Səmayə Məmmədova: "Mərc oyunlarına nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini tamamilə düzgün addım hesab edirik, nazirlik tərəfindən hansı işə dəstək lazımdırsa, biz bunu etməyə hazırıq"

Gənclər və idman nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Unikal.org-un suallarını cavablandırıb.

- Öncə ondan başlamaq istəyirəm ki, Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Öncə Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işləri nə yerdədir?

- Bakı bu ilin yayında, 17-19 iyun tarixlərində, ilk dəfə Formula 1 yarışına ev sahibliyi edəcək. Hazırlıqlar plana uyğun olaraq aparılır. İndiki mərhələdə Bakı Şəhər Halqasının keçəcəyi şəhərin mərkəzi küçələrinə artıq birinci asfalt qatı çəkilib. Novruz bayramı ərəfəsdində ikinci asfalt qatının çəkilişinə başlayacaq. Bu prosesin aprelin sonuna başa çatdırılması nəzərdə tutulub. Eyni zamanda Hökümət Evinin qarşısında Pit Binasının tikintisi davam etdirilir. Burada Yarışa Nəzarət Mərkəzi, komandaların avto-qarajları və Paddok Klubu yerləşəcək. Növbəti mərhələdə trekin ətrafında əvvəlcədən müəyyənləşdirilmiş yerlərdə tribunalar quraşdırılacaq və trek boyunca təhlükəsizlik baryerləri qoyulacaq. Onu qeyd edim ki, bu binalar müvəqqəti xarakter daşıyır, yarışdan sonra söküləcək və növbəti il yarışdan sonra həmin konstruksiyalar yenidən quraşdırılacaq.

Digər tərəfdən kadr hazırlığı istiqamətində görüləcək işlərin artıq böyük hissəsi həyata keçirilib. Avropa Qran Prisi zamanı 250-dək daimi və müvəqqəti işçiyə, 5 min qədər könüllü və 1300-dək (bunun 300-ü xarici ölkələrdən gələcək marşallardır) marşal cəlb oluncaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti işçi heyətinin böyük əksəriyyətini artıq prosesə cəlb edib və onların əksəriyyəti Avropa Oyunları zamanı təcrübə toplayan yerli mütəxəssislərdir. Bu arada onu xüsusi olaraq vurğulamaq istərdim ki, Könüllülük və Marşal proqramına tələb olunandan dəfələrlə çox müraciət daxil olub. Belə ki, indiyədək 5 min yerlik Könüllülük proqramına 13 mindən çox könüllü müraciət edib. Yerli marşallar üçün nəzərdə tutulan 1000 yerlik Marşal proqramına 4 min 500 nəfər qeydiyyatdan keçib. Hal-hazırda hər iki proqrama müraciət edənlər üçün müsahibələr keçirilir. Bu mərhələdən uğurla keçən namizədlər vəzifə təyinatları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunacaqlar.m 

- Ümumiyyətlə, bu yarışın ölkəmizdə keçirilməsi Azərbaycan üçün hansı müsbət dividentlər gətirir, hansı perspektivlər vəd edir?

- Azərbaycan son illər beynəlxalq tədbirlərə, o cümlədən iri miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu il ilk dəfədir ki, Bakıda Formula 1 üzrə 2016-cı il mövsümünün 8-ci yarışı olan Avropa Qran Prisi keçiriləcək. Bu yarış elit avto-idman yarışlarından ən məşhurudur. Dünyanın hər yerində Formula 1-in geniş azarkeş kütləsi var. Onlar yarışların keçirildiyi şəhərlərə səfər edərək Qran Pri yarışlarının yerində canlı olaraq izləyirlər. Bu baxımdan hesab edirik ki, yarış ərəfəsində Bakıya minlərlə turist gələcək. Bu, ölkədə turizm sektorunun inkişafına müsbət təsir göstərəcək.

