Raqub Mirzəyev: "Torpaq vətəndaşa kənd təsərrüfatı məhsullarının becərilməsi üçün verilib və o qeyri-qanuni olaraq həmin ərazini süni balıqçılıq gölünə çevirib".

Raqub Mirzəyev ekologiya ile ilgili görsel sonucuEkologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Unikal.org-a müsahibə verib. 

O müsahibəsində bir çox maraqlı məqamlardan söz açıb. Sektor müdiri eyni zamanda bildirib ki, dəfələrlə kənd təsərrüfatı ərazilərində süni balıq göllərinin ləğv edilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilsə də, bu iş tam icra olunmur.

Raqub Mirzəyevlə müsahibəni təqdim edirik:

-Raqub müəllim, süni balıq göllərinin ləğvi ilə bağlı məsələ nə yerdədir?

-Süni balıq göllərinin 99 faizi kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Bu da mövcud qanunverciliyin tələblərinə ziddir. Süni balıq gölləri, torpaqları şoranlaşdırdığı üçün nəticədə məhsuldarlığın aşağı düşməsinə, münbitliyin korlanmasına gətirib çıxarır. Əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə belə faktlar aşkar olunub. Bunun üçün inzibati qaydada cərimələr tətbiq edilib, müvafiq göstərişlər verilib. İcra hakimiyyətlərinə nazirlik tərəfindən məktublar göndərilib ki, bu cür göllər ləğv edilməli və kənd təsərrüfatı təyinatlı torpaqların qanunvericiliyə zidd qaydada istifadəsinin qarşısı alınmalıdır.

-Belə göllər ən çox hansı rayonlardadır?

-Bu cür göllər republikanın bütün regionlarında var. Vaxtilə pambıq, tütün istehsal edilən torpaqlarda, heyvanlarlıq obyektlərinin suvarılması üçün yaradılan su kanallarında süni balıq gölləri yaradılan əsas rayonlar Salyan, Nefçala, Saatlı, İmişlidir.

-Bunun qarşısının alınması üçün hər hansı bir araşdırma aparılıb, tədbir görülürmü?

-Bəli. Hazırda araşdırma aparılır və qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək. Rayonların adları qeyd olunmaqla süni göllərin ilkin siyahı da hazırdır. Yuxarıda qeyd etdiyim kimi, icra hakimiyyətlərinə və bələdiyyələrə məktublar göndərilir. Məqsəd tələblərə cavab verməyən göllərin ləğvi və onların yerləşdiyi torpaq sahələrinin əvvəlki vəziyyətlərinə gətirilməsidir. Artıq son siyahının tərtibi işi gedir.

-Bəs hansı süni göllər ləğv edilməyəcək?

-Yalnız müasir standartlara cavab verən, sızması olmayan, süni göllər saxlanılacaq. Bir sözlə müasir texnalogiyalarla qurulan göllərin sahiblərinə razılıq veriləcək.

-Kənd təsərrüfatı torpaqlarını süni balıqçılıq gölünə çevirənlər məmurlardır, yoxsa vətəndaşlar?

-Bir məsələni qeyd edim ki, söhbət nəzarət orqanlarından getmir. Həmin torpağın mülkiyyətçiləri var. Burada dövlət, bələdiyyə və hətta xüsusi mülkiyyətdə olan torpaqlar da mövcuddur. Torpaq vətəndaşa kənd təsərrüfatı məhsullarının becərilməsi üçün verilib və o qeyri-qanuni olaraq həmin ərazini süni balıqçılıq gölünə çevirib. Sözsüz ki, müvafiq orqanlar da bu cür əməllərə qarşı ciddi tədbirlər görməlidir. Ekologiya və Təbii Sərvətlər nazirliyi dəfələrlə bununla bağlı araşdırma aparıb və müvafiq qurumlar, rayon icra hakimiyyətləri, bələdiyyələr qarşısında da məsələ qaldırıb. Tələb olunub ki, balıqçılıq gölləri ləğv edilməlidir və bu getdikcə torpağın münbitliyinin azalmasına, şoranlaşmaya səbəb olur. Sözügedən qurumlar tərəfindən cüzi şəkildə bu problemin qarşısı alınsa da, fakt budur ki, yenə də belə analoji hallar mövcuddur. Bunun üçün də müvafiq qurumlar bu barədə ciddi tədbirlər görməlidir.

Elə balıqçılıq gölləri var ki, onlar Sovet dövründə qanuna uyğun şəkildə yaradılıb. Tələblər isə müasir standartlara uyğun deyil. Bu cür göllər də ləğv edilməlidir. Bunun üçün qərarı hansısa rayon icra hakimiyyəti deyil, məhkəmələr verməlidir.

-Süni balıq göllərinin tam ləğv edilməsi planlaşdırılırmı?

-Müəyyənləşmə gedir, tam siyahı hazırlanır. Bundan sonra yenidən aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacaq.
Araşdırmalar göstərir ki, bələdiyyə mülkiyyətində olan ərazilərdə də belə süni göllər var. Bələdiyyə rəhbərləri də öz ərazilərini qorumalı və bu tələbləri pozan şəxslərə qarşı müvafiq tədbirlər görməlidir. Bələdiyyələr bilməlidirlər ki, onun mülkiyyətində hansı torpaqlar var. Bu cür ərazilərdə süni göl yaratmaq olmaz. Bu qanunvericiliyə ziddir. Ona görə, həmin torpağın mühafizəsi üçün ciddi tədbirlər görməlidir.