Salyan rayonunda qətl törətməkdə təqsirləndirilən keçmiş polis əməkdaşının hansı ölkədə gizləndiyi məlum olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, 2015-ci ilin noyabrında Elçin Qasımov adlı şəxsi qətlə yetirərək həyətində basdırmaqda şübhəli bilinən Rövşən Cavadovun Macarıstanın Budapeşt şəhərində gizləndiyi müəyyən olunub.

Hazırda Azərbaycanın hüquq-mühafizə orqanları həmin ölkənin aidiyyəti qurumları ilə onun saxlanılması istiqamətində danışıqlar aparır.

Qeyd edək ki, Salyan rayonunda 2015-ci ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb.
Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Salyan rayon Polis Şöbəsindən bildirilib ki, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R. Cavadov E. Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.
R. Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır.
E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.

Bir neçə gün əvvəl R. Cavadovun hərbi xidmətdə olan oğlu Ağacavad Cavadzadə ordudan geri çağırılaraq həbs edilib. O Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirilir.