Rus mafiyasının rəhbəri Zaxariya Kalaşovun yerinə böyük cinayətkar dəstəni koalisiya idarə edə bilər.

Bu barədə informasiyanı "Rosbalt agentliyi yayıb. Agentlik Kalaşovun qısa zaman içərisində həbsdən çıxmayacağını bildirib. Bütün bunlara rəğmən, mafiya rəhbərliyi uğrunda hansısa savaşların olacağı gözlənilmir:

"Zaxariya Kalaşov 2016-cı ilin avqustunda həbs edildi. Həbsindən sonra kriminal aləmdə onu kimin əvəz edəcəyi haqda heç bir söhbət müzakirəyə çıxarılmadı. Hər kəs hesab edirdi ki, Kalaşov öz pulu, əlaqələri hesabına, tezliklə, azadlığa çıxacaq. Lakin bu baş tutmadı. Noyabrda öz başçılarını tez bir zamanda azadlıqda görməyəcəyini bilən Kalaşovun yaxın ətrafı Rusiyanı təcili tərk etdi. Nəticədə mafiyanın növbəti rəhbərinin kim olacağı ilə bağlı danışıqlar başladı. Xüsusilə, önə Aslan Usoyanın (Ded Xasan - red.) qohumu Dmitri Çanturiyanın (Miron - red.) adı çıxdı.

Yeni lider müəyyən edilir

Aydındır ki, Usoyan Çanturiyanı hər zaman öz xələfi kimi görürdü. Onun ölümündən sonra tərəfdarları Mironu "taxta əyləşdirmək istəsələr də, uğur əldə etmədilər. Nəticədə vakant yerə Kalaşov keçdi. Kalaşov da Çanturiyaya qohum kimi yanaşmağa başladı (hər iki şəxs milliyətcə yezidi kürdüdür - red.). Mafiya lideri ona bir az təcrübə yığmasını məsləhət gördü və görünür, Miron uzun illər boyu bunu həyata keçirib. Məhz Çanturiya bir müddət öncə Kalaşovdan sonra "boslar bosu vəzifəsini tutacağını bəyan edib. Bunu isə o, yezidi kürdü olduğu üçün Kalaşovun varisi sayıldığını, eləcə də Ded Xasana çalışan biznesmenlərin onu müdafiə edəcəyini söyləməklə izah edib. Lakin Mironun mafiya rəhbəri olacağı inandırıcı görünmür. Hətta Kalaşov həbsdən ona dəstək ifadə etsə belə, bu reallaşmayacaq.

Üstəlik, son günlər Ded Xasanın müharibə elan etdiyi və elə bu savaş sırasında öldüyü Kutaisi kriminal klanı da aktivləşib. Bu klanın iki məşhur nümayəndəsi olan Tariyel Oniani (Taro) və Merab Canqveladze (Merab Suxumski) Rusiyada sevilmir. Kutaisi klanı ilə bərabər slavyan klanı da mafiya lideri olmağa o qədər də iddialı deyil. Belə ki, artıq Aleksey Petrov (Petrik) və Oleq Şişkanov (Şişkan) bu vəzifədən imtina ediblər. Lakin hər iki qanuni oğru mafiya rəhbərliyinə Vladimir Tyurinin gələcəyi halda ona etiraz etməyəcəklərini bəyan ediblər. Sonuncu tərəf isə ona edilən təkliflə artıq razılaşıb.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, bir müddət öncə Yuri Piçuqin (Piçuqa, Ded Xasan klanının üzvü - red.) Yunanıstana uzun müddətli səfər edib və burada Laşi Şuşanaşvili ilə görüşüb. Moskvaya geri döndükdə isə o, Türiklə tez-tez bir araya gəlir. Ən maraqlısı isə Türikin ad günü zamanı Piçuqanın fəxri qonaq kimi qarşılanmasıdır. Görünür, bununla kriminal aləmdə koalisiya yaranır. Belə ki, mafiya rəhbəri Vladimir Türik olacaq ki, onun da arxasında Şişkan və Laşi dayanacaq. Piçuqa isə Türikin sağ əli olacaq.

Azərbaycan mafiyası savaşa hazırlaşır

Azərbaycan mafiyasında isə 2017-ci ildə ciddi problemlər yaşanacaq. Hazırda Moskvada Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov (Vaqif) və Rəşad İsmayılovun (Rəşad Gəncinski) daxil olduğu vahid klan yaranıb. Rövşən Lənkəranskiyə qarşı yaradılan bu qanuni oğrular üçlüyü Canıyevin ölümündən sonra onun Moskvadakı bütün obyektlərini demək olar ki, bölüşdürüblər. Lakin mənbəmiz bu üçlüyün uzun müddət bir yerdə olacağına inanmır:

"Lotu Quli bu gün sənə dost və müttəfiq, sabah isə düşmən ola bilər. Belə hallar kifayət qədərdir. Vaqiflə Rəşad bunu anlayırlar. Ona görə də onlar arasında əlaqə 2017-ci ildə dağıla bilər. Bundan sonra isə keçmiş müttəfiqlər arasında müharibə başlayacaq. Artıq Əli Əliyevin (Zayka ləqəbli Zaur Əliyevin qardaşı - red.) klanı da aktivləşməyə başlayıb. Üstəlik, Lotu Qulinin düşməni olan Əli Heydərov (Albert Rıjiy, Ded Xasan klanına aiddir - red.) da siyahıdan çıxarılmamalıdır.