"Referendum Prezidentin siyasi və iqtisadi islahatlarının məntiqi davamıdır" - HÜQUQŞÜNAS

22 Sentyabr 2016 [13:27]


Hüquqşünas Qaya Əliyev: "Referendum aktından mövcud Konstitusiyanın terminoloji və qanunvericilik texnikası baxımından təkmilləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir”

Məlum olduğu kimi sentyabrın 26-da Azərbaycanda Referendum keçiriləcək. AMEA İnsan Hüquqları və Hüquq İnstitutunun elmi işçisi, Dövlət Əmanətlərin Sığortalanması Fondunun hüquqşünası Qaya Əliyev Unikal.org-a Referendumun keçisilməsi zərurətinin niyə yarandığı, bunun ümumilikdə dövlət idarəçiliyinə necə təsir edəcəyi barədə geniş şərh edib.
"Konstitusiya hər bir xalqın müstəqil dövlətçiliyinin vacib, fundamental elementi, dövlət və hüquq sisteminin məhək daşı, dövlət-cəmiyyət, cəmiyyət-fərd, dövlət-fərd münasibətlərinin hüquqi əsası və ölkənin əsas qanunudur. Müasir müstəqil dövlətçiliyi konstitusiyasız təsəvvür etmək qeyri-mümkündür.

Cəmiyyət inkişaf etdikcə meydana çıxan yeni ictimai münasibətlər və inkişaf etməkdə olan mövcud hüquq münasibətləri yeni keyfiyyətdə hüquq normaları ilə öz tənzimini tələb edir. Belə münasibətlərin yeni keyfiyyətdə hüquqi tənzimi bəzi hallarda kontitusion islahatları, ölkə konstitusiyasının yeni dövrün çağırışlarına uyğunlaşdırılması və müvafiq əlavə və dəyişiklikləri labüdləşdirir. Qeyd olunan hal yeni müstəqil dövlət quruculuğuna başlayan ölkələrin normaqrafiya və dövlət quruculuğu praktikasında geniş təsadüf edilir. Buna bariz misal kimi, ABŞ Konstitusiyasına edilən ilk on düzəlişin həmin konstitusiyanın qəbul edilməsindən qısa müddət sonrakı dövrə, məhz 1791-ci ilə təsadüf etməsini, hətta bununla belə 1992-ci ilin mayın 7-də həmin Konstitusiyaya növbəti düzəlişin edilməsi faktını göstərmək olar. Başqa sözlə desək, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə müşayiət olunan konstitsion islahatlar daimi inkişafda olan ictimai həyatın və cəmiyyətin obyektiv tələblərindən doğur.

Təbii ki, dövrün tələblərinə, cəmiyyətin və dövlətin inkişaf qanunauyğunluqlarına və ölkə iqtisadiyyatının tərəqqi tempinə və s. obyektiv faktorlara müvafiq olaraq konstitusiya islahatlarının həyata keçirilməsi tendensiyasından Azərbaycan Respublikası Konstitusiyası da xali deyildir. Eyni zamanda, qeyd etməliyik ki, dünyada mövcud olan müxtəlif hüquq sistemlərindən yalnız ənənəvi hüquq sistemləri və şəriətə əsaslanan dini hüquq sistemləri əsas qanunun redaktəsinə mühafizəkar yanaşır. Azərbaycan Respublikasının da daxil olduğu roman-german, kontinental hüquq ailəsi üçün isə mütəmadi konstitusional islahatlar xarakterik haldır”.

