Argentinanın paytaxtı Buenos-Ayresdən 30 km məsafədə yerləşən Tiqre şəhərində dörd silahlı cinayətkar yarım dəqiqə ərzində bank şöbəsini qarət edib.

Unikal.org-un TASS-a istinadla verdiyi xəbərə görə, cinayətkarlar 750 min peso (47 min ABŞ dollar) aparıblar.

Müşahidə kamerasının çəkdiyi videoyazıda maskalı iki şəxsin "Mercedes-Benz" avtomobilindən düşdüyü və bankın şüşə qapısını çəkiclə sındırdığı görünür. Tüfənglə silahlanmış daha iki cinayətkar həmin vaxt maşında olub.

14 saniyədən sonra qarətçilər binadan hücum anında bankomatlara yüklənən üç kasset pulla çıxıblar və avtomobilə əyləşiblər.

Soyğun ümumilikdə 24 saniyə çəkib. Cinayətkarlardan birinin maşının yanında düşən əşyanı götürməsi üçün daha 6 saniyə tələb olunub.

Soyğunçular qarət zamanı bir dəfə belə olsun, atəş açmayıblar.

Polis hazırda hadisəni araşdırır.

Məlumata əsasən, cinayətkarlar qarət yerinə gəldikləri avtomobili bankdan bir neçə km məsafədə atıblar və digər maşınla uzaqlaşıblar.