Azərbaycan millisi 2017-ci ildə ilk görüşünü Qətərə qarşı keçirəcək. 

Unikal.org-un məlumatına görə, martın 9-da baş tutacaq oyun Asiya təmsilçisi ilə ikinci duelimiz olacaq.

Komandamız bu rəqiblə ilk dəfə 4 il öncə qarşılaşıb. DÇ-2014-ün Portuqaliya ilə Bakıdakı seçmə matçından sonra yığmamız 0:2 hesablı məğlubiyyəti unutmaq üçün Ərəbistan yarımadasına yollanmışdı.

Almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Dohadakı yoxlama oyununa 2013-cü il mayın 29-da çıxıb. 1380 gündən sonra Qətər paytaxtında meydana çıxacaq komandamız bu dəfə qalib gəlməyə çalışacaq. 4 il öncə isə millimiz 1:1 hesablı bərabərliyə razılaşmışdı.

Yığmamızın 67 rəqibindən biri olan Qətər millisinin gücünə gəlincə, asiyalılar FİFA reytinqinə əsasən komandamızdan ciddi fərqlənmir. Yanvarın 12-də açıqlanan son siyahıda onlar planetin 85-ci yığması olub. Millimiz isə həmin cədvəldə 90-cı olub.

Tarixi boyu DÇ-nin final mərhələsinə yüksələ bilməyən yığma 2022-ci ildə mundialın iştirakçısı olacaq. Rəqibimiz bunu meydan sahibi kimi gerçəkləşdirəcək. Çünki asiyalılar 5 ildən sonra DÇ-yə ev sahibliyi edəcək. Rəqibimiz 2006-cı ildə Asiya Oyunları, 2014-cü ildə Qərbi Asiya çempionatı, 1992, 2004 və 2014-cü illərdə Körfəz kubokunun qalibi olub.