Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür. Peşə bayramı ərəfəsində "APA-Economics" "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ilə geniş müsahibə edib. 

Unikal.org müsahibəni  təqdim edir:

"Bəzi layihələr dayandırılıb, daha prioritet layihələrə üstünlük verilib"

- Statistik göstəricilərə nəzər saldıqda məlum olur ki, metroda sərnişindaşımanın həcmi azalma dinamikası nümayiş etdirir. Bunun səbəbi nədir?

- Azalmanın səbəbi bizdən asılı deyil. Bakı metrosu əvvəlki illərdə necə xidmət göstəribsə, hal-hazırda da eyni xidmət göstərir. Hətta bu il aprel ayında bənövşəyi xətt üzrə "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının açılışı olub. Sumqayıt, Biləcəri və ətraf ərazilərdən gələn insanlar "Avtovağzal" stansiyasından istifadə edir. Yəni normal halda metrodan istifadə edən sərnişinlərin sayı artmalıdır. Bir daha təkrar edirəm ki, azalmanın səbəbi bizdən asılı deyil.

- Bakıda yerüstü metronun tikintisi nəzərdə tutulubmu?

- Hal-hazırda bizdə yerüstü metronun tikintisi nəzərdə tutulmayıb. Bilirsiniz ki, 2011-ci ildə ölkə başçısının imzaladığı sərəncama əsasən metronun konseptual inkişaf sxemi var. Əsas prioritet istiqamətimiz orada qeyd edilib. Konseptual inkişaf sxemində nəzərdə tutulan əlavə xətlər və əlavə stansiyalar hesabına hamısı yeraltıdır. Yalnız "Bakmil" stansiyası yerüstüdür.

- "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi dəyişdikdən sonra metro parkının yenilənməsinə başlandı. Yenilənmə prosesi davam edəcəkmi?

- Hal-hazırkı parkımız müvafiq tələblərə cavab verir. Sual verə bilərsiniz ki, söhbət hansı tələblərdən gedir? Təbii ki, qatarlarımız komfort baxımından əlverişli deyil, kondisioner sistemi yoxdur. Amma istifadə olunan heç bir qatarın istismar müddəti başa çatmayıb. İstismar müddəti başa çatmayan qatarı əvəz etmək çətin məsələdir. Amma yaxın bir neçə ildən sonra artıq bəzi qatarlar var ki, onlar istismar müddətini başa vuracaq. Həmin müddətdən etibarən biz parkımızın yenilənməsini davam etdirəcəyik. Ardıcıl olaraq, ilbəil bizim istismar müddətini başa vurmuş qatarları istismardan çıxaracağıq və yeniləri ilə əvəzləyəcəyik. Təbii ki, bu qatarlar indikilərdən fərqlənməlidir. Komfortlu, təhlükəsiz, eyni zamanda sərnişinlərimizin tələbi olan kondisionerli qatarlarla əvəz olunacaq.

- Fransanın "Thales SA" şirkətinin "28 May" stansiyasının təmiri ilə bağlı planı var idi. Deyəsən, işə başlamadan dayandırmaq qərarına gəldiniz.

