Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Unikal.org xəbər verir ki, Prosesə hakim Rahib Salmanov sədrlik edib. Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov çıxış edərək müdafiə etdiyi şəxsin səhlənkarlığın qurbanı olduğunu, zərərçəkmişlərə dəymiş ziyanın bir hissəsinin ödənildiyini bildirib. Həmçinin vəkil məhkəmədən müvəkkilinin atasının xidmətlərini nəzərə almağı da xahiş edib.

Daha sonra zərərçəkmiş Kamran Əlizadə məhkəməyə gəlmədiyinə görə onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə prosesi yanvarın 30-a kimi təxirə salınıb.

Qeyd edək ki, Ə.Kərimzadə tanınmış yazıçı Fərman Kərimzadənin oğludur. 3 saylı hüquq məsləhətxanasında vəkil kimi fəaliyyət göstərən Ə.Kərimzadə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Cinayət işinin materiallarına görə, Ə.Kərimzadə dörd nəfəri aldadıb, onların ümumilikdə 60 min manata yaxın pulunu alıb qaytarmayıb.

Təqsirləndirilən Ə.Kərimzadə ona elan olunan ittihamları qəbul etməyib.

Ə.Kərimzadə bundan əvvəl də dələduzluğa görə məhkum edilib. O, 2012-ci ilin yayında Elçin Muradov adlı şəxsin şikayəti əsasında həbs olunmuşdu. E.Muradov şikayətində göstərmişdi ki, Əziz Kərimzadə özünü vəkil kimi təqdim edib və onun 12 min manatını mənimsəyib. Ə.Kərimzadə həmin iş üzrə tanışı Azər Qurbanovla birlikdə mühakimə olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsi dəymiş ziyanı ödədiklərini əsas götürüb, onları şərti cəza ilə azadlığa buraxmışdı. virtualaz.org