Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 41 dəfə pozub.

Unikal.org-a nazirlikdən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağa səfər edib.