- Bəli, iqtisadi durumla əlaqədar biz işlərə başlamadan dayandırmaq məcburiyyətində qaldıq. Hazırda daha prioritet layihələrin icra olunmasına qərar verdik. Məsələn, sərnişin sıxlığı çox olduğu üçün qərara gəldik ki, bir neçə stansiyanın açılışını həyata keçirək. Hazırda "Şah İsmayıl Xətai" stansiyasından tikilməkdə olan "Həzi Aslanov-2" stansiyasınadək Nobel prospekti boyunca 3 stansiyanın tikintisi planlaşdırılır. Bakı Neft Emalı Zavodunun qarşısında şərti adı "E-15" olan stansiyanın start kamerasının tikintisinə başlamışıq. Yəqin ki, yanvar ayından biz orada tunelqazma işlərinə başlayacağıq. "Şah İsmayıl Xətai" stansiyası istiqamətində tuneli qazmağa başlayacağıq. Oradan da işlər "Ağ şəhər"də yerləşən və şərti adı "E-14" olan stansiyanı keçməklə, "Şah İsmayıl Xətai" stansiyasına qədər davam edəcək, daha sonra "E-15"-dən "Həzi Aslanov" istiqamətinə yönələcək. Həmin ərazidə isə bizim "E-16" və "Həzi Aslanov-2" stansiyalarımız var. Bizim yaşıl xətt "Dərnəgül" - "Xətai" stansiyaları arasında yerləşir. Bu xəttin gələcəkdə dairəvi olması nəzərdə tutulur. Başqa sözlə, "Dərnəgül" stansiyasında başlayacaq və dövrə vuraraq, yenidən "Dərnəgül"də bitəcək. "Şah İsmayıl Xətai" ilə "Həzi Aslanov-2" stansiyalarını birləşdirməklə biz artıq yarımdairəni əldə etmişik. "Xalqlar Dostluğu", "Əhmədli", "Həzi Aslanov" stansiyalarında yaşayan və oradan istifadə edən sərnişinlər "28 May", yəni şəhərin mərkəzi istiqamətinə gəlmək üçün digər xətdən istifadə etməyə lazım bilməyəcək. Yəni "Həzi Aslanov" stansiyasından oturacaq və 3 stansiya sonra "Şah İsmayıl Xətai" və ya "Cəfər Cabbarlı" stansiyalarına çatacaq. Bu da bizdə bir xətt üzrə müşahidə edilən sərnişin sıxlığını aradan qaldırmağa yardım edəcək. 10 min sərnişinin 5 mini bir, 5 mini isə digər istiqamətdə hərəkət etsə, həm sıxlıq azalar, həm də həmin ərazidə yaşayan digər sərnişinlərin də metrodan istifadəsinə səbəb olar. Başqa bir məsələ odur ki, biz "Dərnəgül" və "Koroğlu" stansiyalarını birləşdirməyə çalışırıq. Həmin stansiyalar arasında iki yeni stansiya salınacaq. Şərti adı "B-1 və "B-2 olan stansiya və şərti adı "E-3 olan stansiyamız olacaq ki, o da "Koroğlu" ilə keçid stansiya olacaq. Proqnoz vermək düzgün deyil. Amma biz "Papanin" adlanan ərazidə yerləşən və şərti adı "B-3" stansiyanın açılışına hazırlaşırıq. Həmin stansiya bənövşəyi xəttin 3-cü stansiyasıdır. Artıq orada tunelqazma işləri başa çatıb, stansiyanın tikintisi davam edir, avadanlıqlarla bağlı tenderlər də keçirilib, sifarişlər verilib. Heç bir əngəl olmazsa, 2018-ci ildə stansiyanın açılışı olacaq.

"66 ev köçürüləcək"

- Neft Emalı Zavodunun yaxınlığından keçən ərazidə çənlərin, neft borularının olması tikinti işlərinə hər hansı maneə törədirmi?

- Bizim ərazi zavodla üzbəüz ərazidir. Planlaşdırma aparılan kommunikasiya xətləri, bu cür obyektlərin olması nəzərə alınır. Əgər maneə törədirsə, razılaşdırılmış qaydada ərazidən köçürülür. Bütün bunlarla bağlı müvafiq qurumlarla danışıqlar aparılır.

- Zaman-zaman cəmiyyətdə belə fikirlər səslənir ki, tikinti işləri xəttin üzərində yerləşən tikililərə təhlükə yaradır. Bu, realdırmı?

- Heç bir təhlükə yoxdur! Çünki metro tikintisi quyu qazmaq deyil. Biz tikinti işlərini dünyada qəbul olunmuş standartlara əsasən və dünyanın hər bir yerində istifadə olunan texnologiyadan istifadə etməklə həyata keçiririk. Birinci start kamera tikilir, tunelqazma maşını yerləşdirilir və şəhər planı nəzərə alınmaqla, hansı dərinlikdən keçməyi müəyyən edilməklə, tunelin qazıntısına başlanılır. Məsələn, Neft Emalı Zavodunun yanında dərinlik 20 metrdir. Amma "Xətai" stansiyasına doğru irəlilədikcə dərinlik 45 metrə qədər artır. Bütün bunlar nəzərə alınır.

- Bəs sonradan stansiyaların yaxınlığında və xətlərin üzərində tikilən obyektlər hər hansı təhlükə yaradırmı?