Referenduma çıxarılan məsələlər dövlət idarəçilik sistemində hansı dəyişikliklərə səbəb olacaq sualına gəlincə? Qaya Əliyev bildirib ki, cəmiyyətin dinamik sosial-iqtisadi inkişafı yeni və daha da təkmilləşdirilmiş dövlət aparatı və normativ-hüquqi massiv diktə edir: "İlin əvvəlində prezident İlham Əliyev cənabları cari 2016-cı ili islahatlar ili elan etdi, dövlət aparatında və dövlət mexanizmasında fundamental islahatlar aparıldı, dövlət qurumları funksionallaşdırıldı, Azərbaycanda publik hüquqi şəxs institutu formalaşdırıldı, yeni qurumlar təsis edildi. Bu baxımdan, 26 iyul 2016-cı il tarixli Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkədə aparılan siyasi və iqtisadi islahatların məntiqi davamıdır.
Yeni dəyişiklikərə əsasən yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün kifayət qədər optimal institut kimi nəzərdə tutulub. Dəyişikliklərə əsasən sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrinin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da vətəndaşların passiv seçki hüququnun təminatları sahəsində mühüm praktikadır.
Referendum aktından mövcud Konstitusiyanın terminoloji və qanunvericilik texnikası baxımından təkmilləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövlət və xalq, "demos” anlayışı ilə ekvivalent səslənən milli istilahının etnik anlayışı ilə əvəz edilməsi, vahidlik, dövlətçilik, xalqçılıq prinsiplərini təcəssüm etdirən millilik prinsipinin bərabərlik hüququnun pozulması əsaslarından çıxarılması qanunvericilik texnikası baxımından əhəmiyyətlidir. "Milli ordu”, "milli pul vahidi”, "milli dövlətçilik” və s. bu qəbildən olan anlayışlar dediklərimizin bariz sübutudur.
Eyni zamanda, referendum layihəsində nəzərdə tutulan xüsusi mülkiyyətin sosial öhdəliklər yaratması müddəası və digər bu qəbildən olan müddəalar sosial ədalətin təmin olunmasına və korporativ sosial məsuliyyətin bərqərar olmasına xidmət edir.
Bundan başqa, layihədə şəxsi toxunulmazlıq hüququnun konstitusion əsaslarının təkmilləşdirilməsi, fərdi məlumatlardan və informasiya ehtiyyatlarından istifadə qaydaları ilə bağlı yeni müddəaların konstitusiyaya əlavə edilməsi insan hüquq və azadlqlarının təkmilləşdirilməsi istiqamətində diqqətəlayiq addımdır.
Habelə, Azərbaycanda hökm sürən və dövlət siyasəti xarakteri daşıyan tolerantlıq və multikulturalizm mühitinin daha da möhkəmləndirilməsi məqsədilə referendum layihəsində Konstitusiyanın 47-ci maddəsində irqi, dini və sosial meyarlarla yanaşı həm də hər hansı digər meyarlara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqatın və təbliğatın qadağan edilməsi təqdirəlayiqdir.
Referendum layihəsi həmçinin vətəndaşlıq institutunun, seçki sisteminin konstitusional əsaslarının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. "

Bəzi mütəxəssislər iddia edir ki, referendum aktına əsasən müəyyən olunan vətəndaşlığın itirilməsi insan hüquqlarını məhdudlaşdırır və yaxud referendum aktı qəbul olunarsa insanların mülkiyyətləri əllərindən alınacaq. Müsahibimiz bu fikirlərə münasibətini belə ifadə edib:

"Vətəndaşlıq institutunun konstitusion hüquqi əsaslarını müəyyən edən 53-cü maddənin mətninə əlavə olunan vətəndaşlığın itirilməsi institutu "Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları üzrə 2014-cü ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 18-ci maddəsində öz əksini tapıb.

Konstitusiyanın mülkiyyət hüququ ilə bağlı 29-cu maddəsinə edilən əlavədə nəzərdə tutulmuş əlavə ilə bağlı onu deyə bilərəm ki, əvvala mülkiyyət hüququ ilə bağlı həmin müddəalar Torpaq Məcəlləsində və mülki qanunvericilikdə də öz əksini tapıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının kənd təsərrüfatı təyinatlı torpaq sahələri , torpaq fondu demək olar ki, məhduddur. Humuslu torpaq ehtiyyatları daha da məhduddur. Belə olan halda, torpaq qanunvericiliyi ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan belə torpaqların mülkiyyətçilərinin adekvat təyinatı üzrə istifadə edilmədikdə və ya istifadə edilmədikdə torpaq üzərində mülkiyyət hüquqlarının ayrı-ayrı komponentlərinin blokirovka olunmasını və ya məhdudlaşdırılmasını ehtiva edir ki, bu da mülkiyyətin tamamilə şəxsin əlindən alınması demək deyil”.



Orxan Həsənli







SON XƏBƏRLƏR davamı
2017-10-24
2017-10-23












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.36%)
Xeyir (88.64%)


TƏQVİM