"Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal edilir. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir".

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda il ərzində 20 milyon butulka şərab istehsal olunur. İxrac isə çox azdır. Sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər: "Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılıb. Biz bir neçə beynəlxalq sərgidə iştirak etmişik, kontraktlar bağlanıbdır. Dost, tərəfdaş ölkələrlə birbaşa danışıqlar aparırıq ki, onlar öz bazarlarında bizim şərabımız üçün kvota ayırsınlar, biz öz şərabımızı ixrac edə bilək. Sahibkarlar burada daha da fəal olmalıdırlar, onların marağındadır.

Həm iqtisadi qurumlar, həm Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən şərabçılıqla bağlı vəziyyətin ciddi təhlil edilməli olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: "Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır. Bu, böyük gəlir gətirə biləcək bir sahədir.

Vaxtilə Ulu Öndərin dövründə, 1970-ci illərdə 2 milyon ton üzüm yığıldığını xatırladan Prezident İlham Əliyev sonradan üzüm bağlarının bir hissəsinin qırıldığını bildirib. "Ancaq biz indi bərpa edirik. Bərpa edərkən biz gərək bütün zənciri nəzərə alaq, yoxsa üzüm bağlarını salacağıq, sonra hara satacağıq, harada emal olunacaq, harada satılacaq? Bax, bu vahid kompleks tədbirlər görülməlidir və burada aydınlıq olmalıdır, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.