- Biz təhlükə yaradan obyektlərlə bağlı müvafiq qaydada müraciət etmişik. Əgər ciddi bir təhlükə varsa, biz mütləq həmin obyektin köçürülməsinə nail oluruq. Məsələn, "Dərnəgül" elektrik deposunun ərazisində xeyli sayda evlər tikilib. Məcburi köçkünlərin yaşadığı həmin ərazi ilə bağlı müvafiq qurumlara müraciət etdik və artıq işlərə başlamışıq. Biz "Xocahəsən" elektrik deposu ilə "Avtovağzal" arasında tunel tikirik. Amma bilirsiniz ki, "Motodrom" adlandırılan ərazidə xeyli sayda ev var. Bu evlər hal-hazırda təhlükə mənbəyidir. Yəni tunelin tikintisi o evlərə zərər verə bilərdi. Buna görə biz bir plan üzrə hərəkət etdik. Plan ondan ibarət idi ki, sakinlərə təhlükəni izah etdik və öz vəsaitimiz hesabına kirayə köçürdük. Həmin evlərin heç birinin bünövrəsi yoxdur, hətta o evlər küləyə həssasdır. Torpaq qatı isə olduqca əlverişsizdir. Orada ev tikməyin özü belə təhlükəlidir. Bunları nəzərə alaraq, sakinlərlə konsensusa gəldik və öz vəsaitimiz hesabına onları köçürdük. Bundan sonra sakinlərin evlərinin bünövrəsini möhkəmləndirib qazıntı işlərinə başladıq. Hətta bir nəfərin evi uçmuşdu, biz onu yenidən tikib, protokol ilə təhvil vermişik. Həmin ərazidə 66 ev var. Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti ilə razılaşdıq ki, qatarların hərəkəti o evlərə təhlükə yaradacaq və bundan sonra evlərin köçürülməsi ilə bağlı qərar qəbul olundu. Hal-hazırda bununla bağlı iş gedir. Müvafiq qurumlar kompensasiya məbləğinin müəyyən edir və oradan sakinlər köçürülməlidir. Demək istədiyim odur ki, metroda baş verənlərin heç biri təsadüfi deyil, hər bir məsələ ən xırda detalına qədər müəyyən edilir.

"Xəyal etdiyimiz hadisə baş vermədi"

- Bir çoxu hesab edirdi ki, "Avtovağzal" stansiyasının açılışı Bakı-Sumqayıt yolunda tıxacın azalmasına səbəb olacaq. Amma gözlənilən baş vermədi. Ümumiyyətlə, stansiyadan istifadə edənlərin sayı proqnozlaşdırılan səviyyədədirmi?

- Əslində, xəyal etdiyimiz hadisə baş vermədi. Bəzən insanlar bir xətdən digərinə keçmək istəmirlər. Ola bilsin ki, onun getdiyi ərazi metronun növbəti stansiyasının ərazisi deyil. Amma Biləcəri qəsəbəsi ərazisində yaşayan sakinlər, xüsusilə stansiyaya yaxın olanlar birmənalı şəkildə bildiriblər ki, bizim üçün bu stansiya çox rahatdır. Bunun effekti bənövşəyi xəttin növbəti stansiyalarının açılışından sonra olacaq. Başqa sözlə, şərti adı "B-3" olan "Papanin"dəki stansiya ilə "B-4" adlandırdığımız Heydər Əliyev adına idman sarayı ilə "Semaşko" arasında olan stansiyanın tikintisindən sonra. "B-5" stansiyası isə "Qış bulvarı"nın yaxınlığında yerləşəcək. "B-6" isə Azadlıq meydanının yaxınlığına düşür. O stansiyalar istifadə verildikdən sonra daşımalarımız xəyal etdiyimiz səviyyədə olacaq.

- Bakı-Sumqayıt elektrik qatarının istismara verilməsi sizin daşımalara nə cür təsir edib?

- Ciddi təsirdən söhbət gedə bilməz.

"Milanda üfunətdən metroya girmək olmur"

- Orta statistik azərbaycanlının ictimai nəqliyyatdan istifadə etməməsi sizcə nə ilə əlaqədardır?

