"Biz Oktayla ən çox iş barəsində mübahisə edirik. Tutaq ki, deyilən bir sözü efirdə deməmişəm, unutmuşam. Oktay isə acıqlanır, deyir ki, demək vacib idi"

Unikal.org-un məlumatına görə, bu sözləri əməkdar artist Dilarə Əliyeva qafqazinfo.az-a müsahibəsi zamanı deyib. Aktrisa həyat yoldaşı "Soy productionın rəhbəri Oktay Əliyevlə boşanmaları xəbərini təkzib edib.

Müsahibədən kiçik hissəni təqdim edirik:

- Oktay bəylə ayrılmağınız barədə məlumatlar yayılmışdı.

- Onlar şayiədən başqa bir şey deyil. Əvvəl insan əsəbiləşir, sonra gülürsən, axırda ironiya etməyə başlayırsan. İndi bütün hisslərim bitib, neynəməliyəm? (Gülür)

-İncəsənət dünyasında ailəli olan və xoşbəxtliklərini nümayiş etdirən sayca az insan var. İstər dünya, istərsə də yerli məşhurlar ailə ilə yaradıcılığı bir arada saxlaya bilmirlər, çətinlik çəkirlər.

-Mən sizinlə razıyam, çox çətin bir məsələdir. Şansım ona görə gətirib ki, Oktay rejissor və prodüserdir və bu aləmi çox gözəl bilir. Mənim yaradıcılığımı və istedadımı qiymətləndirir. Dana bilmərəm, o mənə meydan verir və şərait yaradır. Oktay heç vaxt istəməz ki, pis olacağım yerdə olum. Bilir ki, həmin obraz və ya veriliş mənə aid deyil. O yerdə mənə şərait yaradır ki, orada güclüyəm və sözümü deyə bilirəm. Sənət baxımından məni anlayır, dəstəkləyir və mənim üçün bütün yolları təmizləyir. Düşünürəm ki, ailə həyatında hər bir şeydən vacib tərəflərin bir-birinə Mənim aləmimdə qadın və kişi güzəştə getməyi bacarırsa, bu ailəyə ölüm və zaval yoxdur. Xırda problemlərin üstündə böyük davalara gəlib çıxa bilirlər. Misal üçün, kişi deyir ki, mənim köynəyim niyə ütülənməyib? Qadın isə cavab verir ki, indi ütülüyərəm. "Yox, indiyənə kimi niyə ütüləməmisən? deyə kişi əsəbiləşir. Qadın isə yadından çıxdığını bildirir. Görürsüz, adi bir məsələdir. Halbuki bu dava ən azı 15 dəqiqə çəkəcək. Kişi nəinki 15 dəqiqəyə ütüləmək, hətta evdən çıxıb gedə bilərdi. Sinirlər dözmür, gərilir. Dərinə baxanda görürsən ki, tərəflər bir-birinə çox aqressivdir. Nəsə ailədə düz getmir. Qarşı tərəf məqsəd qoyub desə ki, "biz yola getməliyik, ailəmiz var. Eybi yoxdur, bir az gec oldu, amma gələn dəfə təkrarlanmasa əla olar bu zaman hər şey qaydasına düşəcək.

Biz Oktayla ən çox iş barəsində mübahisə edirik. Tutaq ki, deyilən bir sözü efirdə deməmişəm, unutmuşam. Oktay isə acıqlanır, deyir ki, demək vacib idi. Oktay emosional bir insandır. Deyinir, danışır, mən isə məsələni gülərək həll etməyə çalışıram. Evdə yaranan qanqaraçılığa dözə bilmərəm. Hətta yanımda qanıqara biri oturanda elə düşünürəm ki, onun bu hala düşməsinin səbəkarı özüməm (gülür). Evin içində xarakter göstərməsinin tam əleyhinəyəm. Ailədən kənar, işdə hüququ tapdalansa, haqsızlıq olsa xarakterini göstərə bilərsən. Əsəbiləşəndə kim kimə "can deyir? Mən əsəbiləşəndə "Allah məni öldürsün deyirəm. Görün, bu sözü mən deyirəmsə, qarşımdakı mənə nələr deyir?! (gülür). Qısası, güzəştə getmək lazımdır.

-Elə sizin qayınananız "5 gəlin verilişində iştirak edir, hökmlü bir qadın obrazını canlandırır.

- Bir söz deyim ki, ən zəhmli və hökmlü insanların zəif məqamı var. Zəif məqamı tutan zaman hər şey qaydasında olur. Qayınanamın özünə görə sərtliyi və zəhimliyi var. Amma ilk işim onlar gələndə qayınanamın istəyinə uyğun addım atmağımdır. Sonra başa düşdüm ki, onun istək və arzuları elə mənim də ürəyimcədir. Onunla can deyib, can eşidirik. 14 il bir evdə yaşamışıq, mənə gözünün üstündə qaşın var deməyib. Yeri gələndə məni balalarından çox istəyir.