"20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə 20 Yanvar faciəsində əlil və şəhid olan ailələrin bəzi narazılıqları ilə bağlı Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədovla görüş keçirib.

Bu barədə Unikal.org-a açıqlamasında Cəmiyyətin sədri Sultan Əzimzadə bildirib.

O vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar faciəsində əlil və şəhid olan insanlara diqqət və qayğı bu gün də davam etdirilir: "Problemlərimizin olmasına baxmayaraq, biz səsimizi yenə də dövlət başçısına çatdıra bilmirik. Lakin, mən bir həftə öncə hörmətli Əli Əhmədovla görüşdüm və həmin problem və məsələləri onun diqqətinə çatdırdım.
S.Əzimzadə diqqətə çatdırıb ki, həkim ekspert komissiyaları tərəfindən 20 Yanvar əlillərinə verilən sənədlərdə anormallıq var:
"20 Yanvar əlilləri bu gün əlillik pensiyası və "Prezident təqaüdünü alırlar. Amma həkim ekspert komissiyaları tərəfindən onlara verilən sənədlərdə anormallıq var. Məsələn, xəstəxanadan verilən sənəddə yazılıb ki, faciə zamanı şəxs qarın nayihəsini dəlib keçən güllə yarası alıb, amma əlillik sənədində əmək zədəsi qeyd olunur. Yaxud sənəddə 20 Yanvar hadisələri ilə əlaqədar əmək zədəsi və yaxud əmək xəsarəti kimi öz əksini tapır. Bütün 20 Yanvar əlilləri bu sənəddə olan statusu özlərinə qarşı təhqir hesab edirlər.
Azərbaycan prezidenti tərəfindən "20 Yanvar şəhidi fəxri adı təsis olunub. Bu adı alan insanların ailəsinə 300 manat prezident təqaüdü verilir. Həmin fərmanda yazılır ki, 20 Yanvar hadisələri zamanı Azərbaycan Respublikasının mütəqilliyi, azadlığı və konustitusiya quruluşu uğrunda həlak olmuş şəxslər 20 yanvar şəhidi hesab olunurlar.
Çox maraqlı bir sual ortalığa çıxır. Əgər bu insanlar Azərbaycan Respublikasının mütəqilliyi, azadlığı və konustitusiya quurluşu uğrunda şəhid olmuş şəxslərdirlərsə, necə olur ki, onlar əmək zədəsi almış insan kimi dövlət qeydiyyatından keçirilir.
Məmmədova Larisa 20 Yanvar hadisələri zamanı şəhid olub. Atası Məmmədov Fərman yaralanıb. Övlad Azərbaycan Respublikasının mütəqilliyi, azadlığı və konustitusiya quruluşu uğrunda şəhid olmuş şəxs hesab olunur, atasının sənədində isə əmək zədəsi yazılır. Məmmədov Məmməd Yarməmməd oğlu bu hadisə zamanı şəhid, qardaşı Məmmədov Sabir Yarməmməd oğlu isə əlil olub. Eynilə onun da sənədinə də bu cür anormal məsələ ortalığa çıxır.
Təşkilat sədrinin fikrincə bu məsələ ilk növbədə Milli Məclis tərəfindən qəbul olunan qanunların şikəst bir formada ortalığa qoyulmasından irəli gəlir: "Mən 20-25 millət vəkili ilə görüşmüşəm. Bütün bu sənədləri təqdim etmişəm. Onlar özləri də bundan heyrətə gəliblər. Bir sözlə, Əli müəllimlə görüşümdə bu məsələ ilə bağlı 206 nəfər 20 Yanvar əlilinin müraciətini bir daha onun diqqətinə çatdırdım. O da, mənə söz verdi ki, problemi diqqətdə saxlayacaq. Bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müzakirə olunacaq və bunun maliyyə tutumu da araşdırılacaq.
Mən də öz növbəmdə Əli müəllimin diqqətinə bu məsələnin həllində heç bir maliyyə mənbəyinə ehtiyac olmadığını çatdırdım. 20 Yanvar əlili bu gün Qarabağ əlilinin aldığı miqdarda pensiya alır, onlarla bərabər prezident təqaüdü, mənzil, avtomobillə təmin olunur. Sadcə bu insanlara ən çox təsir edən məsələ bundan ibarətdir ki, onlar Azərbaycan Respublikasının mütəqilliyi, azadlığı və konustitusiya qurluşu uğrunda əlil olduqları halda, niyə sənədlərində əmək zədəsi qeyd olunur? İsətəyimiz konkret olaraq ondan ibarət oldu ki, Milli Məclis tərəfindən qanuna əlavə və dəyişikliklər edilsin. Bütün bu məsələlərlə bağlı Əli Əhmədov köməklik göstərəcəyini söz verdi. Nazir müavini eyni zamanda məsələ ilə bağlı öz təəcübünü də gizlətmədi.

Amid Əyyuboğlu