- Məncə bizim genimizlə bağlıdır. Məsələn Avropada zəngin insanlar ictimai nəqliyyatdan istifadə edir. Düzdür biz bunu arqument kimi gətirəndə bizə deyirlər ki, "onlarla bizim ictimai nəqliyyatın arasında N qədər fərq var". Mən bununla razı deyiləm. Bu yaxınlarda xaricdən Bakıya dostlarımız gəlmişdi. Onlar deyir ki, Milanda üfunətdən metroya girmək olmur. Hətta bunu sosial şəbəkələrdə də bölüşüblər. Avropada pulu olan adam daha qənaətcil avtomobildən və ya ictimai nəqliyyatdan istifadə edir, piyada gəzir. Amma bizdə imkanı olan-olmayan ən iri qabaritli, mühərrik həcmli avtomobil alır. Bu, bizdən asılı olan məsələdir.

- Sumqayıta metro xəttinin açılması söz-söhbətdir, yoxsa reallıq olacaq?

- "Bakı Metropoliteni" QSC-nin 2011-ci ildə qəbul olunmuş və 2030-cu ilədək olan dövrü əhatə edən konseptual inkişaf sxemi var. Həmin sənəddə 5 xətt, 6 elektrik deposu, 76 stansiya təsdiq olunub. Onların trayektoriyasına nəzər saldıqda görərik ki, "Xocahəsən" stansiyası siz qeyd etdiyiniz istiqamət üzrə sonuncudur. Başqa sözlə, yayılan xəbərlər söz-söhbətdən başqa bir şey deyil. Sakinlər öz arzularını dilə gətirir. Məsələn, Sumqayıt sakinləri metro arzu edir. Mənim şəxsi fikrim isə bundan ibarətdir ki, Bakı-Sumqayıt elektrik qatarı hamısından sərfəlidir.

"Gediş haqqının artırılması heç müzakirə olunmur!"

- Bu günlərdə metroda gediş haqqının artırılması ilə bağlı informasiyalar yayıldı. Gediş haqqının artırılması gündəmdədirmi?

- Bəzi saytlar iddia etdi ki, sərnişindaşıma xərci çoxdur. Hökumətimiz sosialyönümlü layihələr həyata keçirir və keçirəcək. Müəyyən sahələrə olduğu kimi, "Bakı Metropoliteni" QSC-yə də lazım olan dotasiya ayrılır. Hazırda qiymət artımı ilə əlaqədar bizim hər hansı müraciətimiz yoxdur. Bu, heç müzakirə olunmur! Narahat olmağa səbəb yoxdur.

- Bir çox ölkələrdə metroda gediş haqqı məsafəyə görə təyin olunur. Bizdə bu cür praktikaya keçid yaxşı olmazmı?

- Bu təcrübə bir çox ölkələrdə var. Məsələn, İstanbulda da var. Amma buna İstanbul bələdiyyəsi nəzarət edir. Ankarada da metro bələdiyyənin tabeliyində olduğundan onlar sərbəst qərar verə bilirlər. Bizdə isə buna Tarif Şurası nəzarət edir. Bizim istəyimizlə alınan məsələ deyil. Ola bilsin ki, bizdə də tarifi müəyyən etmək öz səlahiyyətimizdə olsaydı, onda biz də gəlir əldə etmək məqsədilə müəyyən layihələr həyata keçirə bilərik.

"Əvvəlki xaosun yaranmayacağına 100% təminat veririk"

- İndiki vəziyyətdə "metroda alver birdəfəlik yığışdırılıb!" deyə bilərikmi?

- Bizim ərazilərimizdə sərnişin axınına maneə törətməyəcək şərtlərlə ticarətə icazə veriləcək. Başqa sözlə, kitab, gül mağazalarının və apteklərin fəaliyyətinə icazə veriləcək. Lakin bu da məhdud sayda olacaq. Amma əvvəlki xaosun yaranmayacağına 100% təminat veririk.

- "Azərişıqa borcunuz var?

- Bizim bir köpük də olsun (gülür - red.) borcumuz yoxdur!

