Ali Baş Komandan: “Əsgərlərə yaxşı baxın, onları yaxşı yedirdin” - FOTOLAR

11 Yanvar 2017 [22:43]


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun "N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Məlumat verildi ki, burada əsgər yataqxanası, Əsgəri-Məişət Kompleksi inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb, abadlıq-quruculuq işləri aparılıb.

Dövlətimizin başçısı əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu. 900 yerlik yataqxanada əsgərlərin istirahəti üçün hərtərəfli şərait var. Üçmərtəbəli bina müasir səviyyədə yaradılıb. Ümumi sahəsi 4 min kvadratmetr olan yataqxana bütün zəruri avadanlıqla təchiz edilib. Binada ümumi sahəsi 800 kvadratmetr olan 24 otaq var. Bir sözlə, burada yaradılan şərait dövlətimiz tərəfindən əsgər və zabitlərin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir.

Məlumat verildi ki, hərbi hissədə hamam kompleksi də yaradılıb. Ümumi sahəsi 272 kvadratmetr olan bu kompleksdən 1 saat ərzində 172 hərbçi istifadə edə bilər. Hərbi hissədəki Əsgəri-Məişət Kompleksinin ümumi sahəsi 6172 kvadratmetrdir. Binada poçt xidmətləri üçün otaq, mağaza və çay evi də hərbi qulluqçuların ixtiyarına veriləcək.

Kompleksdə 1000 yerlik 2, 500 yerlik 1 və 250 yerlik 2 yemək salonu var. Ümumilikdə, burada eyni vaxtda 3000 hərbçi qidalana bilər.

Prezident İlham Əliyev burada qida məhsullarına baxdı, aşpazlarla söhbət etdi.

Prezident İlham Əliyev:Çox gözəl şərait yaradılıb.

Vasif Talıbov:Yaratdığınız şəraitə görə Sizə minnətdarlıq edirik. İşçilərin hamısı mülki vətəndaşlardır.

Prezident İlham Əliyev:Bəli, əvvəllər əsgərlər yemək bişirirdilər. O da dadlı deyildi. İndi isə iş yerləri yaradılıb, yerli vətəndaşlar, qadınlar üçün. Yaxşı yeməklər bişirirsiniz, əsgərlərə də yaxşı baxırsınız.

Vasif Talıbov:Sizin tapşırığınızdan sonra 6 minə yaxın mülki vətəndaş, gizir, müddətdən artıq xidmət edən hərbi qulluqçu işə qəbul olunub.

Prezident İlham Əliyev:Çox yaxşı. Bu, yeni iş yerlərinin yaradılmasıdır, xüsusilə qadınlar üçün. Əsgərlər də öz xidməti işləri ilə məşğul olacaqlar.

Vasif Talıbov:Yeməyin də keyfiyyəti yaxşılaşıb. İndi əvvəlki illərlə müqayisədə demək olar ki, tullantı yoxdur.

Prezident İlham Əliyev:İndi hamısını yeyirlər. Xoşlarına gəlir, ona görə. Sağ olun. Sizə uğurlar arzulayıram.

Aşpaz Gülarə Qurbanova:Cənab Ali Baş Komandan, Sizin gəlişinizə çox şadıq. Sizə öz minnətdarlığımızı bildiririk. Gün o gün olsun, belə hərbi hissələr Qarabağda, Laçında, Şuşada salınsın, biz də orada əsgərlərimizə qulluq edək. Sizə bir daha uzun ömür, cansağlığı arzulayıram.

Prezident İlham Əliyev:Çox sağ olun. Sizə də uğurlar arzulayıram. Əsgərlərə yaxşı baxın, onları yaxşı yedirdin ki, onlar daha da möhkəm olsunlar, Vətəni daha da yaxşı qorusunlar.

Aşpaz qadınlar:Minnətdarıq. Sizin sayənizdə belə gözəl şəraitdə yaşayırıq. Allah Sizin ömrünüzü uzun eləsin. Daim Azərbaycanın başının üstündə olasınız.

Prezident İlham Əliyev:Sağ olun.
















SON XƏBƏRLƏR davamı
2017-11-18
2017-11-17










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)