Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərovun səhhəti pisləşib.

Unikal.org  xəbər verir ki, bu barədə azvision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Onun sözlərinə görə, babası hazırda həkim nəzarətindədir.

"On gün idi ki, babam atamın adını çəkib, hönkür-hönkür ağlayırdı. Deyirdi ki, Dilqəmin vəziyyəti ağırdır, onu görmək istəyirəm. Artıq üç gündür ki, babamın vəziyyəti ağırdır. Həkimlər onun iflic olduğunu deyirlər. Əli, bədənin bir hissəsi hərəkətsiz vəziyyətdədir. O artıq danışdıqlarımızı da eşitmir. Hərdən atamın adını çəkir. Babam oğlunun yolunu gözləyir.

K.Əsgərov sonuncu dəfə atasından dekabr ayında məktub aldıqlarını deyib.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmənin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.