Müasir şəraitdə intihar hadisələrinin gündən-günə artdığını görürük. 

Araşdırmalara görə dünyada hər il 60 milyon insan intihara cəhd edir. Lakin bunlardan təxminən bir milyonu öz istəyinə çatır. Orta hesabla hər 3 saniyədə 1 adam intihar etsə də, hər 40 saniyədə 1 insan intihar nəticəsində dünyasını dəyişir. Sözügedən məsələ ilə bağlı

Unikal.org-a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, gənclər arasında intihar halları dünyanın hər bir ölkəsində və zamanın hər bir dövründə baş verib: "Ölkəmizdə də yaşlılarla birgə gənclər arasında intihar hadisələri var. Belə hadisələrin son vaxtlar daha çox diqqət cəlb etməsinin kökündə texnologiyaların yüksək inkişafı dayanır. Tutaq ki, 30 il bundan əvvəl ölkəmizdə bir televiziya kanalı və bir neçə mətbuat orqanı fəaliyyət göstərirdi və həmin məbuat orqanlarının üzərində güclü senzura var idi. Hər məlumatı efirə və mətbuata verə bilməzdilər. İndi isə azad ölkədə yaşayırıq. Televiziyaların və mətbuat orqanlarının sayı kifayət qədərdir. Eyni zamanda hər bir vətəndaş sosial mediadan aktiv, sərbəst istifadə edir və bir balaca informasiya olan kimi hamının xəbəri olur, ictimailəşir. Ümumiyyətlə son intiharların nədən baş verdiyini nəzərdən keçirsək, görəcəyik ki, əksəriyyəti psixoloji problemlərlə əlaqəlidir. Özünə qapılma, cəmiyyətdən təcrid olunma, sosial şəbəkələrlə bağlılıq xəstəliyə çevrilib. Ona görə də gənclərlə psixoloji iş aparılmalıdır. Hər bir məktəbə bir psixoloq ştatı verməklə kifayətlənməməliyik. Orta məktəblərdə dərs proqramına psixologiya fənni salınmalıdır. Gəncər orta məktəb stulunda oturduğu vaxtdan insanlar şəxsi həyatda necə olmalı, cəmiyyədə özünü necə aparmalı, kollektiv münasibətlər necə qurmalı və başqa istiqamətlərdə maarifləndirilməlidirlər. Bilikli və zamanı dərk edən insan heç vaxt intihara getməz.



Psixoloq Fidan Azərqızının sözlərinə görə, cəmiyyətimizdə baş verən intihar halları gəncləşməkdədir: "Gəncləşən intiharların bir çox psixoloji səbəbləri var. Ən başlıca səbəblərdən biri informasiya bolluğu, texnologiyaların inkişafı ilə bağlıdır. Daha çox sosial şəbəkələrdə vaxt keçirən ailə üzvlərinin bir-birindən uzaqlaşmasına gətirib çıxarır. Nəticə də bu hal ailə üzvləri arasında ünsiyyətsizliyə gətirib çıxarır. Ailə üzvləri, başlıca da gənclər sevgi ehtiyaclarını kənarda axtarmağa başlayır və kənar sevgilərə meyl yaranır. Hisslərinə qarşılıq görməyən bir qrup yeniyetmə və gənclər intihara əl atır. Digər bir intihar səbəbi də ailələrin övladlarını uşaq vaxtından bütün təhlükələrdən, həyatın real amma çətin məqamlarından uzaq tutmalarından irəli gəlir. Xalq olaraq haqlı, yaxud da haqsız yerə övladlarımızın həyatına hər mənada müdaxilə etməyi sevirik, hətta sevgi məsələlərində belə. İstəmədikləri insanlar ilə ailə həyatı qurmağa məcbur edilən gənclərdə nakam yaşadıqları sevgilərin, yaxud da ailəsi ilə yaşaya bilmədiyi sevgisiz günlərdən qaçmaq yolunu intiharda görürlər. Bu kimi intiharların qarşısını almaq üçün övladları körpə yaşından həyata adaptasiyaya hazırlamalı, ailə mühitini sevgi üzərində qurmaq lazımdır. Digər mərhələdə ixtisas və peşə seçiminə dəstək olmalıdırlar. Psixoloq bildirib ki, əsas məsuliyyətlərdən biri də medianın üzərinə düşür. Belə ki, intihar və onunla bağlı xəbərləri nəinki manşetdə verməkdən, hətda çox işıqlandırmadan çəkinmək lazımdır.



İlahiyyatçı Hacı Seyidağa Abbasov vurğulayıb ki, insanın özünü öldürməsi böyük günahdır: "İndi insanların təfəkküründə qorxmazlıq, saymazlıq, heysiyatsızlıq var. Sanki onlar bir günlük yaşayan insanlardır. Onlar gələcək həyatlarını öncədən düşünməyə malik olmayanlardır. İntihara səy göstərənlər əgər bu günlərindən razıdırlarsa yaşamaqlarına davam edir, yox narazıdırlarsa həyatlarına son qoyurlar.Bu təfəkkürə malik insan mübarizədən qorxan, aciz şəxslərdir. Gənclərimidə nikbin seçim qaydaları zəifdir. Bu gün intihar edən gənclər valideyn təzyiqindən, cəmiyyət qınağından, işsizlikdən şikayət edib, bu yolu tuturlar. Təbii ki, bütün dünyada bu sosial problemlər var. Ancaq çalışmaq lazımdır ki, yolu düzgün tapasan və irəliyə baxasan. İlhahiyyətçı vəziyyətdən çıxış yolunu da göstərib: "Canlarına qəsd edənlər həyatlarına son verməklə bütün əziyyətlərdən qurtulacaqlarını düşünürlər. Bir az dini savadı olan şəxs bilir ki, intihar edənə cənazə namazı belə qılmırla. Onların daha ağır əzablara düçar olacaqlarını hədislərdən görmək olar. Bu gün bağçalarda, məktəblərdə, universitetlərdə, bir sözlə gəncliyin olduğu hər yerdə maarifləndirmə tədbirləri görmək lazımdır.

Zaurə Əmirova