"Beynəlxalq zənglərin qiymətində Tarif Şurası tərəfindən heç bir dəyişiklik edilməyib.

Unikal.org xəbər verir ki, bunu Publika.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. Onun sözlərinə görə, mətbuatda beynəlxalq zənglərin qiymətinin dəyişərək 0,32 AZN/dəq təşkil edəcəyi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir: 

"Beynəlxalq zənglərin qiyməti ilə bağlı sonuncu qərar 2014-cü il yanvarın 1-də qüvvəyə minib. Həmin tarixdən beynəlxalq zənglərin dəqiqəsi 0.32 AZN müəyyən edilib. Həmin qərara qədər beynəlxalq zənglər 3 zonaya bölünmüşdü. Zonaya görə dəqiqəsi 0.36, 0.45 və 0.54 AZN idi. Lakin sonuncu dəyişiklikdən sonra standart qiymət müəyyən edilib.

Yayılmış xəbərlə bağlı "Bakcell şirkətindən bildirdilər ki, qiymətlərdə heç bir dəyişiklik yoxdur: "Sadəcə bəzi koorparativ tariflərdə beynəlxalq zənglərin qiyməti fərqli idi. Lakin həmin güzəştli tariflər ləğv edildi. Artıq bütün abonentlər üçün beynəlxalq zənglər eyni qiymət dəqiqəsi 0.32 qəpikdən hesablanacaq. Ola bilər ki, bu barədə abonentlərə göndərdiyimiz mesajlar onlarda çaşqınlıq yaradıb.

Qeyd edək ki, mətbuatda, Tarif Şurası tərəfindən 14 fevral 2017-ci il tarixindən etibarən beynəlxalq zənglərin qiymətinin 0,32 AZN/dəq olması ilə bağlı qərar verildiyi barədə məlumat yayılıb.