MİRŞAHİNDƏN QORXURAM...
Unikal.org tanınmış futbol şərhçisi Gündüz Abbaszadənin AzNews.az-a verdiyi müsahibəni təqdim edir.
– Gündüz, nəsə narahat görünürsən... 

– Hə...

– Nə olub? 

– Təbii ki, mən də bu ölkənin vətəndaşıyam, vətənimdə baş verənlər hamı kimi məni də narahat edir. 

– Nədənsə təskinlik tapa bilmirsən? 

– Bir qızım var, düzü, ona görə yaşayıram... 

– Neçə yaşı var ki?

– Hələ balacadır. Mayda 6 yaşı olacaq. Atamın öldüyü gün ata olmuşam. Atam mayın 7-də rəhmətə gedib. 

– Səncə, bir ömrü uşağa görə yaşamaq mümkündürmü?

– Həmişə o fikirdə olmuşam ki, ata olandan sonra yalnız övlad üçün yaşamağa başlayırsan. Yaşamalısan da! Necə ki, evə gedəndə, qızımın üzünü görəndə, onunla baş-başa qalanda bütün dərd-sərimi unuduram... Gözümdə həyatın əhəmiyyəti artır. Amma bəzən qızımın gözlərinə baxa bilmirəm...

– Niyə?

– Çünki onun elə istəkləri var ki, reallaşdırmağa gücüm çatmır. 

– Madiyyatla bağlı məsələdir?

– Düzünü deyim ki, hə, problemlərim konkret olaraq madiyyatla bağlıdır. Mən qızım üçün pis ata olmamışam. Olmaram da! Bu günə kimi onun bütün mənəvi istəklərini qarşılamışam, amma söhbət maddi məsələlərə gələndə pərt oluram. Allah yoxun üzün qara eləsin. Uşaq qohum-qonşuda nəsə görür, gözü kiminsə əlində nəyəsə sataşır, o saat yanıma gəlir, həmin şeylərdən istəyir... Mən bu istəkləri qarşılaya bilməyəndə utanıram.

– Gündüz, niyə maddi problemlərin var ki? 

– Düzü, "Neftçi"də işlədiyim vaxtlar gəlirim yaxşı olurdu. ANS-də çalışanda da o qədər pis deyildi. Amma o dövrün tələbləri başqa idi. İndi xərclər xeyli çoxalıb. 
Nə qədər işləsəm də bu gün maddi sıxıntını özümdə çox hiss eləyirəm...

"ATAM XƏSTƏLƏNƏNDƏ AYAĞINI OVXALAYAN DOSTLARI İNDİ QAPIMIZI AÇMIRLAR"

– Yəqin belə sıxıntıların içində atan Balaş Abbaszadə tez-tez yadına düşür...

– Əlbəttə... Atam bizə heç vaxt çətinlik yaşatmayıb, onun maddi vəziyyəti həmişə yaxşı olub. Atam yaxşı vəzifələrdə işləyib. Milli Məclis sədrinin köməkçisi olub. Jurnalist fəaliyyəti olub, yazıçı olub, Yazıçılar Birliyinin üzvü olub... Atam 1996-cı ildə həbs olunana qədər bizim heç bir maddi problemimiz yox idi, bizə çox yaxşı baxırdı. 

Bu gün isə atamın mənə elədiklərini düşünüb övladım qarşısında utanıram. Allah heç bir atanı övladının istəyi qarşısında utandırmasın. Övlad qarşısında başı aşağı olmaq mənə çox pis təsir edir. 

– Bəs atanın dostları baş çəkmir?

– Kəramət, atamın o qədər dostları vardı ki... Saymaqla qurtaran deyil. Tanınmış sənətçilər, millət vəkillərindən tutmuş ən adi insanlara kimi hamıyla xətir-hörmət saxlayırdı. Atamın yanından əl çəkməyən, atama sürücülük eləyən, xəstələnəndə ayağını ovxalayan dostları onun həbsindən sonra qapımızı döymədi.

– Yaxşı dostları heç olmayıbmı?

– Təbii ki, yaxşı dostları da var, amma iki-üç nəfərdən artıq deyil. Məsələn, o yaxşı dostlardan biri də yazıçı Nəriman Əbdülrəhmanlıdır. Mən Nəriman müəllimi 12-13 yaşıma kimi əmim bilirdim. Həmişə mənə əmi olub. 