Əldə olan məlumata görə, artıq yarışın keçiriləcəyi günlərdə Bakıda olan otellərin doluluq səviyyəsi 65 %-ə çatıb. Ölkəyə turist axınının gəlməsi həm nəqliyyat sektorunda, həm mehmanxana, həm də turizmlə ilə bağlı olan digər ictimai-iaşə obyektlərində iqtisadi canlanmaya səbəb olacaq. Ümumiyyətlə turizm sektorunun inkişafı uzun müddətli prosesdir. Bu baxımdan biz də öz növbəmizdə çalışırıq ki, ən azından beş ardıcıl il ərzində Bakıda Formula 1 yarışını keçirməklə ölkədə turizmin inkişafına öz töhfəmizi verək.

Bundan başqa, Formula 1 yarışların 187 ölkədə televiziya vasitəsilə yayımlanır və yarış mövsümü ərzində 500 milyondan çox tamaşaçı televiziyadan Qran Pri yarışlarını canlı izləyirlər. Bu özlüyündə çox böyük azarkeş kütləsini əhatə edir. Biz Formula 1 yarışını Bakıda keçirməklə bütün dünyaya Bakı şəhərini və ümumilikdə Azərbaycanı yüksək səviyyədə tanıtmaq imkanı əldə edəcəyik.

Digər tərəfdən, belə yarışların həyata keçirilməsi üçün böyük işçi qüvvəsinə ehtiyac duyulur. Ötən il keçirilən Avropa Oyunları ilə biz ölkədə könüllülük fəaliyyətinin əsasını qoymuşuq və bu ənənə daha güclü formada Avropa Qran Prisi ilə davam etdirilir. Eyni zamanda iri miqyaslı idman yarışlarında işləyəcək, müvafiq bilik, təcrübə və bacarığa sahib yerli kadrların yetişdirilməsinə çalışırıq. Ümumi mənada Avropa Qran Prisi bu baxımdan həm yeni təcrübə qazandıracaq, həm də yeni iş yerləri açmaqla ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərəcək.

- İqtisadi böhran başlayandan bəri cəmiyyətdən mesajlar gəlir ki, belə bir yarışın keçirilməsi əlavə xərcdir. Hətta bəziləri təşkilatçılıqdan imtina etməyimizi belə təklif edirlər. Bu barədə nə düşünürsünüz?

- Formula 1 yarışının Bakıda keçirilməsi Azərbaycanda turizm sektorunun uzun müddətli inkişafına və ölkənin beynəlxalq aləmdə daha yaxından tanınmasına öz töhfəsini verəcək. Qeyd etdiyim kimi, Avropa Qran Prisi ölkəyə minlərlə turist gətirəcək və bu yarış sayəsində paytaxtımız regionun ən yüksək turizm potensialına sahib şəhərinə çevriləcək.

Digər Formula 1 Qran Prilərinin təcrübəsi göstərir ki, biletlərin 40%-ə qədəri xaricdən alınır və yarış günləri ərəfəsində otellərdə yerlərin 90%-i dolur. Eyni zamanda minlərlə turistin Bakıya səfər etməsi digər sahələrin, xüsusilə də xidmət, ictimai-iaşə, nəqliyyat, bank sektoru kimi sahələr üçün də əlavə gəlir mənbələri yaradacaq.

Formula 1 yarışının Bakıda keçirilməsi ölkəyə iqtisadi faydaları ilə yanaşı digər faydalar da gətirəcək. Belə ki, Azərbaycan Formula 1 azarkeşlərinin gözü ilə daha geniş miqyasda bütün dünya ictimaiyyətinə tanıdılacaq. Ölkəmizin adı Formula 1 yarışına ev sahibliyi edən dünyanın ən qabaqcıl ölkələri ilə eyni sırada hallanacaq.

Digər tərəfdən, bu yarışlar sayəsində idman sektoru üzrə ixtisaslaşmış gənc kadrlar yetişir. Bu sahədə olan beynəlxalq təcrübəni ölkəmizə gətiririk. Yarışların keçirilməsində böyük təcrübə qazanan yerli kadrlar gələcəkdə başqa ölkələrdə keçirilən oxşar yarışlarda işləmək imkanı əldə edə biləcəklər.

