Ümid Partiyasının sədri İqbal Ağazadə azərbaycanlı jurnalist Anar Həsənovun Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova sual verməsi ətrafında yaranan qalmaqal və digər maraqlı məsələlərlə bağlı Unikal.org-a müsahibə verib. O, Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası üçün imzaladığı sərəncamla bağlı fikirlərini bölüşüb.

-İqbal bəy, istərdim partiya sədri olaraq jurnalist Anar Həsənov ətrafında yaranan qalmaqala münasibət bildirəsiniz. Kim haqlıdır və ya haqsızdır?

-Jurnalist sual verməkdə azaddır. Kimsə onun qıcıqlandırıcı sual verdiyini düşünə bilər. Jurnalistin vəzifəsi tərəflərdən birini hər hansı bir məsələ barəsində mövqeyini açıq və net təsbit etməsi üçün sual verməkdən ibarətdir. Anar Həsənov da vəzifəsini yerinə yetirib. Cavabı verən Lavrovdur. Rusiyanın XİN rəhbəri sussaydı belə, bu, onun Qarbağ haqqında mövqeyini ifadə etməsi kimi qəbul olunacaqdı. Adam çox rahat şəkildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikrini ifadə edib. Bu, Rusiya xarici işlər naziri səviyyəsində Rusiyanın mövqeyidir. Jurnalistə minnətdar olmalıdırlar ki, indiyə qədər pərdələnmiş, qapalı olan bir mövqeyi açıb ortaya qoydurub.

-Anar Həsənov partiyanıza üzv olmaq istəsə, onu hər hansı bir yüksək posta təyin edərsiniz?

-Bizim partiyada üzvlük açıqdır. Müraciət edəcəksə, təşkilati məsələlər üzrə müavin, təşkilat şöbəsi bunu dəyərləndirəcək və üzv edəcək. Onun hansı mövqeni müdafiə etməsi məsələnin ikinci tərəfidir. Partiyanın nizamanaməsini, məram və məqsədlərini qəbul edirsə, niyə də olmasın.

-Deputat Araz Əlizadə məsələ ilə bağlı fikirlərini açıqlayarkən deyib ki, jurnalist ağzının danışığını bilməyib və siyasi səhvə yol verib...

-Jurnalist siyasətçi deyil ki, siyasi səhvə yol versin. Jurnalist istədiyi sualı ünvanlamaqda azaddır. Siyasətçinin verdiyi cavab siyasi səhv olub, münasibətlərə xələl gətirə bilər. Misalçün mən sual verirəm ki, hörmətli "Unikal qəzeti, Siz İqbal Ağazadə ilə düşmənsiniz? Sizin verə biləcəyiniz cavab mənim sualımın mahiyyətini ya sıfra endirəcək, ya da təsdiq edəcək.
Kim indiyə qədər Rusiya ilə bağlı özünü aldadırdısa, jurnalistə minnətdar olmalıdır ki, onların gözünü açdı. Lavrov açıq şəkildə özü etiraf edib ki, "biz sizin ümidlərinizi doğrultmayacağıq.

-Partiya sədri və siyasətçi kimi bundan sonra münaqişənin həlli yolunu nədə görürsünüz?

-Dağlıq Qarabağ münaqişəsinin həlli yolu bizim üçün bir konsepsiyadır. Bu, uzun müddət mətbuatda müzakirə olunub. Bu konsepsiyanı bir cümlədə və müsahibədə ifadə etmək mümkün deyil. İstədiyiniz zaman partiyanın ofisində bununla bağlı danışa bilərəm.

-Prezident işğaldan azad olunan Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası üçün pul ayırdı. Bu sərəncamı necə qiymətləndirirsiniz?

-İşğaldan azad olunmuş və yaxud da düşmənin təmas xəttindən uzaqda olan bir ərazi varsa, ora bərpa olunmalı və insanlarımız burada yaşamalıdırlar. Eyni zamanda, onların təhlükəsizliyi də təmin olunmalıdır. Dövlətin vəzifəsi budur.

Həsən Babayev