Dekabrın 10-dan analoq televiziya yayımı daha 32 rayonda dayandırılacaq.

Unikal.org bildirir ki, bu barədə trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən məlumat verilib.

Analoq yayım Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyşay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda dayandırılacaq.

Dekabrın 10-u saat 00:00-dan həmin rayonlarda bütün yayım ya rəqəmsal standartda, ya da kabel TV və peyk vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, dekabrın 1-dən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV yayımı dayandırılıb.

Dekabrın 20-dən isə Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada analoq yayım dayandırılacaq.

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderləri ("Set-Top-Box) 35 manat ödəməklə istifadə haqqında təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan anten vasitəsilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən, Bakı və Abşeron yarımadasında isə bu il noyabrın 1-dən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli "Qaynar xəttnə zəng etmək olar.