Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası - "Cüdo TV" fəaliyyətə başlayıb.

Unikal.org-un AzNews.az-a istinadən məlumatına görə, yeni kanalda Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar təqdim olunacaq. Həmçinin ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə həftəlik proqram efirə veriləcək.

Açılan yeni kanalla bağlı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu AzNews.az-a açıqlamasında daha geniş məlumat verib: ""Cüdo TV"ni youtube, rutube və digər məşhur video portallarında yayımlayacağıq. Azərbaycanda olan "myvideo.az, "video.azda da verilişləri, reportajları təqdim edəcəyik. "Cüdo TV üçün inzibati binada şərait yaradılıb. Müasir texniki avadanlıqlarla studiya yaratmışıq. Cüdo ilə bağlı həftəlik proqramlar olacaq. Cüdo və idman ictimaiyyətinin tanınmış nümayəndələri verilişlərin qonağı olacaqlar. Tezliklə cüdo yarışlarından canlı yayımları da təqdim edəcəyik. Artıq test yayımında fəaliyyətə başlamışıq.

Federasiya rəsmisi yeni TV-də çalışacaq işçi qüvvəsindən də danışıb: "Biz televiziya adamlarıyıq. Rəhbərliyin diqqəti və dostların köməkliyi ilə bu işi də peşəkarlıqla relsə qoyacağıq.