Ümumiyyətlə, Formula 1 yarışının Bakıda keçirilməsi ölkəyə müxtəlif istiqamətlər üzrə uzun müddətli faydalar gətirəcək. Biz bu yarışın Azərbaycanda keçirilməsinə ölkəmizin beynəlxalq aləmdə daha yaxşı tanınmasına verəcəyi faydalar baxımından əvəzolunmaz fürsət kimi yanaşırıq və ümid edirik ki, qarşıdakı illər ərzində bunun bəhrəsinə şahid olacağıq.

- Hazırda ölkədə yürüdülən gənclər siyasəti barədə fikirlərinizi öyrənmək istərdik. Azərbaycan gəncliyinin inkişafı yönündə dövlət tərəfindən həyata keçirilən tədbirləri qənaətbəxş saymaq olarmı?

- Hal-hazırda respublikamızda 35 "Gənclər evi və mərkəzi" fəaliyyət göstərir. Bu il Tovuz rayonunda yeni "Gənclər evi" istifadəyə verildi və qarşıda Binəqədi rayonu, Şirvan rayonu və Gəncə şəhərində yeni "Gənclər evi" nin istifadəyə verilməsi nəzərdə tutulub. Hal hazırda Şəki və Şirvan şəhərlərində, Bərdə, Quba, Şamaxırayonlarında "Gənclər evi"nin tikinti işlərini davam etdirir. 2010-cu idən bu vaxta qədər Gənclər və idman nazirliyinin xətti ilə tikilib istifadəyə verilmiş 11 "Gənclər evi"nin tikintisi (buraya açılışı nəzərdə tutulan Binəqədi rayon Gənclər evi də daxildir) üçün 11 .101 .600 (11 milyon 101 min 600 manat) vəsait xərclənmişdir.

Dövlət tərəfindən həyata keçirilən tədbirlər haqda söz açarkən vurğulamaq yerinə düşər ki, "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə" Dövlət Proqramının icrasına 8.374.285 manat, 2011-2015-ci illərdə Dövlət Proqramı üçün isə 59 956 735 manat məbləğində maliyyə vəsaiti ayrılmışdır. Bunula yanaşı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icra müddəti ərzində 675 tədbir həyata keçirilmişdir, onlardan 554 respublikadaxili, 121 isə beynəlxalq tədbir olmuşdur.

"2016-2020-ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramı" nın layihəsi nazirliyimiz tərəfindən hazırlanməş və təsdiq üçün hökumətə göndərilmişdir. Ümumiyyətlə qeyd etmək yerinə düşər ki, hər iki dövlət proqramının və digər gənclərlə bağlı normativ sənədlərin hazırlanması mövcud ənənələrə görə dəfələrlə ictimai müzakirələrə çıxarılır, gənclərin ideya və təşəbbüsləri, qaldırdıqları məsələlər ümumiləşdirilir, təhlil olunur və artıq müvafiq bəndlər şəkilində sənəd layihələrində əks olunduqdan sonra aidiyyəti üzrə dövlət qurumlarına razılaşdırılması üçün təqdim edilir. Dövlət proqramları qəbul edildikdən sonra isə onların icrasına gənclər özləri bilavasitə cəlb olunur. Xüsusilə də gənclərin iştirakı ilə proqramların icrasına ictimai nəzarət təmin edilir.

