Unikal.org "Yarasa filmində məşhur "Turan obrazının ifaçısı, rusiyalı aktrisa Mariya Lipkinanın AzNews.az-a müsahibəsin təqdim edir:

- Mariya xanım, "Yarasa filmində yaratdığınız "Turan obrazı sizi bütün Azərbaycana tanıtdırdı. Kinorejissor Ayaz Salayevlə tanışlığınız necə oldu?
- Düzünü deyim ki, "Yarasa mənim ilk çəkildiyim filmim deyil. Buna kimi hardasa 10 filmə çəkilmişdim. Eşitdiyimə görə, bu rolla bağlı kimlərsə məni Ayaz Salayevə məsləhət görübmüşdü. Çəkildiyim filmlərdən biri "Kann festivalına vəsiqə almışdı. Həmin film festivalda "Ən yaxşı operator işinə görə mükafata da layiq görülmüşdü. Ayaz Salayev də məni məhz bu kadrda görmüşdü. Deməli, həmin filmin çəkilişlərinə az qalmış varislər ondan imtina etdi. Bu da sənət aləmində böyük səs-küy yaratmışdı. Mən də buna görə məşhurlaşmışdım.

- Necə oldu ki Dünya kinosunun 100 illiyinə həsr olunan filmə, çəkilməyə razılıq verdiniz? Hər halda 17 yaşda belə bir filmə çəkilmək məsuliyyətli işdir...
- Ssenarini ilk dəfə oxuyanda başa düşdüm ki, "Yarasa çox məsuliyyətli filmdir. Digər tərəfdən isə başqa ölkənin ssenarisinə dəvət almaq məsuliyyəti daha da artırır. Odur ki, narahat olurdum, düşünürdüm ki, görəsən necə alınacaq. İçimdə həm də bir qorxu vardı. Lakin mənə çox xoş idi.

- Filmin süjet xətti sizə nə deyirdi?
- Psixoloji cəhətdən çətin iş idi. Filmin adı "Yarasa idi. Etiraf edim ki, bu ad məni qorxudurdu. Çünki mənim üçün həyatda yarasa və hörümçəkdən qorxulu həşarat yoxdur.

- Yəqin ki, xəbardarsınız filmdəki obrazınıza sizdən əvvəl Azərbaycanda bir neçə tanınmış aktrisa dəvət olunub. Amma açıq-saçıqlığına görə həmin aktyorlar roldan imtina edib? Açıq-saçıq səhnləri necə qarşıladınız?
- Bəli, bu haqda məlumat almışdım. Mənə elə gəlirdi ki, onlar bu roldan imtina etməyiblər. Sadəcə olaraq, onlar həmin rolun öhdəsində gələ bilməyəcəklərini anladığı üçün çəkilişə icazə verməyiblər. Mənim bu rolda gördüyümü, onlar görə bilməzdi, bunu bacarmazdılar. Açıq-saçıq səhnələrə gəldikdə isə, bu filmdir və mən aktrisayam. Aktrisa hər rolda çəkilməyi bacarmalıdır. Yeri gələndə həm də belə səhnələrə can atmalıdır. Bu filmdə soyunmağım ilk dəfə deyildi. Bu filmdə məni valeh edən sətiraltı mənalar idi. Onları görürdüm və buna görə də bu filmdə çəkilməyimə razılıq verdim. Məni Allah yaradıb, onun verdiyini gizlətmək olmaz. Bu, işin bir hissəsidir.


Yaxşı yadımdadır. "Yarasanın Moskvada ilk nümayişi idi. Mən də təzə ailə qurmuşdum. Həyat yoldaşım mənimlə birlikdə filmə baxırdı. Bir baxdım ki, həyat yoldaşım nəfəs ala bilmir, mənim tərəf müqavilimlə yataq səhnələrimi gördükcə boğulurdu. Açıq-saçıq səhnələrin ortasında qəfildən yerindən sıçrayıb zaldan çıxdı. Baxdım ki, o, özünü çox pis hiss edir. O, başa düşürdü ki, ekrandakı aktrisa deyil, məhz onun arvadıdır. İnana bilmirdim ki, rol bu qədər səmimi alınıb. Təbii ki, bütün bunlar rejissorun uğurudur. Ayaz Salayev olmasaydı, bu rolun öhdəsindən gələ bilməyəcəkdim. Bu, onun uğurudur.


- Ayaz Salayev deyir ki, Rusiyanın özündə belə rolun qəhrəmanını tapa bilməyib. Sizi görəndə qəhrəmanını tapdığını düşünüb...
-Hə, bu barədə mənə də demişdi. Mənim üçün onunla tanışlıq çox xoş idi. O zamana qədər Ayaz Salayevi görməmişdim. Onun sadəcə "Retro proqramı barədə eşitmişdim. Hara gedirdimsə Ayaz Salayev haqqında sadəcə mükəmməl, dahi sözlər eşidirdim.

