Mühəndis kommunikasiyalarının, elektrik ötürücü, rabitə, magistral neft-qaz kəməri xətlərinin və digər xətti qurğuların dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşdirilməsinə yalnız "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırmaqla yol veriləcək.

Unikal.org-un məlumatına görə, bu, Nazirlər Kabinetinin "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarında etdiyi dəyişiklikdə əksini tapıb.

Qaydaya əsasən bu sahədə səlahiyyət əvvəllər Nəqliyyat Nazirliyinə məxsus olub. Dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahəsindən müddətli istifadəçilərin uçotu da artıq "Azərbaycan Dəmir Yolları QSC tərəfindən aparılacaq. Eyni zamanda bundan sonra  Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi deyil, "Azərbaycan Dəmir Yolları QSC ilə Daxili İşlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edəcək, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alacaqlar.