Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan hərbi hissədə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nazirliyin rəhbərliyi yeni təmir edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, transformator yarımstansiyası, rabitə qovşağı, sıra meydanı və digər obyektlərə baxış keçirib, hərbi qulluqçuların sosial-məişət və xidməti şəraiti, həmçinin döyüş fəaliyyəti ilə maraqlanıb.

Müdafiə naziri ən müasir və yüksək texnologiyalar əsasında yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilərək yeni istifadəyə verilən Qırıcı Aviasiya Bazası və Radiolokasiya hərbi hissəsinin Birləşmiş Komanda Məntəqəsinin açılışında iştirak edib.
Birləşmiş Komanda Məntəqəsinin fəaliyyəti barədə brifinqin təqdimatından sonra Hərbi Hava Qüvvələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi ssenarisi üzrə təlim tapşırıqları icra olunub.
Nazirə məruzə olunub ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə Hərbi Hava Qüvvələrinin döyüş növbətçiliyinin yüksək səviyyədə aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir.
Yaradılan şəraitlə tanış olan nazir gündəlik xidmətin və döyüş növbətçiliyinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.