsən. Jurnalist müsahibi ilə rinqdədir. Ya jurnalist, ya da müsahib məğlub olur. Jurnalist məğlub olursa, o müsahibə uğurlu alınmır. Siz də mənə məğlub olsanız, müsahibəniz yaxşı olmayacaq. Bu mənada da mənim qarşımdakı deputatdır, şeyxülislamdır – fərqi yoxdur.

Bir dəfə şeyxin iqamətgahında gözləyirdik. Rusiyadan hansısa nümayəndə gəlirdi. Prezident Administrasiyasının da rəhbəri orada gözləyirdi. Ramiz müəllimin mühafizəçisi ona yaxınlaşmağa imkan vermirdi. Həmin vaxt da Ramiz Mehdiyev dinlə, radikalizmlə bağlı çox yaxşı bir məqalə yazmışdı. Mən jurnalistlərə dedim ki, Ramiz Mehdiyevə yaxınlaşıb suallar verək. Heç kim də ürək eləmirdi. Ramiz Mehdiyev də zəhmli adamdır. Mən kənardan uca səslə "Ramiz müəllim, sizə bir sualım var” dedim. O da dedi ki, "gəl bura”. Yaxınlaşdım, bütün televiziyalar da ora yığışdı.


- Din demişkən, Həcc ziyarətində də olmusunuz.

- Əslində, mən APA-nın rəhbəri Vüsalə Mahirqızının əlindən qaçıb Həccə getmişdim. O zaman məni çox işlədirdi. Redaksiyada məni hər yerə göndərirdilər. Bir tədbirdən gələn kimi Vüsalə Mahirqızı məni başqa yerə göndərirdi. Onda mən subay idim. Axşam düşürdü, mənə deyirdi ki, evə niyə gedirsən? Qal işlə. Təsəvvür edin, seçki günü redaksiyada qalırdıq. O qədər yorulmuşdum ki, 1 aylıq başqa bir yerə getmək istəyirdim. Həmin vaxt da Həcc ziyarəti başlamışdı. Həm də jurnalist kimi Həcc ziyarəti mənə maraqlı gəlirdi. Əslində çox da xeyri oldu. Getdim, gəldim. 5 il -2005-ci ildən 2010-cu ilə qədər spirtli içki içmədim.

- İndi isə yaxşı içirsiniz. Bir dəfə sizinlə Qəbələdə bir süfrə arxasında da içmişik.

- İnsana zövq verən bir neçə nemət var. Onlardan biri də içməkidir.

- Niyə əvvəlki tempi saxlamadınız?

- Özüm pozdum.

-Yəni düşündünüz ki, zövq ala bildiyiniz mənbələrin birindən məhrumsunuz.

- Bir mənbə deməzdim. İçki içməyimə oxuduğum bir kitab səbəb oldu. Mən Məhəmməd peyğəmbərin həyatına dair "Muhəmməd” adlı kitab oxudum. Bu kitabı Vilayət Quliyev tərcümə etmişdi. Dini komitənin keçmiş sədri, çox hörmətli alimimiz Rafiq Əliyev isə həmin kitaba ön söz yazmışdı. O deyirdi ki, bu kitab İslam və onun peyğəmbəri haqqında ən mükəmməl kitablardan biridir. Bunu oxudum və başa düşdüm ki, dinə görə saxılanılan bir çox pəhrizlər, o cümlədən içməmək boş şeydir. Allah təbii ki, var. Amma Allahı tanıyıb-tanımamağı içki içməklə ölçmək lazım deyil. Mən o vaxtlar ibadət də edirdim. Cənub bölgəsindənəm, gözümü açandan namaz qılmışam.
Mən düşünürəm ki, xristianlıq İslamdan daha humanist dindir. Çünki orada insan həyatına müdaxilə yoxdur. Onlar yas məsclisində də içirlər. İslam isə o olmaz, bu olmaz üzərində qurulub. Hər cür insanlığa zidd, qadağan olunmuş hərəkətlərin hamısı da İslam ölkələrində olur. Bu yaxınlarda bir araşdırma oxudum. Ən çox viski içilən ölkələrdən biri Pakistandır.

-Sizə "hacı” deyə müraciət edənlər varmı?

-Vaxtı ilə edirdilər. Xoşuma gəlmir, fikir də vermirəm. Kəndə-filan gedəndə mənə hacı deyən olurdu. Ancaq baş qoşmuram. Hacılığa böyüklük kimi baxmıram. Bizim bir dostumuz var - Niyaz Niftiyev. Hamı ona "hacı” kimi müraciət edir, bircə məndən başqa…

-Elbrus bəy, deyirlər səxavətlisiniz. Pul xərcləməyə heç xəsislik etmirsiniz.

