"Dünən Bakıya yağan yağışın küçələrdə yığılıb qalması kanalizasiya xətlərinin həddindən artıq yüklənməsi ilə əlaqədardır

Unikal.org bildirir ki, bunu AzVision.az-a "Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. ASC rəsmisi qeyd edib ki, Bakının kanalizasiya xətləri vaxtlı-vaxtında təmizlənir və normal rejimdə işləyir.

"Dünən yağışın miqdarı həddindən artıq çox idi. Bakının kanalizasiya xətləri məişət-təsərrüfat sularının, müəssisələrin çirkab sularının axıdılmasına hesablanıb. Küçələrdə toplanan yağış suları ora qoşulur və dünənki kimi yağıntı olanda həmin kanalizasiya xətləri həddindən çox yüklənir və suyun daşınmasını çatdıra bilmir. Kanalizasiya xətlərində heç bir problem yox idi. Suyun həcmi çox olduğundan bir hissəsi küçələrdə yığılıb qalmışdı.

A.Cəbrayıllı bildirib ki, "Azərsu ASC-nin kollektivi, idarə aparatının müvafiq şöbələrinin əməkdaşları, Bakı Sukanal idarəsinin rəhbərliyi, rayon sukanal idarəsinin rəisləri başda olmaqla qəza briqadaları gecə səhərə qədər işləyib: "Bizim əməkdaşlar FHN işçiləri, Bakı şəhər İcra Hakimiyyətinin, "Azəravtoyol ASC-nin və digər qurumların işçiləri ilə birlikdə səhərə qədər iş başında olublar. "Azərsuya məxsus xüsusi texnikalar, nasoslar vasitəsilə yağıntının fəsadlarının aradan qaldırılması istiqamətində iş görülüb. Yağış dayanandan sonra qısa müddət ərzində küçə və prospektlərdə yığılan sular çəkilib və dünənki yağıntıdan əsər əlamət qalmayıb.