"Çox çətin oyun idi. Çətin olacağını oyundan öncə də bilirdik. 3 xal qazandığımız üçün çox xoşbəxtik. İlk hissədə müəyyən səhvlər etdik və yaxşı oynaya bilmədik. Ancaq sonradan toparlandıq, bunun sonunda da vacib qələbəmizi qazandıq.

Unikal.org "Qafqazinfo-a istinadən xəbər verir ki, bunu Almaniyanın "Maynts klubunun futbolçusu Yunus Mallı deyib. Türkiyə millisinin üzvü Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan "Qəbələ - "Maynts (2-3) oyunundan sonra sualları cavablandırıb: "Dediyim kimi, 2 qol buraxsaq da, irəli atıldıq. Yaxşı oyun sərgiləyirdik. Çoxsaylı qol vəziyyətləri yaratdıq və sonda iki qol vurmağı bacardıq.

24 yaşlı futbolçu "Qəbələnin yaxşı komanda olduğunu da vurğulayıb: "Bilirdik ki, "Qəbələ yaxşı oynayacaq. Onların Azərbaycan çempionatındakı nəticələri bundan xəbər verirdi. Rəqibin çempionatda qol buraxmamasından da xəbərdar idik. Bu gün də bunun şahidi olduq. "Qəbələnin qolundan sonra azərbaycanlı azarkeşlər də susmaq istəmirdilər. Bakıda 3 xal qazanmaq çox çətindi.

Mallı "Qəbələnin qrup mərhələsindəki növbəti rəqibi "Sent-Etyenlə oyunda şanslarını dəyərləndirib: "Bu qrup çox çətindi. İstənilən komandadan xal qoparmaq olar. "Qəbələ bu gün oynadığı oyunu oynasa "Sent-Eatyendən xal ala bilər. Biz öz oyunlarımızı düşünməliyik. 4 xal qazanmışıq və bu, bizim üçün əla başlanğıcdı. "Anderlextlə oyundan xal almağa çalışacağıq.

Yunus Azərbaycan təəssüratları haqqında da fikir bildirib: "Azərbaycan qardaş ölkədi. Bura ilk dəfə idi ki, gəlirdim. Bakı həqiqətən də gözəl şəhərdi. İnşallah bir gün paytaxtınızı gəzmək imkanım olacaq. Ancaq bu gün oyun üçün bura gəlmişdik. Ümid edirəm ki, bir daha bura səfər edəcəyəm.