MTN generalı Akif Çovdarovun işi üzrə zərərçəkmiş, başqa bir iş üzrə - şair Gülağa Tənhaya qarşı dələduzluqda təqsirləndirilən "Real MTKnın təsisçisi və rəhbəri İlham Qasımov birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmə baxışı febralın 2-ə təyin edilib.

Qeyd edək ki, İ.Qasımov bu ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ.Qasımova 19,5 milyon dollar verdiyini deyib.

Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şirkət rəhbəri apellyasiya şikayəti verib