"Bakıya yağan güclü yağış yolları basırsa bunda Ziya Məmmədovun niyə hallandırırlar? Ziya Məmmədov yol çəkən deyil"

Unikal.org xəbər verir ki, bu fikirləri Milli Məclisin sabiq deputatı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Publika.az-a verdiyi müsahibəsində bildirib.

"Bu günləri istənilən bir insan haqqında məqsədli qarayaxma kampaniyası aparılırsa, o zaman bəllidir ki, o nəyə görə hədəf seçilir. Yağış Allahın təbii fəlakətidir. Buna görə kimsə niyə ittiham olunmalıdır? Mən Hindistanda canlı şahidi olmuşam. Bu ölkədə yay vaxtı musson yağışları başlayanda insanlar dizə qədər suda gəzirlər. İndi Azərbaycanda da yağış müəyyən infrastrukturlarda nə isə yaradıb. Ola bilər ki, 10 il əvvəl ölkədə görülən böyük abadlıq, quruculuq işlərində müəyyən məsələlər nəzərə alınmayıb, müəyyən infrastruktur layihələri insanların sıx olduğu ərazilərdə sakinlərin evlərinin sökülməməsi üçün yaxşı icra oluna bilməyib və sairə. Ancaq buna da həmin infrastruktur layihələrini icra edən orqanlar baxır. Ziya Məmmədov yolçəkən deyil. Nazir Ziya Məmmədov Azərbaycanda nəqliyyat siyasətinin başında dayanan şəxsdir. O, ölkə rəhbərinin nəqliyyat sahəsində müəyyənləşdirdiyi strategiyanı həyata keçirir. Yol çəkən tenderlərdə qalib gələn şirkətlərdir. Ona görə də yollarla bağlı müəyyən iradlar həmin şirkətlərə bildirilməlidir. Hamı elə bilir ki, Ziya Məmmədov, Hacıbala Abutalıbov yol çəkəndir. Nə Bakı şəhərinin meri olaraq Hacıbala Abutalıbov, nə də nəqliyyat naziri kimi Ziya Məmmədov yol çəkən deyil. Bu adamlar həmin sahənin siyasətini və konsepsiyasını inkişaf etdirən siyasətin başında dayanan dövlət məmurlarıdır.

Hər bir layihənin öncədən planlaşması aparılır, çəkiləcək yolların əraziləri müəyyən edilir, daha sonra həmin layihəyə uyğun olaraq maliyyələşdirilən qurum və ya bank tərəfindən vəsait ayrılır, tender elan edilir və tenderdə qalib gələn təşkilatda gəlib həmin yolu çəkir. Sadəcə olaraq, bu sahənin icrasını həyata keçirən qurum rəhbərləri də həmin sənədləri təsdiq edirlər və ölkə rəhbərliyinin siyasətinə uyğun olaraq dəstək verirlər. Burada dərhal kimisə günahlandırmaq doğru deyil. Bir sözlə, bəzi insanlar cəmiyyətə bəsit yanaşmasınlar. İnsanlar düzgün qiymətləndirməyə malikdir, hər şeyi yaxşı bilir və görür. Belə yanlış məlumatlarla cəmiyyətdə kimisə qıcıqlandırmaq lazım deyil.