Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 6-na olan USD/AZN rəsmi məzənnəsini 0,2% artaraq 1,7742 səviyyəsində müəyyən edib. Ötən gün isə dolların rəsmi məzənnəsi 1,7707 manata bərabər olub.

Qeyd edək ki, dünən AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb.

Hərracın nəticəsini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Mərkəzi Bank yenə hər hərracda tələbdən dəfələrlə az valyuta çıxartmaqda israrlıdır. "Bu addım isə qara bazarı təşviq edəcək, rəsmi məzənnə önəmini itirəcək. Mərkəzi Bankın əsas işi sərbəst valyuta alış-satışını bərpa etmək olmalıdır. Yoxsa qiymətlər daha sürətlə artacaq, mağazalar, apteklər getdikcə boşalacaq, olan-qalan sərmayəçilər də ölkədən qaçıb-gedəcək. N.Cəfərli əlavə edib ki, rəsmi məzənnə ilə real məzənnə arasında fərq böyüyəcək.

Ekspert vurğulayır ki, çıxış yolu kimi Mərkəzi Bank 4%-lik, artıq mənasını itirmiş məzənnə marjını ləğv etməli, banklara sərbəstlik verməli, valyutadəyişmə məntəqələrinin yenidən açılmasına şərait yaratmalıdır. "Başqa yol yoxdur, ölkəni məzənnə siyasətində Türkmənistana, Özbəkistana çevirmək olmaz, bu daha təhlükəlidir.

Rusiya, Qazaxıstan və Azərbaycanın valyuta siyasətinin müqayisəli təhlili

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirir ki, Azərbaycan Mərkəzi Bankı bu ildə də sərt pul-kredit siyasətini davam etdiricəyini bəyan edib, bu isə o deməkdir ki, baş bank manat bazasını məhdudlaşdırmaqla dollara olan tələbi azaltmağa çalışacaq. "Amma neftin dünya bazar qiymətinin azalmasından bəri həyata keçirilən sərt-pul kredit siyasəti manatın məzənnəsinin stabilləşməsinə gətirib çıxarmamasına baxmayaraq Mərkəzi Bank təəssüf ki, hələlik başqa metodlardan istifadə etməyə meylli görünmür. Baxmayaraq ki, Mərkəzi Bank hələ 2014-cü ildə məzənnə siyasətinə korreksiyalar edib post-neft dövrünün çağrışlarına uyğunlaşdırmalı idi.

MDB-nin neft ixrac edən ölkələrindəki mövcud vəziyyətinin müqayisəsi göstərir ki, Azərbaycan Mərkəzi Bankın milli valyutanın məzənnəsinin optimallaşdırılması ilə bağlı fəaliyyəti uğurlu olmayıb. Belə ki, "Bloomberg agentliyinin məlumatları göstərir ki, Rusiya və Qazaxıstan milli valyutalarının stabilləşdirilməsi ilə bağlı cari hədəflərə nail ola bilsələr də Azərbaycan Mərkəzi Bankı hələlik bu məqsədlərdən çox uzaq görünür.

Ekpert əlavə edir ki, 2016-ci ilin yanvarın əvvəlində 1 dollar almaq üçün 75 Rusiya rublu tələb edilirdisə, bu göstərici 2017-ci ilin yanvarında 61 rubladək dəyişib. "Nəticədə ötən il Rusiya rublu dollara nisbətən 22 faiz dəyər qazanıb. Bununla da Şimal qonşumuzun valyutası 2016-cı ildə dünyada ən çox dəyər qazanan ilk 3 valyutadan biri olub. 2014-ci ilin iyununda 1 dollar 34 rubla dəyişdirildiyini nəzərə aldqıda Rusiya milli valyutası dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 1.79 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 45 faiz).

Qazaxıstanda da bu sahədəki vəziyyət Rusiya ilə oxşarlıq təşkil edir. 2016-cı ilin yanvar ayının ortalarında 385 təngə 1 dollar idisə, 2017-ci ilin yanvar ayında 1 ABŞ pulu üçün 333 təngə ödənilir. Bu isə o deməkdir ki, Rusiyada olduğu kimi Qazaxıstanda da milli valyuta dollara nisbətən ötən il 15 faiz bahalaşıb. 2014-ci ilin iyununda 1 dolların 183 təngə olduğunu nəzərə aldıqda Qazaxıstan milli valyutası dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 1.81 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 45 faiz).

Azərbaycan manatının rəsmi kursu 2016-cı ilin yanvar ayında 1.55 idisə bu ilin yanvar ayında 1.80-dək enib. Müqayisələr "Bloomberg agentliyinin məlumatına əsasən olduğu üçün "qara bazar məzənnəsi nəzərə alınmayıb. Hal-hazırda "qara bazarda 1 dollar 1 manat 90 qəpikdən bahadır. Bu isə o deməkdir ki, milli valyutamız ötən il dollara nisbətən 15 faiz ucuzlaşıb. 2014-ci ilin iyununda 0.78 qəpiyin 1 dollar olduğunu nəzərə aldıqda manat dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 2.3 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə 57 faiz).

