Araz Əlizadə: "Ailə münasibətlərində tərəflərin bir-birlərini qırması tərbiyəsizlikdən və mənəviyyatsızlıqdan irəli gəlir

Son günlər ailə münaqişələri zəminində törədilən cinayətlərin sayında artım müşahidə olunur. Bu cür hadisələr ən çox rayonlarda baş verir. Əvvəllər ailədə yaranan problemlərin çözülməsi üçün ağsaqqallar müdaxilə edər, ağıllı məsləhətlər verər, cütlüklər də onların dediklərinə qulaq asardılar. Hazırda vəziyyət necədir? Ağsaqqallar ailə mübahisələrinə müdaxilə edirlərmi? Bu barədə milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Araz Əlizadə ilə söhbət etdik. 

Millət vəkili Unikal.org-a müsahibəsində mövzu ilə bağlı maraqlı məqamlardan danışıb.

-Araz müəllim, bu gün ailələrdə yaranan münaqişələrin aradan qalxmasında, belə problemlərin çözülməsində ağsaqqalların rolu varmı və nədən ibarətdir? Misalçün yaxın günlərdə rayonların birində hadisə olmuşdu. Ər arvadını evdən qovmuşdu. Oğlanın atası da gedib qızı geri qaytarmışdı. Lakin həmin xanım elə ağsaqqal tərəfindən öldürülmüşdü.

Belə məqamlarla bağlı fikirləriniz maraqlıdır...

-Bu çox aktual məsələdir. Saçı, saqqalı ağaran hər kəsə ağsaqqal deməzlər. Ağsaqqal müdrik insana deyərlər. O adam ki, yaralı barmağa məlhəm sürtsün. Ağsaqqallıq budur. Bizdə qonşuda, qohumda yaşı 60-70-i keçənləri ağsaqqal adlandırırlar, kimə gəldi ağsaqqal deyirlər. Ağsaqqallıq hər adamın işi deyil. Ağsaqqallıq etmək üçün gərək müdrik olasan.

-Son zamanlar ailə münaqişələrinin sayı artıb. Gündəlik olaraq Siz də "ər arvadının başını kəsdi, "ər arvadını boğub öldürüb başlıqlı xəbərləri izləyirsiniz. Sizcə, bu məsələlərdə ağsaqqallar yaranan problemləri həll edə bilərmi?

-Azərbaycanda ağsaqqallıq olub və bundan sonrada olacaq. Əgər bu olmasaydı biz bir-birimizi çoxdan qırardıq. Ailə münaqişələrini isə ağsaqqallıqla bağlamaq olmaz. Ailə münasibətlərində tərəflərin bir-birlərini qırması tərbiyəsizlikdən və mənəviyyatsızlıqdan irəli gəlir. Bir dəfə beynəlxalq konfransda iştirak edirdim. Mövzu zorakılıq idi. Hər kəs başladı ağzına gələni danışmağa. Mən də fikir bildirdim ki, uşaqları lap körpə vaxtından düzgün tərbiyə etmək lazımdır. Bu gün dünyada zorakılıq da, onu müdafiə edənlər də var. Bu onu göstərir ki, dünyanın özündə də tərbiyə problemi çox böyük aktuallıq daşıyır. Təəssüflər olsun ki, zorakılığı müdafiə edən dövlətlər də var. Bu onu göstərir ki, dünyada tərbiyə problemi çox böyük aktuallıq daşıyır. Əgər, erməni təcavüzkarlarını üç böyük dövlət-Amerika, Rusiya və Fransa müdafiə edirlərsə, ağa qara deyirlərsə, hətta, torpağı işlğalda olan Azərbaycana güzəştə getməyi məsləhət görürlərsə, bu insanlarda tərbiyə və vicdanın yoxluğunu göstərir.

-Dedikləriniz qadınlara, kişilərə yoxsa hər iki tərəfə aiddir?

-Mən heç vaxt deyə bilmərəm ki, ailədəki zorakılıq qadının günahıdır, yoxsa kişinin. Hərdən qadınlar, hərdən də kişilər özlərini elə aparırlar ki, adam özü utanır. Kişiyə, qadına layiq olmayan hərəkətlər edirlər. İnsana qarşısındakını başa salmaq üçün ağıl verilib. Yox, əgər o, kobudluq edirsə, fikziki gücə üstünlük verirsə unutmasın ki, ondan da fiziki gücdə üstün olanlar var.

