Qəsdən adam öldürməyə cəhddə ittiham edilən Ayxan Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib. 

Unikal.org APA-yaistinadən xəbər verir ki, apellyasiya şikayəti üzrə ilkin baxış iclası fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək. İclasa hakim Abid Abdinbəyov sədrlik edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il fevralın 4-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində həyat yoldaşı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daha sonra A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. A. Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi təqdim olunan Sevinc Babayevanın oğludur.

Qeyd edək ki, işlə bağlı S.Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki klinikalardan birində ürək xəstəliyindən vəfat edib.