"Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması məqsədilə müvafiq beynəlxalq qurumların təkidli müraciətlərinə Ermənistanın rəsmi orqanları cavab verməkdən imtina edir".

Unikal.org xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumata görə, qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyidin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır:
"Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər belə Ermənistanın bu qeyri-humanist hərəkətinə hələlik heç bir təsir göstərə bilmir. Bununla belə tərəfimizdən aidiyyatı dövlət təşkilatları və beynəlxalq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək".
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyidinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.