"Eskalatorun aşağısında olan fırça ayaq silmək üçün deyil"

- Rəsmiyyətlə sizi çox yorduq, keçək qeyri-rəsmi suallara. "Sərnişin-maşinist əlaqəsi" düyməsini basıb "filan vaqona 2 dənə kofe ver" deyənlərə münasibətiniz necədir?

- Buna normal baxırıq. Zövqlər, düşüncələr insanların, yəni sərnişinlərin sayı qədərdir. Onlara bu cür zarafatlar normal görünə bilər. Bəlkə də müəyyən yaşda bizim üçün normal görünürdü. Düzdür, eləməsələr yaxşıdır. Məsələn metroda "pulunu vermişəm, düşərsən" zarafatı həmişə dəbdə olub. Bu zarafat onların kefini açırsa, bu, əladır. Təki həmişə deyib-gülsünlər...

- Və yaxud perronda dayanan xanıma "tenisçi" deyənlər... Yeri gəlmişkən, bir dəfə özüm şahidi olmuşam ki, bir oğlan yaxınlaşıb həmin xanıma və saatı soruşub. Həmin xanıma isə sakitcə baş işarəsi ilə platformadakı saata işarə edib. Oğlan dilxor olmuşdu...

- Əslində həmin xanımlar sərnişinlə ümumiyyətlə təmasda olmamalıdırlar. Çünki metronun içinə daxil olarkən bütün məlumatlandırma lövhələri var. Orada duran insanın işi sərnişinləri məlumatlandırmaq deyil, qatarların qəbul edilib, yola salınmasıdır. Başqa sözlə, həmin şəxslər qatarların təhlükəsiz və maneəsiz hərəkətinə nəzarət edir. Bəzən şikayət edərək deyirlər ki, xanımlar cavab vermirlər. O sizə cavab verirsə, sizə hörmət edib. Onun işi qatarların təhlükəsiz şəraitdə platformanın daxilinə və yola salınmasına xidmət etməkdir.

- Həmkarımız Nəsimi Nəbizadə deyir ki, 60 ilə yaxındır Bakıda metroda var və 60 ildir eskalatora nəzarət edən xanım deyir ki, "sağ tərəflə hərəkət edin". Bu, sizə paradoksal görünmür?

- Metropolitendə tətbiq olunan qayda-qanunlar praktikadan keçirilmiş şeylərdir. Məsələn, sağ tərəfdə dayanmalısan ki, gecikən insanlar sol tərəflə tez keçə bilsin. Mütəmadi elan olunur ki, eskalatorda oturmaq təhlükəlidir. Düşünək, əgər oturan şəxsin paltarı eskalatora ilişsə və eskalator onu dartsa, ən yaxşı halda necə olacaq? Eskalatora dəyən ziyan bir yana, insana zərər dəyə bilər axı! Və ya eskalatorun aşağısında olan fırça qoruyucu rolunu oynayır. Bizim insanlar, sağ olsunlar, ondan ayaqqabısını təmizləmək üçün istifadə edirlər. Eskalatorda düymələr var ki, təcili hadisə baş verdikdə, ondan istifadə etmək lazımdır. Bir də görürsən bizim "mədəniyyətli" insanlardan biri ən yuxarıya çatanda həmin düyməni basır və eskalator dayanır. Ağıldan kəm sərnişininin hərəkətinə "Bakı Metropoliteni" nə etsin?! Deyirlər ki, eskalator dayandıqdan sonra niyə tez işə salınmır. Axı bu eskalator dayandıqda ilk öncə onun dayanma səbəbləri araşdırmalıdır. Onu yenidən işə salmaq üçün bütün texniki təhlükəsizlik qaydaları müəyyən edilməli və anons edildikdən sonra işə salınmalıdır. Gərək mədəniyyət olsun! Buna biz heç nə edə bilmərik.

- Çoxdandır metroda dilənçilər gözə dəymir...

- Bu işdə "Bakı Metropoliteni"nin təhlükəsizliyinə cavabdeh olan polis əməkdaşlarının əməyi danılmazdır. Onlar ciddi nəzarət edir. Düzdür, hərdən keçməyi bacaranlar olur. Onlar sərnişin kimi daxil olur, amma vaqona daxil olan kimi, başlayırlar dilənməyə. Bu sahədə sərnişinlər də bizə yardım etməlidirlər.