– Niyə belə kövrək hisslərlə yaşayırsan? Məni axtarmadılar, qapımı döymədilər... 

– Yox... Sadəcə, xatırlatmaq istədim. Bəlkə oxuyub vicdanları sızladı...

– Maraqlıdır, necə oldu ki, ANS-də işləməyə başladın?

– O vaxt mənə dedilər ki, ANS-də işləməyə adam lazımdır. Müsabiqə keçirirdilər. Gedib müsabiqədə fərqləndim, məni işə götürdülər. 

Beləliklə, 2001-ci ildən 2011-ci ilə kimi orda çalışdım. 

– Bəs 10 il gedib-gəldiyin yerdən necə ayrıldın?

– Əlbəttə, çətin idi. Mən elə bilirdim ANS-dən başqa heç hara iş yerim deyə bilmərəm. ANS mənim üçün ailə idi. Həyatımda böyük bir məktəb rolunu oynadı. Mən nə öyrəndimsə ANS-də öyrəndim, orada yetişib, tanınıb, axırda Gündüz Abbaszadə oldum...

– Mirşahinlə yola gedirdinmi?

– Əlbəttə... Mirşahin çox yaxşı dostdur, gözəl insandır...

– Dost?

– Hə... Bir dəfə efirdə bir cümlə işlətmişdim, Mirşahin ondan sonra dedi ki, sən mənim dostumsan. 

– Maraqlıdır, onu sənlə dost eləyən hansı cümlə idi? 

– Mirşahin tez-tez bizə deyirdi ki, standartlardan çıxın, fərqli yazın. Filankəs qol vurdu, topu tutdu, atdı... Belə ifadələr çoxdan köhnəlib. 

Səhv eləmirəmsə 2003-cü il idi. "Neftçi" ilə "Bakılı" futbol klubları üz-üzə gəlmişdi. Bu oyundan hazırladığım reportajda yazmışdım ki, "Neftçi"nin futbolçuları neft axtarır. Həmin oyunda Neftçi 87-ci dəqiqədə qol vurub 1-0 udmuşdu. 

Belə yazmışdım: "Nəhayət ki, 87-ci dəqiqədə neft "Bakılı"nın qapısında fontan vurdu".

İclasda Mirşahin kadrı geri çevirib bu cümləyə 3-4 dəfə qulaq asdı. Qorxdum ki, yəqin xoşuna gəlməyib. Sonra İlqar Mikayıloğlu və Asif Bağırovdan soruşdu ki, bu cümləni siz yazmısınız? Onlar dedi, yox, Gündüz özü yazıb. 

Mirşahin ayağa durub məni qucaqladı. Üzümdən öpüb dedi ki, bu gündən sən mənim dostumsan... Həmin günün axşamı Mirşahin bizə qonaqlıq verdi, gözəl bir gün keçdi, yeyib-içdik.

– Mirşahin içir ki?

– O vaxt içirdi, indi içmir...


"MİRŞAHİN ÇAĞIRSA ANS-Ə GEDƏRƏM, AMMA..."

– Bayaq dedin, Mirşahin kadra baxanda mən qorxdum... Maraqlıdır, sən boyda oğlan Mirşahinin nəyindən qorxursan? 

– Mən televiziya jurnalistikasını Mirşahinə baxıb öyrənmişəm. Bu gün də onu bir nömrə sayıram. Mirşahinin tayı-bərabəri yoxdur. Vaxtilə onun sözləri, fikirləri dillər əzbəri olub. O, ANS üçün böyük fiqurdur. 

Fikir ver, şirkətin rəhbəri Vahid Vustafayev olsa da dövlətin yuxarı dairələrində Mirşahin daha çox qəbul olunur, daha çox ciddiyə alınır. Məsələn, Vahid Mustafayevin hansısa bir problemi olanda, kiməsə zəng eləmək lazım gələndə, tutalım, yüksək səviyyəli bir məmurdan müsahibə almağa ehtiyac olanda Mirşahini irəli verirlər. Çünki Vahid Mustafayevə "otkaz" eləyə bilərlər, amma Mirşahinin sözünü yerə salmazlar... 

Deyirsən ki, Mirşahinin nəyindən qorxursan? Belə bir adamın qarşısında istər-istəməz həyəcan yaranır. ANS-ə təzə gəlmişdim. Hələ münasibətimiz o qədər yaxın deyildi. Ona görə də Mirşahin kadra baxanda fikirləşdim ki, birdən reporajım onun xoşuna gəlməz. 

