Buzlu yollarda sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə İsmayıllıda Baş Dövlət Yol Polisinin əməkdaşları maarifləndirici reyd keçirib.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, yol polisləri tərəfindən yolda qalan sürücülərə köməklik göstərilib, avtomobillərin texniki nasazlığı yoxlanılıb.

Sürücülərə şaxtalı hava şəraitində avtomobillərində təkərlərə zəncirlərin taxılması, şüşə silgəclərinin və şüşə yuyanların, xarici işıq cihazlarının işlək vəziyyətdə olması tövsiyyə edilib. Mövsümə hazırlıqsız maşınlar Muğanlı-İsmayıllı dolaylarına buraxılmayıb. Eləcə də 9 Saylı Yol İstismar İdarəsinin texnika və işçi qüvvəsi avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə dolaylara cəlb olunub.

Yolun hərəkət hissəsi qardan təmizlənib, qum və duz səpilib. Hazırda gediş-gəlişdə heç bir problem yaşanmır. Qarın fəsadlarının aradan qaldırılması üçün lazım olan bütün tədbirlər görülür. Lakin yol kənarlarındakı buzların əriməsi və axşama doğru temperaturun aşağı düşməsi nəticəsində yolların buz bağlayacağı ehtimalı nəzərə alınaraq sürücülərə ehtiyatlı olmaları tövsiyyə edilir.