- Metroda təhlükəsizliyin təmin olunması zaman-zaman müzakirə olunur. Təhlükəsizliyin səviyyəsi sizi qane edirmi?

- Təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Tam əminliklə deyirəm ki, sərnişinlərin metroda gördükləri təhlükəsizlik tədbirləri real tədbirlərin çox cüzi hissəsidir. Hətta mənim də bilmədiyim bir çox şeylər var.

"Jurnalistlər mühəndisdən, fəhlədən hansı meyarlarına görə artıqdır?

- Bu yaxınlarda bir mövzu atılmışdı ortaya ki, jurnalistlər üçün metrodan istifadə pulsuz olsun. Buna münasibətiniz.

- Şəxsi münasibətim - olmasın! İctimai nəqliyyatda güzəşt məsələsinə Nazirlər Kabineti baxır. Uyğun görərlərsə, bizə bunu icra etmək düşür. Burada bir məsələ var: jurnalistlər, ya vəsiqəlilər?! İlk növbədə bunu müəyyən etmək lazımdır. 400-500 sayt var. 15-nin bir rəhbəri var. Amma sabah desələr ki, gediş haqqı pulsuz olsun, bir saytın 15 əməkdaşı olacaq. Vəsiqə paylamaq asandır, buna nəzarət edən lazımdır. Söhbət hansısa güzəştdən gedə bilər, tam güzəştdən yox. Əslində mən tam güzəştin əleyhinəyəm. Jurnalistlər mühəndisdən, fəhlədən hansı meyarlarına görə artıqdır? Media nümayəndələrinin kimdənsə asılı olmasının əleyhinəyəm.

- Siz metrodan istifadə edirsinizmi?

- İşə gələrkən və işdən gedərkən metrodan istifadə etmirəm, çünki xidməti maşınım var. Amma iş günü ərzində şəhərin müxtəlif yerlərinə, metro ilə gedilməsi mümkün olan yerlərə metrodan istifadə edərək gedirəm. Yerüstü nəqliyyatın vəziyyəti aydındır - tıxac və digər problemlər... Buna görə, iş saatlarında metroya üstünlük verirəm.

- Zəhmət olmasa, görmək istədiyiniz metronu təsvir edin.

- Hal-hazırkı vəziyyət mövcud imkanlar daxilində normaldır. Amma mən istərdim ki, bütün qatarlar kondisionerli olsun, bütün işçilər üçün gözəl şərait olsun, bütün stansiyalar gözəl olsun, sərnişinlər çox rahat şəkildə hərəkət edə bilsinlər, qiyməti münasib olsun. Adi vətəndaşın görmək istədiyi metronu görmək istəyirəm. Qeyri-adi istəyim yoxdur.

"Heç bir jurnalistə yuxarıdan aşağı baxmıram"

- Siz mətbuat katibi kimi bu sahəyə yeni nəfəs gətirdiniz. Zamanla ayaqlaşıb, "Facebook"dan praktik istifadə etməyə başladınız. Hər hansı hadisə baş verərsə hadisəni öz səhifənizdə işıqlandırırsınız...

- Bu, bizim borcumuzdur. Bəzi insanlar var ki, elektron poçtuna günlərlə baxmırlar. "Facebook" isə günün tələbədir. Mənimlə dostluq edənlərin 80%-i jurnalistlərdir. İşimin xətrinə, həm də jurnalist olduğum üçün informasiyanı jurnalistlər üçün əlçatan etmək istəyirəm. Mən hətta press-reliz yazanda jurnalist kimi yazıram.
Mənim şəxsi fikrimə görə, bütün mətbuat katibləri mətbuat nümayəndələri üçün əlçatan olmalıdır. Amma iki fərqli qurumun mətbuat katibi eyni statusda ola bilməz. Buna baxmayaraq, hər ikisi əlçatan olmalıdır. Amma hər ikisi suala operativ cavab verməldirmi? Belə düşünmürəm. Bir hüquq-mühafizə orqanının mətbuat katibi ilə məni yanaşı qoyun. Tutaq ki, haradasa bir hadisə baş verib. Təbii ki, hüquq-mühafizə orqanının mətbuat katibi bu hadisənin səbəbini araşdırmalıdır, yekun nəticəyə gəlməlidir. Çünki istintaq gedir və s. Amma mənə zəng edirlər ki, filan stansiyada gecikmə olub. Zəng edib öyrənirəm, ardınca operativ cavab verirəm. Amma onun operativ cavab verməyi düzgün deyil. "O da Nəsimi kimi olsun" deyə bir iddia olmamalıdır.