- Orada belə bir epizod var, hamam səhnəsi...Məlumata görə həmin vaxt suyu qızdıra bilməyiblər. Sizsə soyuq suya göz qıpmadan girmisiniz... Sizi soyuq suya salan qüvvə nə idi?
- Su buz kimi idi. Baxdım ki, bütün heyət çalışır, amma suyu qızdıra bilmir. Buna şərait yox idi. Üstəlik həmin günü səhnəni də təhfil verməliydim. Bir anlığa düşündüm ki, su istidir, ev şəraitindəki hamam kimi. Və mən də bu düşüncə ilə soyunub buz kimi suya girdim. Mən sudan çıxan kimi hamı üstümə axışdı, hərə bir tərəfdən məni qızdırmağa çalışırdı. Onların bu canfəşanlığını gördükçə bir aktrisa kimi rahatladım. Düzünü deyim ki, səhnə də bir dəfədə alınmadı. Bəlkə 10 dəfə buz kimi su ilə dolu vannaya girdim.

Qəribədir ki, zamanla bütün bunlar unudulur. İndi siz bu səhnəni yadıma salıb məni o günlərə qaytardınız. Elə bil hər şey dünən olub. Həmin hissləri yenidən xatırladım. Suyun soyuqluğundan sanki ürəyim dayanırdı.


- Ayaz müəllim deyir ki, Mariya mənim ilham pərimdir. Həmin roldan sonra haqqınızda dedi-qodular çıxdı. Ayaz müəllimlə aranızda nə olub?
- Ayaz Salayevlə aramızda başqa münasibət olmayıb. Və bunun da səbəbləri vardı. O zaman mənim 17 yaşım vardı. Filmin çəkilişləri gedən zaman Azərbaycan özünün ağır günlərini yaşayırdı. Müharibə gedirdi. Mehmanxanın pəncərələri önündə tanklar dayanmışdı. Kamendant saatı təyin edilmişdi.

Həmin vaxt restoranda filmin bütün çəkiliş heyəti ilə birlikdə mənim ad günümü qeyd edirdik. Qəfildən bir ifadə işlətdim. Dedim ki, erməniləri sevməyə bilmərəm. Mənim üçün belə bir anlayış var ki, hər millətin yaxşısı və pisi olur. Məni elə oradan bir başa polis bölməsinə apardılar. Ayaz Salayev gəldi, buraxmadılar. O zaman mədəniyyət naziri zəng vurmuşdu ki, məni həbsdən azad etsinlər.

Vəziyyət daha da ağırlaşdı, təhlükəsizliyimizi təmin etmək üçün bizi Nardarana apardılar. Ayaz Salayev mənə yaxşı dost və ata oldu. O, həmin vaxt mənə məşuq ola bilməzdi. Həm yaşım az idi, həm də o, mənə böyük hörmətlə yanaşırdı. Belə şaiyələrin yayılacağını əvvəlcədən bilirdik. Sonra eşitdikcə bizə gülməli gəlirdi.

- Film Azərbaycanla aranızda bir korpü olsa da sonradan əlaqələriniz kəsildi. Azərbaycana gəlməməyinizin səbəbi nədir?
- Mən daha sonra xaricdə çalışmağa başladım. Portuqaliyada teatrda işləyirdim. Sonra oğlum dünyaya gəldi. Keçmiş həyat yoldaşım filmlərə çəkilməyimi istəmirdi. Azərbaycana isə bir neçə dəfə gəlmişəm. Lakin bilirəm ki, bu çox azdır. İstəyərdim ki, tez-tez gəlim. Azərbaycanın çox dadlı yeməkləri var, xüsusən də balıqları. Balıqla birlikdə süfrəyə qoyulan narşarabınız üçün ürəyim gedir. Əgər bilsəm ki, onlar bu gün də sizdə var, yoldaşımdan məni Azərbaycana aparmasını xahiş edərəm. O narşarabdan bir daha dada biləydim. Mənim üçün Bakı ilk təəssüratdır.

- Azərbaycandakı çəkilişlərdən sonra aktrisalıq karyeranız necə davam etdi?
- Filmlərlə bağlı çəkilişlərimi davam etdirdim. Bir müddət isə teatrda çalışmağa başladım. Lakin övladım dünyaya gəldikdən sonra sənətdən uzaqlaşdım. Ana olmaq, analıq rolu daha çox xoşuma gəlirdi. Düzdür, hərdən darıxıram, amma bu artıq tam başqa bir roldur. Mən həm də tənha ana olmuşdum, övladımın qayğısına qalmaq mənim üçün hər şeydən önəmli idi. Artıq ambisiyalar silinmişdi.

Tezə dəvətlər alıram, lakin artıq maraqlı gəlmir. İndi mən autist uşaqlara çalışıram. Burada aktyor hazırlığı lazımdı. İsraildə bir müddət teatrda çalışmaq istədim. Lakin bu mənə əvvəlki kimi cəzbedici gəlmir. Yəqin ona görə ki, həqiqətən maraqlı ola biləcək, dəyərli bir şey təklif olunmayıb.

- "Yarasa kimi?
- Hə, "Yarasa, "Ya İvan Tı Abram kimi. Elə bir ssenari olsun ki, orada çox maraqlı insanlarla ünsiyyətdə olmaq imkanım olsun. Harada ki, möhtəşəm aktyorlarla, rejissorla çalışırsan orada gözəl təcrübə qazanırsan. Gərək çəkiliş sənin üçün sadəcə bir iş olmasın, həm də səni cəzb etsin. Bəli, mən gərək bumbuz suyu girim. Oyanıb görüm ki, tanklar pəncərənin altında dayanıblar.

Hə, bir də "Yarasanın çəkilişləri zamanı Nardarana getmişdik. Ora çox dindar yer idi. Azərbaycanda mənə kəlağayı bağlamağı, hicab geyinməyi öyrətdilər.