Balaxanıda "2-ci mədən ərazisi" adlanan ərazidə neft-qaz qoxusu ətrafı bürüyüb. Həmin qoxunun mənbəyi isə üzərində evlər tikilən, istismar müddəti bitmiş quyulardır. Orada yerləşən evlərin bir çoxunun altı təhlükə mənbəyi olduğu kimi, üzərindən də yüksək gərginlikli naqillər keçir. Sakinlər burada çarəsizlikdən yaşadıqlarını bildirirlər. Onların başqa yerə köçürülməsi isə, hələ ki, real görünmür...

Unikal.org xəbər verir ki, musavat.com-un əməkdaşı sözügedən ərazidə olduğu zaman bir çox problemlərin şahidi oldu. Sakinlərlə söhbətimiz zamanı bildirdilər ki, bir neçə vaxtdır ki, ərazidə neft-qaz qoxusu kəskinləşib.

Sakin Eldar Məmmədov bildirdi ki, uzun zamandır, küçədə quraşdırılan işıqlar da yandırılmır: "Küçədə işıq dirəkləri quraşdırdılar. Bir müddət yandıqdan sonra daha həmin lampaların heç közərdiyini də görmədik. Bundan əlavə kanalizasiya problemi də var. Bir sözlə, bu ərazi elə problemlər içərisindədir. Əksər evlər neft quyularının üzərində tikildiyi üçün insanlar elə kanalizasiyaları da həmin quyulara qoşublar. Şəxsən mən özüm elə mətbəxin kanalizasiyasını həmin quyulardan birinə qoşmuşam. Mətbəx də quyunun üzərində tikilib. Qaz qoxusu gəlməsə də, buradan neft qoxusu hər zaman gəlir. Yay aylarında vəziyyət daha da kəskinləşir. Evlər olub ki, qaz sızıb, ev yiyəsi bilməyib. İşığı yandıran zaman yanğın olub. Qonşuluqda bu yaxınlarda bir nəfərin evindən mazut çıxmışdı. Yəni bu cür hallar çox olur. Quyuların istismar müddəti başa çatsa da, burada yaşamağın təhlükəli olduğunu bilirik. Ancaq başqa çarəmiz də yoxdur. Bu küçədə yaşayanların əksəriyyəti məcburi köçkünlər və ya digər yerlərdən gəlmələrdir. Yəni başqa gedəcək yerimiz də yoxdur. Neft quyularının bir çoxu 1900-cu ildə qazılıb. İstismar müddəti də 1970-80-cı illərdə bitsə də, qoxuları kəsilmir".

Ərazidə gəzərkən müşahidə etdik ki, iri borular yaşayış evlərinin 2-3 metrliyindən keçir. Bundan əlavə ərazidə neft buruqları da var ki, onlar da yaşayış evlərinin çox yaxınlığında yerləşirlər. Problem bununla da bitmir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, evlərin bir çoxu yüksək gərginlikli naqillərin altında tikilib. Bir çoxunun heç darvazası da yoxdur. Borularla əhatələnmiş azkvadratlı mənzillərin qapısı elə birbaşa küçəyə açılır.

Həmin naqillərin altında yaşayan Murad Quliyev bildirdi ki, Xocalıdan məcburi köçkündür, on ildən çoxdur ki, burada yaşayır: "Bilirik ki, təhlükəlidir. Torpaqlarımız alınsaydı, biz də gedib, öz yerlərimizdə yaşayardıq. Nə edək, axı... Ötən il deyirdilər ki, borulara, gərginliyə yaxın olan evləri söküb, digər yerlərə köçürəcəklər. Sənədli evlərin hamısını qeydiyyata almışdılar. Söhbət gəzirdi ki, evlərin kvadratına 1000 manat veriləcək. Ancaq sonra devalvasiya oldu, vəziyyət dəyişdi. Sökülmə ilə bağlı olan söhbət də orada qapandı. Biz də elə həmişəki yaşayışımıza davam edirik. Bu ərazilərin hər yerində quyular, buruqlar var. Camaat hər halda, o qədər də savadsız deyil ki, bunun təhlükəsini anlamasınlar. Sadəcə olaraq, dediyim kimi çarəsizdirlər, getməyə yerləri yoxdur".

Bu ərazidə vaxtilə tikilən və hazırda istifadəsiz qalan 311 nömrəli məktəbin binası da yerləşir. Məktəb neft quyularının üzərində tikildiyi üçün sonradan binaya qaz sızmağa başlayıb. 2012-ci ildən etibarən məktəbin şagirdləri digər məktəblərə köçürülüb, hazırda bu bina qeyd etdiyimiz kimi, istifadəsiz qalıb. Məktəb binasının ətrafında da xeyli sayda istismar müddəti başa çatmış neft quyuları var.

Bakıda altı da, üstü də təhlükə mənbəyi olan evlər... - REPORTAJ - FOTO

Bakıda altı da, üstü də təhlükə mənbəyi olan evlər... - REPORTAJ - FOTO

Bakıda altı da, üstü də təhlükə mənbəyi olan evlər... - REPORTAJ - FOTO

Bakıda altı da, üstü də təhlükə mənbəyi olan evlər... - REPORTAJ - FOTO

Bakıda altı da, üstü də təhlükə mənbəyi olan evlər... - REPORTAJ - FOTO

Bakıda altı da, üstü də təhlükə mənbəyi olan evlər... - REPORTAJ - FOTO

Bakıda altı da, üstü də təhlükə mənbəyi olan evlər... - REPORTAJ - FOTO