Cəlilabadda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 135-ci km-də, rayonun Alar Qarazəncir kəndindən keçən hissəsində baş verib.

İki "VAZ 21-06" markalı avtomobilin toqquşması nəticəsində sürücülər də daxil olmaqla 6 nəfər rayon sakini - Mətləb Zeynalov, Aşur Amanov, Təranə Niftiyeva, Zahid Həsənov, Hicran Həsənova, Nicat Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağır olaraq qalır. Qəzaya avtomobillərdən birinin idarəetmədən çıxmasının səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.