"Hələ də milli valyutamızın məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır

Göründüyü kimi, ötən il Rusiya və Qazaxıstanda milli valyutalar iki rəqəmli faizlə dəyər qazandığı halda, bizim valyutamız ucuzlaşıb. "Eyni zamanda, neftin dünya bazar qiyməti aşağı düşməyə başladıqdan sonra manat rubl və təngəyə nisbətən daha çox ucuzlaşıb. 2014-ci ilin ortalarında, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayan dövrdə hər 3 ölkənin ümumi iqtisadi vəziyyəti oxşar olub. Enerji resurslarının ixracda payı Azərbaycanda 90 faizdən, sözügedən 2 ölkədə isə 70 faizdən çox olub. Amma xarici borcun Ümumi Daxili Məhsuldakı payi kimi göstəricilərdə isə Azərbaycan bu ölkələr ilə daha yaxşı vəziyyətdə idi. Amma buna baxmayaraq, Rusiya və Qazaxıstandan fərqli olaraq Azərbaycan Mərkəzi Bankının çevik pul-kredit siyasəti həyata keçirə bilməməsi manatın hələ də bazar məzənnəsinin müəyyənləşdirilməsin gətirib çıxarmadı. Hələ də milli valyutamızın məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Nəticədə ötən müddətdə valyuta ehtiyatlarının 75 faizini itirərən baş bank 4 milyard dollarlıq pisxoloji hədd ilə üz-üzə qalıb. Əvvəllər də qeyd etdiyimiz kimi, Mərkəzi Bank cari tələb ödəməyə çalışaraq, kommunikasiya metodundan istifadə etməklə məzənnəsi siyasətini liberallaşdıraraq əks-dollarlaşma prosesinin başlanmasına nail olmalıdır. Əks-dollarlaşma prosesinin başlanılması real sektora sərmayələrin cəlb edilməsi baxımdan olduqca vacibdir. Təəssüf ki, Mərkəzi Bankın bu il üçün bəyan etdiyi sərt pul-kredit siyasəti sadəcə milli valyutaya inamsızlıq prosesinin uzadılmasına səbəb olacaq.

FED: Möhkəmlənən dollar ABŞ iqtisadiyyatına təhlükədir

ABŞ-ın Federal Ehtiyat Bankının (Federal Reserve System, FED) rəhbərliyi baza uçot dərəcəsinin tədricən artırılmasını proqnozlaşdırır, lakin hesab edir ki, inflyasiyanın sürətlənməsi pul-kredit siyasətinin sərtləşdirilməsi tempini də sürətləndirə bilər. Bu barədə FED-in 13-14 dekabr tarixlərində baş tutan iclasının protokolunda deyilir. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, protokola əsasən, yuxarıda qeyd edilən fikirlə FED-in az qala bütün rəhbər şəxsləri razıdır.
ÜDM-in və istehlak qiymətlərinin artmasının əsas səbəbi kimi infrastruktur layihələrinə investisiyaların artırılması və vergi yükünün azaldılması ilə bağlı planların olmasıdır. Qeyd edək ki, bu təklif ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən səsləndirilib və "Ağ ev"in gələcək rəhbəri təklifin reallaşdırılmasında israrlıdır. D. Trampın inauqurasiyası yanvarın 20-də olduğu üçün hələlik təklifin detalları açıqlanmır.

Protokolun mətninə əsasən, FED-in son iclasının iştirakçılarının bir çoxu işsizliyin səviyyəsi ilə bağlı proqnozlarında tərəddüd edir. Düzdür, iştirakçıların çoxu hesab edir ki, "işsizliyin səviyyəsi azalmaqda davam edəcək", lakin bu azalma uzunmüddətli perspektiv üçün norma hesab olunandan cüzi aşağı olacaq.

Qeyd edək ki, noyabr ayında ABŞ-da işsizliyin səviyyəsi gözlənilmədən 4,6%-dək enib. Bu isə 2007-ci ilin may ayından etibarən ən aşağı göstəricidir.

FED-in rəhbər şəxsləri son iclasda qeyd edib ki, möhkəmlənən dollar ABŞ iqtisadiyyatının əsas təhlükələrindən biridir. D. Tramp prezident seçilən gündən FED-in dekabr iclasınadək dolların indeksi 5,2%, sonradan isə 1,1% möhkəmlənib. Dolların bahalaşması ABŞ-da istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinə mənfi təsir edir. Bununla yanaşı, idxalın ucuzlaşması inflyasiyaya təzyiq göstərir.

Noyabrda ABŞ-da baza inflyasiya 1,6% olub. FED-in proqnozuna əsasən, bu göstərici 2017-ci ildə 2%-dək artacaq.

Xatırladaq ki, dekabr iclasında FED baza uçot dərəcəsini 0,25% artıraraq 0,5-0,75%-ə çatdırıb. İclasdan sonra FED-in açıqladığı bəyanatda deyilir ki, 2017-ci ildə uçot dərəcəsi 3 dəfə artırıla bilər.
FED-in növbəti iclası 31 yanvar - 1 fevral tarixlərində baş tutacaq. Bu iclasda uçot dərəcəsinin artırılması ehtimalı 12%-dir.