"Hökumət tərəfindən qiymətlərin artmaması üçün vacib olan tədbirlər görülür".

Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov söyləyib. 

Ə.Əhmədov bildirib ki, bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik: 

"Hökumət tərəfindən qiymətlərin sürətlə artmaması üçün vacib olan tədbirlər görülür. Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsinin Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənaram. Amma hökumətin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın və bu, insanların həyat, yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Bu istiqamətdə də geniş proqram hazırlanır".

Baş nazirin müavini dərman çatışmazlığına münasibət bildirib: 

"Dərman çatışmazlığı ilə bağlı informasiyalar zaman-zaman bizə də gəlib çatır. Bununla bağlı operativ şəkildə reaksiya verilir."

O bildirib ki, dərman Azərbaycana əsasən idxal olunur: "Yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlanmasını istəyirik. O vaxta qədər idxalla hesablaşmalı olacağıq. Ona görə də müəyyən çətinliklərin yaranması halı müşahidə olunur. Amma kritik vəziyyət yoxdur, operativ şəkildə buna reaksiya verilir. Dərman bazarının lazımi dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır".

Baş nazirin müavini qeyd edib ki, dərman idxal edən şirkətlərin normal fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görülür: 

"Güman edirəm ki, hər hansı aptek təşkilatında bu və ya digər dərman vasitəsinin tapılması ilə bağlı çətinlik varsa, bu, bütövlükdə həmin dərman vasitələrinin Azərbaycanda olmaması qənaətinə gəlməyə əsas vermir. Digər apteklərdə həmin dərmanlar var. Ancaq bu gündən siqnal əsasında bir daha hansı dərman çatışmırsa, həmin məsələ ilə məşğul olmağa başlayacağıq.