Son günlər Azərbaycana daxil olan şübhəli şəxsin terrorçu olduğu iddia edilsə də, əslində, belə deyil.

Unikal.org bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məsələ ilə bağlı "qafqazinfo"ya açıqlama verib.

S. Gözəlov bildirib ki, həmin şəxs Özbəkistan vətəndaşıdır və itkin düşən şəxs kimi axtarışa verilib:

"Həmin şəxs 1992-ci il 26 avqust tarixində Özbəkistanın Daşkənd vilayətinin Zangiata rayonunda anadan olmuş Əhmədcanov Məhəmmədcan Akmalcan oğludur. O, 29.06.2016 tarixindən xəbərsiz itkin düşən şəxs kimi axtarışa verilib.

Onun Azərbaycanda olması ehtimal edildiyindən Özbəkistan tərəfindən bizə müraciət olunub. Həmin şəxs Özbəkistan vətəndaşıdır. Bir də xahiş edirik ki, KİV nümayəndələri bu cür məlumatları yayarkən dəqiqləşdirsinlər, ehtiyatlı olsunlar".