Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə davam etdirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Unikal.org xəbər verir ki, buna səbəb hakim Mirzə Xankişiyevin məhkəməyə gəlməməsi olub.

Belə ki, hakim M.Xankişiyevin səhhətində problem olduğu üçün məhkəməyə gəlməyib və onun bu günə təyin edilmiş bütün prosesləri qeryri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında M.Əhmədovun 9 il nüddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.
Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Ötən il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.