"ARB TV"də yayımlanan "Gəlin danışaq" proqramının qonağı cüdoçu, sambo üzrə 11 qat dünya çempionu Zülfiyyə Hüseynova olub.

Unikal.org-un məlumatına görə, idmançı ilk məşqindən və ailəsinin onun seçdiyi peşəyə olan münasibətindən danışıb:

"İlk məşqimə anam apardı. Məcid müəllim 1 məşq keçdikdən sonra gördü ki, fizik cəhətdən çox güclüyəm, amma texnikadan anlayışım yoxdur. Yalnız uşaqlıqda elədiyimiz "badalaq" fənnini bilirdim. Anam gəlib Məcid müəllimə dedi ki, bundan bir şey çıxacaqsa qalsın, çıxmayacaqsa aparım. Müəllim mənə baxaraq "yox çıxar niyə çıxmasın?" dedi. Ailəm çalışırdı ki, mən idmandan uzaqlaşım. Amma Allahın yazdığına pozu yoxdu".

Z.Hüseynov bildirib ki, qardaşı ondan birinci olmağı tələb edib:

"Bir yarışda 3-cü yerə çıxdım. Qardaşım gəlib dedi ki, başımızı yerə soxdun. Niyə birinci yerə çıxa bilmədin? Dedim ki, heç mənə icazə vermirdin idmana getməyə, indi isə birinci yer istəyirsən. Anam da həmişə deyirdi ki, meydana çıxanda qarşındakını al başına çırp yerə. Başa salırdım ki, mənlə qarşılaşan da idmançıdır və mən bildiklərimi onlar da bilir. Deyirdi ki, yox, sən mənim qızımsan, sən gərək başına alıb çırpasan yerə. Ailəm Azərbaycandakı yarışlara gəlirdi, ancaq xarici dövlətlərdə təşkil olunanlara yox".