Hər bölgənin özünün müxtəlif sənət növlərində olduğu kimi, papaqçılıqda da sənətkarlar yetişib. Bu sənət əsasən nəsildən-nəslə ötürülməklə qorunub saxlanılıb.

Məlum olduğu kimi, bir çox papaq növləri var. Bunlar arasında seçilən milli papaqlarımızın hazırlanması isə xüsusi bacarıq tələb edir.

Unikal.org azertag-a istinadən xəbər verir ki, vaxtilə Cəlilabad rayonunda papaqçılıqla məşğul olan çoxlu sənətkara rast gəlinsə də, indi bu peşə sahiblərinin sayı cəmi iki nəfərdir.

Onlardan biri Cəlilabad rayonunda yaşayan 81 yaşlı Fərrux Məmmədovdur. O, 60 ildən çoxdur ki, papaqçılıqla məşğuldur. Papaq tikdiyi balaca dükanı ona doğma evi qədər əzizdir. Bir vaxtlar burada Fərrux usta kimi onlarla peşəkar papaqçı çalışıb.

Gənc vaxtlarında daha çox uşaqlar üçün papaq tikən ustanın əl işləri o dövrdə həm yerli, həm də xarici alıcıların marağına səbəb olub. Fərrux usta deyir ki, indi milli papaqlara maraq azalıb. Vaxtilə ən yaxşı sənətlərdən hesab olunan papaqçılıq artıq unudulmaq üzrədir.

Usta ay ərzində təxminən iki-üç papaq tikir. Sifarişçiləri də əsasən yaşlı nəslin nümayəndələridir.

Əlli-yetmiş manat civarında satılan milli papaqlar Fərrux ustanın maddi ehtiyaclarını tam ödəməsə də, o, Cəlilabad rayonunda bu sənəti yaşatdığı üçün qürur duyur.