- Mənim həyat devizlərimdən biri də odur ki, kişi əlini çəkinmədən cibinə salmağı bacarmalıdır. Puldan çox da nigaran olmaq lazım deyil. Pulu xərcləmək lazımdır. Adam var yığmaqdan, adam da var xərcləməkdən zövq alır. İnsanın pulu artdıqca xoşbəxtliyi azalır…

- Xərc demişkən, Ukraynaya tez-tez gedirsiniz.

- Mən Ukraynada təhsil alırdım.

- Hər halda Ukraynaya sırf təhsil dalınca getmək olmaz. Ora getdinsə, şənlənməlisən...

- Mən Taras Şevçenko adına Ukrayna Dövlət Universitetinin Jurnalistika İnstitutunun magistraturasına qəbul olundum. Oranı oxudum və bitirdim. Rus dilini bir az təkmilləşdirdim. İkinci məqsədim isə gəzmək idi. Azərbaycanda Kiyevə qarşı bir aclıq olub. Bu aclığın haradan qaynaqlanmasını öyrənməyə çalışmışam. Bizim gənclik niyə Kiyevə getmək, orada əylənmək istəyir? Bunun səbəbini də tapmışam. Bizim kişilərdə Şərq aclığı var. Elə bilirlər ki, Ukraynaya gedirlər və orada hər şey tökülüb bizi gözləyir. Ukrayna gözəl, möhtəşəm ölkədir…

- Məmurlarla şəxsi münasibətləriniz mövcuddur?

- Jurnalistin imkanı varsa, məmurla da, "vorzakon”la da şəxsi münasibəti olmalıdır. Ancaq çalışıram ki, münasibətdən qaçım. Çünki şəxsi münasibətlər jurnalistikaya mane olur. Jurnalistin dostları çox olarsa, onun işinə maneə yaranacaq. Mən ünsiyyətcil adamam. İnsanlarla tez dostlaşıram. Amma eyni zamanda da dostlarımı çox tez itirirəm. Mənim çox yaxşı dostlarım olub. Amma onları itirmişəm. Onların hamısını xəbərə qurban vermişəm.
Deputat Ülvi Quliyev Milli Məclisdə olan ən dəyərli insanlardan biridir. Ülvi Quliyev həm də Azərbaycanda ən yaxşı oğlanlardan biridir. O, həm də yaxşı idmançıdır. Şəxsi münasibətlərimiz də var idi. Bir dəfə zəng etdi, hansısa tikintidə baş verən qəza ilə bağlı xəbərin onun dostlarında narahatlıq yaratdığını dedi. Həmin vaxt atası rəhmətə getmişdi. Mən onu mütləq nəzərə almalı idim. Ama öz aləmimdə güzəşt etmədim. O vaxtdan da münasibətərimiz soyudu. Yəni jurnalistika güzəşt başlayan yerdə bitir.

- "Vorzakon” dostunuz yoxdur?

-Yoxdur, amma olmasını istəyərdim. Niyə də olmasın? İstərdim ki, Rövşən Lənkəranskini tanıyım. Sizə ilk dəfə açıqlayıram. Rövşən Lənkəranski öldürüləndən sonra "kriminalqafqaz” adlı domen aldım. Düşündüm ki, nə zamansa ehtiyac olar. Çünki cəmiyyətdə kriminala maraq böyükdür. Domeni almışam, nə zaman istəsəm saytı açacağam. Düzü bir əldə bir neçə qarpız tutmağı sevmirəm.

- Holdinq olmağı qarşınıza məqsəd qoymusunuz?

-Xeyr. Əksinə, mən jurnalistikadan getməyi qarşıma məqsəd qoymuşam.

-Bəs niyə getmirsiniz?

-Bura mənim şəxsi şirkətimdir. Mən təsisçi və baş direktoram. Bunu küçəyə də atıb gedə bilmərəm axı! Düzü heç özümü başqa işdə də görmürəm. Olsa-olsa yazıçılıqla məşğul ola bilərəm. Ya da gedib sevidiyim təsərrüfatı quraram.

-Yazıçılıqdan söz düşmüşkən. Azərbaycanda müasir dövrün yazıçı və şairləri var. Seymur Baycan, Qan Turalı, Aqşin və sair.