-Sizcə, ailədə yaranan problemlərdə qız tərəf daha çox müdafiə olunur yoxsa oğlan tərəf?

-Əvvəla, qızın gücü azdır. Fiziki gücdən söhbət gedir. O, anadır. Hazırda bir çox problemlər maddi sıxıntılardan yaranır. Qadın da normal tərbiyə almalıdır ki, evdə iqtisadi problemlər olanda, ərini boğaza yığmasın. Elə kişilər də var ki, iş tapa bilmir, problemlərlə üzləşir və hirsini qadından çıxır. Bu hərəkət kişilikdən uzaqdır. Qadında da tərbiyə olmalıdır ki, evdə iqtisadi problemlər olanda ərini boğaza yığmasın. Ailə quran zaman belə halları düşünmək lazımdır. Ona görə də, hər iksinin normal tərbiyəsi olsa, belə problemlər ortaya çıxmaz. Ailəni qoruya bilmirsənsə, boşan bununla da məsələ bitsin. Ancaq bir-birini öldürmək, əl qaldırmaq və.s kimi insanlıqdan uzaq hərəkətlər etmək düzgün deyil.

-Bu cür münaqişəsi olan ailələrə ağsaqqallıq etmisinizmi?

-Mən adətən belə vəziyyətlərdə çalışıram məsləhətlər verim. Düşünürəm ki, ailənin içində deyilsənsə problemi dərindən bilə bilməzsən. Hərdən olub, məsləhət vermişəm ki, bir-birlərindən bir müddət ayrı qalsınlar. Lenin demişkən, yaxşı birləşmək üçün yaxşı ayrılmaq lazımdır.

-Bu hadisələr qohum-əqrabanızda olub, yoxsa dost-tanışlarda?

-Mən özgə insanların işinə heç zaman qarışmıram.

-Yaşlı kişilərin cavan qızlarla ailə həyatı qurmasına necə baxırsınız?

-Məhəbbətin yaşı yoxdur. Hərdən tanışlar olur ki, evlənmək üçün cavan qız axtarırlar. Onlara deyirəm ki, cavan qızı kim üçün alırsan?(Gülür) Belə evliliyə normal baxmıram. Fikirləşmək lazımdır ki, bu evlilik tərəflərə nə verəcək. Cavan qızlar yaşa, fiziki vəziyyətə baxmadan pullu kişilərə ərə getməyə can atırlar. Yenə də, gəlirik iqtisadi problemə. Maddi sıxıntı olmasa, həmin qızlar cavan oğlana ərə gedərlər. Uzun illər bir yerdə yaşayarlar.

-Araz müəllim əvvala sizi qarşıdan gələn ad günü münasibəti ilə təbrik edirik. Bu yaşda özünüzü necə hiss edirsiz?

-1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşam. İki gündən sonra 65 yaşım tamam olacaq. Yaşlanmağıma baxmayaraq özümü sağlam və gümrah hiss edirəm.

-Yaşlı bir deputat kimi cavan qızlardan sevgi etirafı alırsınızmı?

-Yox almamışam. (gülür) Əvvala Araz müəlllim deputatdır. Mənim o qədər də sərvətim, pulum yoxdur. Araz müəllimlə kimsə görüşmək istəyirsə, görüşə bilər. Mən vaxtilə bizneslə məşğul olmuşam. Pulum olanda da heç vaxt məhəbbəti pulla qarışdırmamışam.

-Bəs hansısa bir qızın Sizə məhəbbəti olarsa necə?

-Mənim ailəm var axı-¦(gülür)

-Əgər siz yaşlı insanın cavan qızla ailə həyatı qurmasına normal baxırsınızsa hansı ağsaqqallıqdan söhbət eləmək olar?

-Siz niyə belə deyirsiz? Üzeyr Hacıbəyovun Məşədi İbadı yadınızdadır? Yazmışdı ki, 50 yaşlı qoca kaftar. Amma onun 50 yaşı olanda demişdir ki, məhəbbət üçün 50 yaş nədir?

Amid