 

Xüsusi ilə qeyd etmək yerinə düşər ki, həyata keçirilən layihələr, xərclənmiş dövlət vəsaiti haqqında mütəmadi olaraq ictimaiyyətə məlumat verilir. Dövlət proqramlarının istiqamətləri üzrə həyata keçirilmiş fəaliyyətlər gənclərimizin inkişafına müsbət təsirini göstərmişdir. Proqramların icrası nəticəsində gənclər siyasəti sahəsində qanunvericilik təkmilləşdirilmiş, maddi-texniki baza gücləndirilmiş, müvafiq infrastruktur formalaşdırılmış və gənclərin potensialının reallaşdırılmasına münbit şərait yaradılmışdır. Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində dövrün tələblərinə müvafiq yeni layihələr ("Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfranslar, "Tarixin canlı səhifələri" adlı festivallar, "Azərbaycan doğma diyarımdır" adlı tematik düşərgələr və s.) həyata keçirilmişdir. Azərbaycan tarixinin və mədəni irsinin gənclər arasında təbliğ edilməsi məqsədilə, eyni zamanda onların intellektual inkişafına yönəlmiş, həmçinin gənclərə iqtisadi biliklər verən və məlumatlılığın artırılmasına xidmət edən bir sıra televiziya layihələrinə ("Mən Azərbaycanlıyam", "Breyn-rinq", "Xəmsə", "Müasir Azərbaycan Gənci", "İdeya Qazandı" və s.) dəstək verilmişdir. Dövlət proqramlarının nəticələrindən biri də gənclərin qərarvermə proseslərində işin artırılması və xüsusilə də regionlarda gənclərin ictimai fəallaşmasıdır. Gənclərin elmə həvəsləndirilməsi məqsədi ilə davamlı olaraq 2012-ci ildən başlayaraq hər il "İstedadların hazırlığı laboratoriyası" çərçivəsində 5 mindən artıq məktəbli riyaziyyat, fizika və kimya fənni üzrə olimpiadalarda iştirak edib.

Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərinin təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2013-cü il tarixli Fərmanı ilə "Gənclər üçün Prezident Mükafatı" təsis edilmiş və 2014-2016 illərdə mükafat 18 ən layiqli gəncə təqdim edilmişdir. Bununla yanaşı olaraq, Gənclər və İdman Nazirliyi tərəfindən hər il yaradıcı və istedadlı gənclərə xüsusi mükafatlar təqdim olunur. Dövlət Proqramının icrası çərçivəsində Azərbaycan Gənclər Fondunun yaradılması, gənclər təşkilatlarının və fərdi gənclərin layihələrinin maliyyələşdirilməsi uğurlu nümunə kimi göstərilə bilər. Bugünə qədər Fond tərəfindən 2333 layihə maliyyələşdirilmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən 2011 – 2015-ci illər ərzində gənclər təşkilatlarının 542 layihəsi dəstəklənmişdir.

- Bundan sonra idman mərc oyunlarına nəzarət qeyd olunan müvafiq icra qurumundan alınaraq yeni yaradılmış Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Artıq bununla bağlı qanun layihəsi müzakirədədir. Bu dəyişikliyi necə qiymətləndirirsiniz?

- Mərc oyunlarına nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini tamamilə düzgün addım hesab edirik. "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisə dünən təqdim olunub: "Bununla tamamilə razıyıq. Nazirlik tərəfindən hansı işə dəstək lazımdırsa, biz bunu etməyə hazırıq.

- Son dövrlər Gənclər və İdman Nazirliyinin fəaliyyətində neqativ halların olduğu, bəzi layihələrin icrasında yeyintilərə yol verilməsi ilə bağlı da fikirlər səslənir. Bu kimi ittihamlar nə dərəcədə əsaslıdır?

- Sizin bu fikrinizlə razı deyiləm. Hər dəfə mətbuat nümayəndələri üçün keçirilən mətbuat konfransları zamanı nazir Azad Rəhimov tərəfindən xərclənən maliyyə vəsaiti haqda geniş və dolğun məlumat verilir. Eyni zamanda, Hesablama Palatasının digər Dövlət Qurumlarında olduğu kimi, Gənclər və İdman nazirliyində apardığı yoxlamar da tam təfərrüatı ilə qurumun internet səhifəsində yerləşdirilir.

 

Z.Məmmədli