- Mətbuata diskriminativ yanaşan mətbuat katibləri var. Onlara münasibətiniz necədir?

- Yəqin ki, omların da özlərinə görə səbəbi var. Mən elə yanaşmıram. Hətta məndən küsən jurnalist mənə zəng edib münasibət öyrənəndə, sizinlə necə danışıramsa, onunla da eyni danışıram. Mən bu işə görə əmək haqqı alıram. Ona görə heç kəsə fərq qoymuram. Mən jurnalistlərin heç birinə iş müstəvisində yuxarıdan aşağı baxmıram. Onların arasında heç bir fərq görmürəm.

- Peşə bayramını necə qeyd edəcəksiniz?

- Bu ərəfədə bizim tədbirlərimiz çox olur. Peşə günü ilə əlaqədar metropolitençilərimizlə iclas keçirilir. Müəyyən təltiflər olur. Bu gün bizim üçün qürurverici bir gündür. Bütün metropolitençilər bir-birini gördükdə peşə bayramı münasibətilə təbrik edir. Axşamadək bayram əhval ruhiyyəsində oluruq, kim kimi harada görürsə, təbrik edir.

- Siz dəfələrlə demisiniz ki, metropolitenin kollektivi bütöv bir ailədir. Bu ailənin başçısı olan Zaur Hüseynovun ailə üzvlərinə münasibəti necədir?

- Başlasam danışmağa, yanlış anlaşılar (gülür - red.). Zaur Hüseynov öz vəzifə borcunu yerinə yetirən şəxsdir. Biz sərnişindaşıma ilə məşğuluq. Eyni zamanda bütün bu işləri görən ən xırda vəzifədən tutmuş, yüksək vəzifəyə kimi hamının qayğısına qalır. Gələn ilin fevral ayında "Bakı metropoliteni" QSC-nin yaranmasının 3 ili tamam olur. İstənilən əməkdaşa yaxınlaşıb soruşa bilərsiniz ki, QSC-nin rəhbərliyi bütün işçiləri bərabər paylaşmaqla onların sosial şəraitinin, iş şəraitinin yaxşılaşdırılması üçün hansı işlər görüb? İlk dəfə işçilər ölkə xaricinə - Gürcüstana, Rusiyaya, Türkiyəyə turistik səfərlərə gedirlər. Mütəxəssislərimiz Almaniya, Fransa, Türkiyə, Kanada, İngiltərə, İspaniyaya təcrübə kurslarına yola salınır. İlk dəfə təlim-tədris mərkəzi açılıb. 30-40 ildir Bilgəhdə bizim müalicə sanatoriyamız var idi. Şəraitsizlik səbəbindən metropolitençilər heç vaxt ora istirahətə getməyiblər. Amma QSC yaranan kimi Zaur müəllimin göstərişi ilə təmir işlərinə başlanılıb. İnsanların müalicəsi üçün orada ilkin tibbi avadanlıqlar Çexiyadan, Almaniyadan gətirilib, 5 çoxmərtəbəli kottec tikilib. Oranın ümumiyyətlə qazanxana sistemi olmayıb. Qazanxana sistemi qurulub, indi 24 saat isti suyu var. Kafesi, iki futbol meydançası, uşaqlar üçün böyük şahmat stadionu tikilib. Başqa sözlə, istənilən şəraiti yaradılıb ki, yayboyu əməkdaşlarımız ailəsi ilə birlikdə orada həm müalicə olunsun, həm də istirahət edə bilsinlər. Ağır iş rejimində işləyənlərin işləri yüngülləşib, iş saatları qrafikə salınıb, Əmək Məcəlləsinin bütün tələblərinə əməl olunur. Ailə başçısı ailəsinin qayğısına necə qalırsa metropoliten rəhbərliyi də bütün işçilərinin qayğısına bərabər səviyyədə qalır.