"Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri yarananda ölkənin cəmi 7 milyon əhalisi var idi və bizdə 1 milyon qaçqın və məcburi köçkün yarandı. O zaman bizdə hər 7 nəfərdən biri qaçqın və məcburi köçkün oldu. O dövr üçün də, bu gün üçün də qaçqın və məcburi köçkünlərin ölkə əhalisinə sayına mütənasiblikdə Azərbaycandakı problemin dünyada analoqu yoxdur.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı Baş nazirin müavini Əli Həsənov deyib.

"Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı təbii artımla 1 milyon 200 minə çatıb. Bu dövrə qədər qaçqın və məcburi köçkünlərin hüquqları bir dəfə də pozulmayıb. Heydər Əliyevin yaratdığı bu mexanizm sahəsində qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasına indiyədək 6,1 mlrd. manat vəsait sərf olunub. Bu, həm büdcə, həm Dövlət Neft Fondu və həm də beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlərdir. Bu vəsaitlər hesabına 95 müasir qəsəbə tikilib, 250 min qaçqın və məcburi köçkün yeni mənzillə təmin olunub, 350 min qaçqın və məcburi köçkünün isə köçürülməsinə ehtiyac var. Bəzən çıxışlarda qeyd olunur ki, onların problemi həll olunmur" - deyə, Ə. Həsənov bildirib.
Baş nazirin müavini qeyd edib ki, Bakıda qaçqın və məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir: " Fövqəladə Hallar Nazirliyitərəfindən artıq 51 bina ilə bağlı rəy verilib. Bu binalarda hər an təhlükə baş verə bilər. Cənab prezident həmişə qaçqın və məcburi köçkünlərin problemlərinə çox ciddi yanaşaraq gündəlik bu problemlərlə məşğul olub. Mən 9 aylıq sosial-iqtisadi yekunlarla bağlı keçirilən iclasda bu məsələ ilə bağlı məlumat vermişəm. Prezident 51 qəzalı binada yaşayan qaçqın və məcburi köçkünün problemini həll etmək istiqamətində maliyyə naziri və mənə tapşırıq verib. Büdcə müzakirələrindən sonra təkliflər hazırlayacaq və prezidentə təqdim edəcəyik.
Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin probleminin həlli ilə bağlı vəsaitin çatışmaması ilə bağlı fikirlərlə razılaşmadığını qeyd edib: "İdmana ayrılan pulların qaçqın və məcburi köçkünlərin problemə yönəldilməsi təklif olunur. Azərbaycanda beynəlxalq səviyyəli idman tədbirləri keçirilir və bu sahəyə də mütləq vəsait ayrılmalıdır. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün istənilən yerdən vəsait tapa bilərik. Siz də yaxın zamanlarda bunun şahidi olacaqsınız.
Ə. Həsənov qaçqın və məcburi köçkünlərə ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı fikirlərlə razılaşmadığını qeyd edib: "Kiminsə hansı bir idarə, komitə və ya nazirə sözü varsa, öz sözünü desin. Hesablama Palatasını burda qeyd etmək lazım deyil. Hesablama Palatası şəffaf qurumdur və şəffaf da işləyir. Hesablama Palatasının rəyində yeyinti anlayışı yoxdur. Yeyinti, filan başqa şeydir. O aktda yazılıb ki, qaçqın və məcburi köçkünlərin yemək xərci siyahısı ilə elektrik, su və qaz təchizatı sayında fərq var.
Əli Həsənov qeyd edib ki, "son zamanlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb": "Ölkə başçısı isə bu təbəqəyə qarşı çox həssaslıqla yanaşır.
Qaçqınların statusunun və güzəştlərin ləğvi ilə bağlı fikirlərə toxunan Ə. Həsənov deyib ki, bu Azərbaycanın daxili işidir və kimsə buna müdaxilə edə bilməz: " Azərbaycan əhalisinin hansı təbəqəsinə güzəşt verir, hansı hissəsinə yox, bunu dövlət bilər. Bu açıqlamalar qaçqın və məcburi köçkünlərdə narazılıq yaradıb. Onları niyə görə incitməliyik?"