-Demək olar ki, hamısı istedadlıdır. Seymur Baycan da, Şərif Ağayar da və digələri də. Sevmədiyim bir şey odur ki, onlarda bəzən təkəbbür görürəm. Hamısı bir-birinin dalınca danışır. Ancaq kim yaza bilirsə, onu sevirəm. Dini sevməsəm də, həzrəti Əlidən bir sitat gətirəcəyəm. O deyib ki, hər kəsin qiyməti onun elmi və biliyi qədərdir. Mən maksimalistəm. Mənim cəmiyyətə və insanlara nisbi münasibətim yoxdur. İnsanları ya sevirəm, ya da nifrət edirəm. Orta hədd yoxdur. Nifrət etdiklərim bəlkə də mənə heç nə etməyiblər. Heç onları tanımıram da. Amma sevmirəm. Çünki onların istedadı yoxdur. Mən istedadlı adamları sevirəm. Sevgimin də, nifrətimin də səbəbi istedada bağlıdır.
Bir də görürsən ki, başqa bir peşənin, işin sahibi yazı yazır. Adam yaza bilmirsə, niyə buna cəhd etməlidir axı?

- Elbrus Ərud özünü istedadlılar kateqoriyasında görürmü?

- Birmənalı. Maraqlı və istedadlı adamam. 2 kitabım çıxıb. Biri jurnalistikada baş verən hadisələrdəndir. Lətifə kimi yazmışam. Amma çoxu həqiqətdir. İkincisi isə köşə yazılarımı bir yerə yığıb "Anne Annem” adında kitab çap etdirmişəm. Uğurlu da satışı oldu. Demək olar ki, jurnalist cameəsinin hamısı bu kitabı oxuyub, onlarla yazı yazılıb. Ümumiyyətlə boş dayanan adam deyiləm.
Mən 2 ildir özümlə danışıram. İlk dəfədir də sizə açıqlayıram. Düşünürəm ki, jurnalistikadan getməyin zamanıdır. Amma bu getməkdə, bir tale, bir qismət işi də var. Adam istədiyi zaman, istədiyi yerə durub gedə bilməz. Adamı bəzi yerlərə tale özü apamalıdır.

- Sualım bir az şəxsi olacaq. Keçmiş qayınatanız, yazıçı Seyran Səxavətlə əlaqələriniz qalıb?

-Seyran Səxavət yazıçı deyə biləcəyim az adamlardan biridir. Azərbaycan ədəbiyyatında 5 istedadlı yazıçı varsa, biri də Seyran Səxavətdir. Onun dilində heç kim yazmayıb, yaza da bilməz. Lazım olanda əlaqəmiz olur, şəxsi və ictimai məsələlərlə bağlı danışırıq. Martda 70 illik yubileyi oldu, böyük bir müsahibəsini vermişdim. Hazırda işdəki kitab şkafımda onun əsərləri də var (Kitab şkafını göstərir). İnsanların şəxsi münasibətləri həqiqətlərə, faktlara kölgə sala bilməz.

-Şəxsi həyatınız haqqında nə deyərdiniz?

-İndiyə qədər şəxsi həyatımı heç vaxt ictimailəşdirməmişəm. Bəzi dostlar az qala hər gün uşaqlarının şəklini paylaşıb nə bilim yazırlar, uşağın qırxı çıxdı, əziz balamın 5 yaşı oldu və s. Mən belə jurnalistlərə nifrət edirəm, onları Facebook dostluğumdan da çıxarıram. İnsan bəzi şəxsi məsələləri paylaşmamalıdır. Bu mənada mən ailəm haqqında açıqlama vermirəm. Amma siz bir jurnalist kimi soruşduğunuza görə, cavab verdim. Mənim 2 oğlum və əkiz qızlarım var. Oğlum bu yaxınlarda 2-ci sinfə gedəcək.

- Qolunuzda döymə görürəm.

- Ukraynaya gedəndə, gördüm ki, orada tatusuz insan yoxdur. Qolumda əsgərlikdən döymə də var idi. Dostlarımın adının baş hərflərini həkk etdirmişəm. Biri tələbə yoldaşım Zaur Baxşəliyevdir. O, indi də mənim dostumdur. O biriləri Vüqar və Rəşaddır. Onlarla ünsiyyətim az olsa da, Zaurla tez-tez danışıb dərtləşirik. Döymə vurdurmağa kimsə pis baxa bilər və ya bu ürəyindən keçsə də, reallaşdırmağa çəkinər. Ancaq insan ürəkli olmalı və ən kiçik arzusunu belə həyata keçirməkdən çəkinməməlidir. Sevdiyim bir söz var. Deyir cəsarət kişinin istedadıdır… Bəzən insanın bütün həyatı onun atdığı bır cəsarətli addımdan sonra dəyişir…










SON XƏBƏRLƏR davamı
2017-10-19
2017-10-18












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.76%)
Xeyir (88.24%)


TƏQVİM