Konkret bu mənada dedim ki, Mirşahindən qorxuram.

– Belə münasibətin varsa niyə qayıdıb yenidən ANS-də işləmirsən?

– Nə bilim, istəmirəm...

– Mirşahin çağırsa getməzsən? 

– Təbii ki, gedərəm. Amma ilk növbədə şərtlərimi irəli sürərəm.

– Şərtin nədir ki?

– Mənim üçün əsas işin maliyyə tərəfidir. Mən 2003-cü ilin gənc və təcrübəsiz Gündüzü deyiləm ki, nə versələr ona da yiyə duram. 

Bu gün, səmimi deyirəm ki, 700-800 manata ANS-də işləmərəm. 

– Gündüz bəy, idman jurnalistikası Azərbaycan universitetlərində ayrıca sahə kimi varmı?

– Yoxdur, amma mənə elə gəlir ki, olmalıdır. İspaniyada hətta futbol operatorluğu fakültəsi var. Bizdə idmana dövlət səviyyəsində qayğı varsa bəs niyə idman jurnalistikası ayrıca sahə kimi ixtisaslaşmır? Təkcə idman yox, iqtisadiyyat, ədəbiyyat, mədəniyyət jurnalistikası bir-birindən ayrılmalıdır. 

Bu gün idman jurnalistikası getdikcə cırlaşır. Gənc nəsil arasında idman jurnalistikasının gələcəyi kimi gördüyüm adamlar barmaqla sayılacaq qədər azdır.

"DƏFƏLƏRLƏ SORUŞUBLAR Kİ, AY GÜNDÜZ, DÜZDÜRMÜ SİZİN TELEVIZIYADA QIZLARI İŞƏ GÖTÜRƏNDƏ BELƏ-BELƏ ELƏYİRLƏR? 

– Bir sual vermək istəyirəm, amma...

– Buyur, ürəyin nə istəyir soruşa bilərsən... 

– Yadıma gəlir, bir qız sosial şəbəkədə status yazmışdı ki, işləmək üçün telekanalların birinə müraciət eləyib. Bütün müsabiqələrdən keçəndən sonra işə düzəlib, ancaq bir müddət sonra irəli çəkilməyimin müqabilində ona sözükeçən şəxslərin biri tərəfindən əxalqsız təklif olunub. Belə şeylərə inanırsanmı? 

– Düzünü deyim ki, ANS-də işlədiyim dövrdə mənə verilən ən çox suallardan biri məhz sənin dediyin məsələ ilə bağlı olub. Dəfələrlə soruşublar ki, ay Gündüz, düzdürmü sizin televiziyada qızları işə götürəndə belə-belə eləyirlər? 

– Sən nə demisən? 

– Kəramət bəy, açıq etiraf eləmək lazımdır ki, çox yerdə belə şeylər var. Bəlkə də ANS-in özündə də olub. Amma təbii ki, bu fikri bütün kişilərə və bütün qadınlara aid eləmək qətiyyən doğru olmazdı. 

Əlbəttə...

– Yenə deyirəm, tutalım, iyirmi nəfərdən ikisinə hansısa əxlaqsız təklif olubsa, bunu hər kəsə aid etmək doğru deyil. Deyim ki, mən çalışdığın 10 il ərzində ANS-də kimisə kimləsə görmüşəm? Vallah, bunu deyə bilmərəm. 

– Axı söhbət ANS-dən getmir... Mən konkret ad çəkmədim, ümumi danışdım. 

– Mən 10 il ANS-də işləmişəm, ona görə tez-tez bu şirkətin adını çəkirəm, yəni öz təcrübəmdən danışıram. ANS-də və eləcə də digər telekanallarımızda elə qadınlar var ki, orada çalışan bəzi kişilərdən qat-qat qeyrətli və mərddirlər. Mən həyat yoldaşımı ANS-də tanımışam, orada sevmişəm və evlənmişəm. Ona görə də bu fikri hamıya aid eləyən adamın başını əzərəm! 

Bəli, mənim özümə də o qədər sözlər deyiblər. Deyiblər ki, guya ANS rəhbərinin tanınmış bir müğənni ilə filan cür münasibəti var, ona görə də həmin müğənnini tez-tez efirə çıxardırlar. Azərbaycan insanın ən çox sevdiyi şey dedi-qodudur.